Adamlar da köçəri quşlar kimidirlər – MURAD MURADOVUN XATİRƏSİNƏ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə gənc yaşlarında dünyadan köçmüş Murad Muradovun hekayəsini təqdim edəcəyik. Ön söz Təranə Vahidindir.

 

Adamlar köçəri quşlar kimi Yer üzündən uçub gedirdilər – Murad da getdi.

Gələcəyinə ən çox ümid bəslədiyimiz gənc yazıçı Murad Muradovu deyirəm...

Muradı həyatda görməmişəm, mesencerimə hekayələrini göndərmişdi, onu

sözlərindən, hekayələrindən, ədəbiyyata olan sonsuz sevgisindən tanıdım.

“Ulduz”da çap elədik, “Ulduz”un Ulduzu oldu, sevildi, qəbul olundu...

Amma, elə bil, heç nə onu xoşbəxt edə bilmirdi, darıxırdı, yerə-göyə

sığmırdı. Dünyaya Van Qoqun Günəşə baxdığı kimi baxırdı. Sanki axtardığı

həqiqəti tapmışdı.

Kulis.az saytında “Kərimin ördəkləri” hekayəsi yayımlanmışdı.

Mesencerimə: “Salam, Təranə xanım. Bu hekayəmi bəyənən çox oldu. Çox

istərdim, bu hekayəm “Ulduz”da olsun”, – yazmışdı.

Oldu. Təəssüf ki, bu sevinci yaşaya bilmədi.

Muradı “Bal köpüyü” kitabı, bir-birindən işıqlı hekayələri, bir də

xatirələriylə xatırlayacağıq.

Ruhu şad olsun!..

 

Murad MURADOV

 

KƏRİMİN ÖRDƏKLƏRİ

 

Günün ikinci yarısı saat beşdə telefonum zəng çalır.

– Bu gün axşam saat doqquzda görüşək?

Əvvəl istəyirəm deyim ki, bəlkə, qalsın? Amma demirəm. Könülsüz

razılaşıram.

Kərim ortaboylu, pota, qaraşın biridi. Biz uşaqlıq dostuyuq. Başını ülgüclə

qırxır. Hədsiz iri, yumru gözləri var. Danışanda tez-tez rusca söyüşlər işlədir. Eyni

vaxtda həm mədəni, həm də kobud olmağı bacarır.

Çox ləngiməyə gərək duymuram. Saat doqquzda görüş üçün seçdiyimiz

məkana gəlirəm. O artıq burdadı. Yeməkləri yaxşı olmasa da, bu restoranda içmək

bizdə artıq vərdişə çevrilib.

Zalın dərinliyindəki masalardan birinin arxasında əyləşirik. Müştəri əlindən

tərpənmək olmur. Hər kəs öz işindədi: dayanmadan şərab süzüb badə toqquşduran,

başını bulaya-bulaya öz-özünə nəsə danışan, yeyib doyduqdan sonra sağ ayağını

qatlayıb siqaret çəkən, təsbeh çevirən, sınıq-sınıq sözlər, yarımçıq-yarımçıq

cümlələr, stəkan səsləri…

Çöldəki soyuğa görə içərinin isti olması çox gözəldi. Mənim üçün isti hər

şeydən dəyərlidi. Hiss edirəm ki, o, mənə nəsə demək istəyir.

Menyunu masadan götürüb, mənə uzadır:

– Yemək seçməyə həvəsim yoxdu, xahiş edirəm, sən seç.

Məcbur qalıb başımın üstün kəsdirən ofisiantdan bizim üçün iki göbələkli

pitsa, bir şüşə də şərab gətirməyi xahiş edirəm. Ofisiant bir qədər sonra geri

qayıdıb sifariş etdiklərimizi masaya düzməyə başlayır. Yüksələn səs-küy Kərimi

öz fikir aləmindən ayırır.

– Səni and verirəm Allaha, mənə gülmə!..

Ona göz vurub, başımı yellədirəm. Kərim yaxşı bilir ki, ateistəm. And

verdiyinə inanmıram.

– Başıma çox qəribə bir iş gəlib.

– Nəylə bağlıdır? – deyə soruşuram.

– İki həftədi canımı alan qorxu səngimək bilmir. Yuxum da qaçıb. Çox vaxt

donmuş, gərgin və keyimiş oyanıram. Artıq evin içində o baş-bu başa gedə-gedə,

heç kimə fikir vermədən öz-özümlə danışmaq vərdişi də əmələ gəlib. Gəl

söhbətimə lap əvvəldən başlayım. İşin qəribə tərəfi, ötən yaz hardansa uçub gələn

iki ördək bağ evimin ətrafında dövrə vuraraq həyətdəki hovuza enib, burda sudan

bir “ev” qurdular. Onlara toxunmadım, – qoy elə burda yaşasınlar, – dedim. Beləcə

ördəklərdən dişi olanı çox keçmədən yumurta qoyub beş bala çıxartdı. Buna çox

sevindim.

Məndən və uşaqlardan fərqli olaraq, arvadım bütün yayı deyindi. Onun belə

tərs olduğunu ağlıma da gətirməzdim. O, hovuzu çirkləndirdikləri üçün ördəklərə

nifrət edirdi. Hətta ördəklər ucbatından aramızda, adına mübahisə deməyək, xəfif

incikliklər də yaşanırdı. Mənsə qəti belə düşünmürdüm. Sevimli ördəklərimlə eyni

hovuzda suyu şappıldada-şappıldada üzmək mənə çox xoş təsir bağışlayırdı…

Kərim gözlərini yumub başını badəyə tərəf əyir, qırmızı çaxırın qoxusunu arı

kimi içinə çəkir.

– Düz iki həftə bundan öncə, səhər yeməyindən sonra evin hovuza baxan

pəncərəsindən ördəklərə tamaşa edirdim, – O susur, önündə olan yarımçıq

badədəki çaxırdan bir-iki qurtum içir, iri, yumru gözlərini qıyır, söhbətini davam

etdirir. – Başıma gələnlərə inanmayacaqsan, – siqaret yandırır, siqaret

dodaqlarında əllərini başına qoyur, – həmin gün sevimli ördəklərim ailəlikcə məni

tərk etdilər. Heç ağlıma da gətirməzdim. Hamısı ucub getdi. Nə qədər gözləsəm də,

geri qayıtmadılar. Onlara elə öyrəşmişdim ki. Yəqin, getməyə yerləri var ki, mən

onları itirdim. Ördəklərimin uçub uzaqlaşdıqlarını izlədiyim dəqiqələr mənim üçün

təsvirolunmaz bir həyatın başlanğıcı oldu. Arada düşünürəm ki, bəlkə də, fırıldaq

qurbanı olmuşam.

Bir müddət Kərim kəlmə kəsəcək halda olmadı.

– Onların gedişindən sonra yuxularım da qarışıb, dünən yuxuda gördüm ki,

qarnımda kvadrat formalı vint yeri var və göbəyimdən su fışqırır. Vinti sıxdıqca bu

dəfə qulaqlarım qopub yerə düşür. Bərk həyəcanlanıram, onları əlimə alıb

qonşuluqdakı ustanın yanına tələsirəm. Mənim üçün onları yerinə qaynaq etsin,

mən heç cür bacarmıram. Qəribədi, qulaqlarım olmaya-olmaya ördək vaqqıltısı

eşidirəm. Başımı qaldırıb göyə baxıram, sevimli ördəklərim başımın üstündə dövrə

vurur... Göyün üzündə ağlı-qaralı buludlar var, məzəli şəkillərə düşüb oynaşırlar.

Gülümsəyirəm, bir az da kövrəlirəm, gözlərim dolur. Qulaqlarımı tutduğum əlimin

tərsi ilə gözümün yaşını silirəm. Elə bu vaxt ördəklərdən biri dimdiyi ilə

qulaqlarımdan birini barmaqlarımın arasından götürür. O biri ördəklərə qoşulub,

bir-iki dövrə vurub uçub gözdən itir…

Kərim bir anlıq sükuta dalır, elə bil hafizəsindəki hadisələri sistemləşdirir.

– Lənətə gəlmiş ördəklər məni dəli etməsələr, yaxşıdı. Sən öl, işdən-gücdən

də soyumuşam.

Məni gülmək tutsa da, özümü əla alıram. Onunla göz-gözə gəlmək

istəmirəm.

– Səbirli ol! – deyib, bu dəfə mən masadakı boş qədəhləri çaxırla

doldururam. Başını qaldırıb üzümə baxır. – Məsələ bununla bitmir!

Bilirsən, mən çox qorxuram, ailəm də bu ördək sürüsü kimi elə bilirəm,

tezliklə ucub əlimdən çıxacaq. Ürəyimə damıb. O ördəklər mənim evimin

həyətində yuva qurdular, bala çıxartdılar, sonra onlara üzməyi, uçmağı öyrəndilər.

Bütün bunları mənim sayəmdə bacardılar. Elə bilirdim, məni özlərinə doğma

bilirlər. Vaxtı gələndə isə vidalaşmadan, ev sahibi kimi mənə təşəkkür belə

etmədən uçub getdilər. Hər şeyə rəğmən, məhz bu şəkildə məni tək qoyub

getmələri çox pisimə gəlir.

Ailəm də, çox güman ki, belə edəcək. Vaxtı çatanda övladlarım da yuvadan

ucub gedəcək. Onları itirmək qorxusu məni sərsəmə çevirir. Mən artıq ürək ağrısı

da tapmışam. Düşdüyüm vəziyyəti anlamaq çətin deyil.

Kərim utanıb-eləmədən salfetka ilə burnunu iki barmağı arasında sıxıb

təmizləyir. Babat bir söyüş də söyür. Dərindən ah çəkirəm. Əlimi çiyninə

toxundurub, – səni çox yaxşı başa düşürəm, – deyirəm.

Sonra təskinlik verməyin mənasız olduğunu düşünüb dinmirəm. Mən

danışmaq istəmirəm, susmaqdan xoşum gəlir. Ayağa qalxıb balkona çıxıram, əsən

sərin mehi sinə dolusu ciyərimə çəkirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)