ƏN YENİ POEZİYA - Rəşad Məcid, “Şuşaya getmək” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

“Şuşa dəftəri”ndən növbəti şeir 

 

Şuşaya getmək

 

Yollar ağır, cığırlar dik, sıldırım çətin,

Qaya-qaya igidlərin tək adı – MƏTİN!

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

pak ruhunu ziyarətdir Şuşaya getmək!

 

Demə vətən Şirin imiş, Fərhadmış insan,

Lap ölsə də haqq yolundan dönməz qəhrəman!

Qayaları al qan ilə yazılı dastan,

tükənməyən fəxarətdir Şuşaya getmək!

 

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,

Dərələri dərin fikir, yamacı sirdaş!

Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,

Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

 

Xarıbülbül sevdasına tutuşmaqdımı?

Saf havayla, nur yağışla qatışmaqdımı?

Yaradanın dərgahına yetişməkdimi,

Ya cənnətə səyahətdi Şuşaya getmək?

 

Büllur kimi yanır par-par göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

 

Dahiləri yetişdirib suyu-çörəyi,

Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.

Bəstəsinə təzim üçün Üzeyir bəyin

Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

 

Ədəbiyyat və incəsənət”

(15.07.2024)