Laçının Təranəsi...- ƏDƏBİ TƏNQİD Featured

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Avtobusda “Azərbaycan” jurnalının 6-cı nömrəsini vərəqləyirəm. Hekayə oxumağa elə alışmışam ki, indi də gözüm birinci onları axtarır. Bir-iki hekayədən sonra istedadlı yazıçı Təranə Vahidin imzasını görürəm. Tez oxumağa başlayıram. İnanıram ki, onun yazılarından yenə də çoxlu mesaj gələcək, həqiqətlə üzbəüz dayanıb sevinəcəm, kədərlənəcəm... Həqiqətən də elə olur, Təranə Vahidin hekayələrinin havası bir başqadı. Necə deyərlər, bir oxuyub beş düşünürsən...

Avtobusdan düşüb qaça-qaça işə gəldim, dedim FB səhifəmdə təəssüratımı paylaşım, amma işim çox oldu, səhəri gün jurnalda Təranənin o biri hekayələrini də oxudum. Amma nədənsə yenə də qayıdıb birinci hekayənin üzərində dayandım.

“Çökəklikdəki uçurum və ya insanlığın qürub çağı, amöb və mən” hekayəsi o qədər canlıdır ki, adamı özünə çəkir. Sanki yüz qılıncın deyə bilmədiyini Təranənin qələmi söyləmişdi. Həm də elə söyləmişdi ki, biri mən olmaqla oxucunun, elə bil, ürəyindən tikan çıxarmışdı. Xeyirlə şər, işıqla qaranlıq, xeyirxahla bədxah, istedadsızla istedad, varlıyla kasıb, kobudla incə üz-üzə dayanmışdı... Hekayə məni elə tutdu ki, düşündüm təəssüratımı FB səhifəsində yox, bir yazıda paylaşım. Ürəyimdə yazıya ad da qoydum –“Laçının Təranəsi”.

Təranə Vahid bu hekayədə arzulardan yazmışdı. Arzular dil açıb danışmışdı:

“Yırtıcı çənəsini şaqqıldadıb ağzımı əydi, “qanad çalmışam, arzuma inanmışam”... Hansı arzuna? Sənin kimi milyonlarla, yox, yox milyardlarla qanad çalan quşbeyin, səfeh var! Boşuna ha qanadlan, ha uç, ha havalan, elə bilirsən zirvələr yolunu gözləyir? Bax o zirvələr var ha, dimdiyilə başımdan elə vurdu ki, gözümün qarası saat kəfkiri kimi o yana-bu yana getdi, onlar hamısı ucdantutma tutulub, heç bir dənə də boş yer yoxdur. Burdan elə get, dəyirmandan darı gedən kimi...”

Təranə Vahid hekayəsində bu günün insanını göz önünə gətirir. Özü də dünyanın o başındakını yox, öz içimizdə olan adamları; paxılları, xainləri, istedadsızları,bir sözlə,Vətən, insanlıq düşmənlərini.O adamları ki, nə var onların olan dünyada başqalarına yer yoxdu. Onlar adi, balaca bir işığın-insanın da yolunu kəsirlər, onu qanad açmağa qoymurlar. Ona görə ki, bax o balaca işıqdan qorxurlar...

“Olmaz, sənə olmaz, çökəklikdə ola-ola işıq saçırsan. Xəbərin var ki, dəniz səviyyəsindən min kilometrlərlə yuxarıda olanlar hamısı bombozdu?! Bu parıltın, fərəhin, işığınla işıqsızların ağlını qarışdırmaq istəyisən? Qayıt xarabana, hardan gəlmisən ora, bir də qarşıma çıxıb başımı xarab eləmə”, - dedi və məni dimdikləyib çökəkliyə atdı.

Təranənin “Dvar” adlı jurnaldakı ikinci hekayəsi də aktualdı. Bu il dövlətimiz tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”dir. Bu yaşıllığın, sağlamlığın, gözəlliyin, təmizliyin bayramı deməkdir. Təranə də bu yaşıllğa, gözəlliyə qənim olanlara hekayəsi ilə qənim olmaq istəyir və bu onda çox gözəl alınır. Yaşıllığı məhv edib yerində kefi istəyən qəsri ucaldan vətənsizlər, qarınotaranlar bir gün başında oturub adamlara yuxarıdan aşağı baxdığı dağ aşağı yuvarlananda çöl-çəmən də sevinir...

Təranə Vahid can dərmanı olan suyu, havası,gözəlliyi dilə-ağıza sığmayan və işğaldan azad edilməyi ilə yenidən dağlar qoynunda nur saçan doğma Laçın torpağındandır. Laçın işğal ediləndə Təranə tələbə idi. O da mənim kimi tikanların üstüylə o ağır günlərin, illərin içindən keçib gəldi... Elə buna görə də onun hekayələrində torpaq, yurd həsrəti daha canlı, daha düşündürücüdü. Müəllifin “Tapılmayan torpaq”hekayəsində Laçının işğalı, ümumiyyətlə, yurdundan didərgin düşən insanların ağrısı qələmlə ədəbi tariximizə həkk edilib. 

“Qaçaqaç düşəndə, acı rüzgar onu və ailəsini doğma torpaqlarından qoparanda qaçqınlıq dərdini artıq belinə şəlləmiş Qərib kişi bir ovuc yurd torpağını dəsmala büküb özüylə gətirmişdi. Öləndə o torpağın məzarına tökülməsini istəyirdi. Amma əziz bir nişanə, tutyatək qoruyub saxladığı bükülünü hara qoyduğunu unutmuşdu. Xəstəliyinin şiddətindən huşunu itirən, dili tutulan bu didərginin son arzusu da həyata keçmədi, yurd həsrəti ilə dünyadan köçdü. Dəsmala bükülmüş torpaq isə yoxa çıxmışdı”.

İllərdi torpaqlarımız, o cümlədən də Laçın düşmən tapdağında qalmışdı. O yurdun əzəli sakinləri ən böyük arzuları gözlərində yavaş-yavaş bu vəfasız dünyanı tərk edirdilər. Bütün bu ağrı-acılara isə Təranə Vahid biganə qala bilmir, canı-qanıyla yoğurub yapdığı hekayələrində başımıza gələn müsibətin qələmlə rəsmini çəkirdi:

 "Neçə illərdi ki, yağış yağır, neçə illərdi ki, ölüm komalardan, daxmalardan, qazmalardan adamları daşıyır, neçə illərdi ki, bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdi ki, yağışın altında Qəribin cənazəsi gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır..."

Gözlərin aydın olsun, Təranə Vahid!

Səni azad Laçında görəndə çox kövrəldim, elə indi bu sətirləri yazanda olduğu kimi…

Gözlərin aydın olsun, Laçının Təranəsi!

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.