Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Avtobioqrafiya” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

AVTO BİOQRAFİYA

 

1989-am; 1368,

Nisgiləm,

Harayam,

Bağrı qarayam...

İnsanam və özgürlüyün özü;

Yəni öz kefimin paşası!

 

İgid babamın adını seçdim.

"Paşa"-yam;

Yam-yaşıl Muğanda doğuldum;

Xəzəlin göbəyində.

 

Kiçik yaşlarımdan şeirlə boy atdım.

Əzbərlədim qəbir şeirlərini!

Atamın söylədiyi nağılları,

Anamın nisgilli bayatılarını və

Sevdim anamı; dilini daha artıq.

 

Onsəkkizimdə dil açdım.

Ondoqquzumda əsgərliyə getdim

Gənc qardaşımla birlikdə.

Bu anlar şeir içimi döydü!

Çəkib canımdan dağıtdım varaqlara

İçimdəki darıxma qasırğasın...

 

Bitirib gəldim və son günündə gəldi

Əsgər qardaşım;

Amma əllərdə!..

Bu çağlar sevgi də məndə güllələndi 

Və dağıldım...

 

Bitki uzmanlığı bitirdim Bilim Yurdunda,

İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.

Az sonra Muğanın şeir dərnəyində,

Yazıçılar birliyində birinci səsi qazandım.

 

Şeir və hekayə oxudum dünya yazarlarından

Və yazıldım neçə ölkədə.

 

İyirmi üçümdən uşaqlar üçün yazdım,

Kitab etdim neçə dönə.

İyirmi səkkizimdə məzar şeirim doğuldu;

Doğum günümdə!

 

İyirmi doqquzumda işimdən atıldım...

Yalqızlığımda yalqız olmayanda darıxdım.

Darıxmalarımı Nəsimidə yaşadım

Füzulinin dərdli sətirlərində;

Ramizdə, Xəlil Rzada, Bəxtiyarda

O tayda, bu tayda;

Arazda yaşadım, yaşa doldum aramızda

Yəni yaşamadım yaşam boyu...

 

Bu an

Otuzumdayam;

Və hələ də iyirmi birimdə!..

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)