POETİK QİRAƏTdə Əlizadə Nurinin “Günəşi vurdular səba yerindən...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Günəşi vurdular səba yerindən...” şeiri ilə. 

Yenə də təəccübləndirir, heyrətləndirir şair. 

“Sevgisi azalıb bu adamların-

Bu dünya üşüyür soba yerindən...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Günəşi vurdular səba yerindən...

 

Neynəsin bu quzu anası ölmüş,

Necə oynamasın oba yerindən?

Sevgisi azalıb bu adamların-

Bu dünya üşüyür soba yerindən...

 

Bu yay nə tez öldü- yayı vurdular?

Say saya gəlmədi, sayı vurdular...

Axşam qaranlıqda ayı vurdular

Günəşi vurdular səba yerindən.

 

Bir şam işığında əriyər yuxum...

Sancılar varağa bu qələm- oxum.

Dünya başdan- başa qəmə yoluxub-

İndicə gəlirəm " vəba" yerindən.

 

O yağış sevinir- telinə dəydi...

Adım bəxtəvərdi- dilinə dəydi.

Əlinin istisi əlimə dəydi-

Az qaldı bu əlim qopa yerindən.

 

Yaşamaq  nədir ki?- köhnə həvəsdi,

Ömür yaş bəbəkdi, quru nəfəsdi.

Bir qəm ürəyimə bəs eləməzdi

Aldım bu qəmləri topa yerindən...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)