RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanının dərcinə başlayır.

 

Fəxrəddin Qasımoğlunun dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

On altı mərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzillərdən birinin açıq qapısı qarşısında dayanmış sarışın saçlı, təxminən otuz dörd - otuz beş yaşlarında olan yaraşıqlı qadın dərsə yola saldığı oğlunun üzündən öpüb bərk - bərk tapşırdı:

- Çantandakından muğayat ol, dərsdən çıxan kimi də dediyim yerə get dəy, sonra evə gəl.

Onun on beş yaşında olan oğlu bu il məktəbi liseyə dəyişmişdi. Sarışın qıvrım saçları, mavi gözləri olan oğlan anasına çox oxşayırdı. 

- Narahat olma ana. Dediyin kimi edəcəm. Çantamı da gözümdən qoymayacam. 

Bunları deyən oğlan çantasını anasından alıb çiyninə taxdı, sonra o da anasını öpüb liftin düyməsini basdı. Ana onun liftə minməsini gözləyib dərindən bir ah çəkdi, sonra içəri keçib qapını örtdü. Qadın son dərəcə dalğın görünürdü…

* * *

Bakı ətrafındakı bağ evlərinin birində köhnə dəmir çarpayıda uzanmış adam yarıya qədər çəkdiyi siqaretini döşəmənin üstünə atdı. Çarpayının üstünə döşək əvəzinə köhnə brezent parça sərilmiş, balışı isə içərisinə köhnə paltarlar doldurulmuş kisə əvəz edirdi. Adamın təxminən qırx - qırx beş yaşı olardı. Əl barmaqlarının üzərindəki döymələr onun məhbus həyatı yaşadığından xəbər verirdi. O, bir qədər də belə uzandıqdan sonra bezib çarpayıdan qalxdı. Şəhadət barmağı ilə kömək edib ayağına dar olan ayaqqabılarını geyindikdən sonra hələ də döşəmədə közərən siqareti tapdalayıb söndürdü. Noyabrın axırları idi, payız son günlərini yaşayırdı. Havalar əməlli - başlı soyumağa başlamışdı. Üşüdüyünü hiss edib sönməkdə olan odun sobasına bir neçə taxta parçası atdı. Sonra otağın ortasında qoyulmuş masaya yaxınlaşıb tilli stəkana araq doldurub birnəfəsə başına çəkdi. Burnu ilə dərindən nəfəs alıb ağzından buraxdıqdan sonra masadakı qurumaqda olan çörəkdən bir qədər kəsib ağzına qoydu. Bədəninə bir qədər istilik gəldiyini hiss etdi. Sobaya atdığı taxta parçaları yavaş-yavaş tüstüləyirdi. Əyilib közü üfürməyə başladı. Üçüncü cəhddə taxtalar alışdı və sobadan yarıqaranlıq otağın döşəməsinə alovun dillərindən yaranan işıq zolağı düşdü.

Bu bağ evi ona atasından miras qalmışdı. Çoxdan gəlib - gedən olmadığı üçün işıq və qaz xətləri kəsilmiş, uzun müddət baxımsız qalan ev isə demək olar ki, tam yararsız vəziyyətə düşmüşdü. Böyük sahəsi olan bu bağda həyat əlaməti olan yeganə şey tənha əncir ağacı idi. İllərlə sulanmadığından bir vaxtlar burada əkilmiş cürbəcür meyvə ağacları quruyub getmiş, təkcə qocaman əncir ağacını torpağın çox dərinliyinə işləmiş kökləri məhv olmaqdan qoruya bilmişdi. 

Çox narahat görünürdü. Tez - tez şüşəsini his basmış pəncərədən boylanır, sonra otaqda var - gəl edirdi. Nəhayət həyətdən səs gəldi. Divara qısılıb ehtiyatla pəncərədən baxdı. Gələnin kim olduğunu görüb dərindən nəfəs aldı. Bu onun gözlədiyi adam idi…     

* * *

Yuxudan oyansam da, hələ gözlərimi açmamışdım. Gecə çox gec yuxuya getmişdik. Gözüyumulu əlimi uzadıb Gülanənin yatdığı yeri, taxtın sol tərəfini yoxladım. Əlim boş döşəyə dəydi. Gülü yerində yox idi. Ancaq döşək hələ onun bədəninin istiliyini saxlamışdı. Yəqin ki, bir qədər əvvəl qalxmışdı. Nə qədər gec yuxuya getsək də, bu sevimli qadın həmişə məndən bir qədər tez oyanır, mən qalxana qədər çay dəmləyib süfrə açır, oyanmağımı gözləyirdi. Mənisə, yəqin ki, tanıdınız. Cəfər Cabbarlı küçəsində, Nizami metrosu ilə üzbəüzdəki detektiv agentliyinin rəhbəriyəm. Qısa desəm, mən şəhərdə hamının, ya da əksəriyyətin tanıdığı detektiv, istefada olan polis zabiti Bəxtiyar Nəzərliyəm. 

Bir qədər də belə uzandıqdan sonra yataqdan qalxdım. İlk növbədə otağın havasını dəyişmək üçün pəncərənin nəfəsliyini açdım. Sonra mətbəxlə hamam otağını birləşdirən dəhlizə keçdim. Hamamdan su şırıltısının səsi gəlirdi. Gülü duş qəbul edirdi. Mətbəxə boylandım. Həmişəki kimi səhər yeməyi masanın üstünə düzülmüş, çay da hazır idi. 

- Oyandınız, cənab detektiv?

Gülü yaş saçlarına dəsmal bükmüş, başqa bir dəsmalı isə sinədən aşağı bədəninə bürümüşdü. Fosfor kimi parıldayan qarayanız dərisi çiynindən aşağı axan su damlalarına xüsusi bir parıltı verirdi. 

- Düzünü desəm, xanım, hələ tam oyanmamışam.

Gülü bərkdən güldü:

- Elə məni də duş oyatdı. Keç, əl - üzünü yu, tam oyan, mən də qurulanım gəlirəm.

Qısa söhbətdən sonra o, yalın ayaqlarını şappıldada - şappıldada yataq otağına, mən isə yuyunmaq üçün hamamxanaya keçdim. Fikrimcə Gülünün qurulanması azı on beş dəqiqə çəkəcəkdi. Təkcə qıvrım saçlarını on dəqiqə fenləməliydi. Gülü ilə uzun illər idi ki, birgə yaşayırdıq. Daha doğrusunu desəm, rəsmi nikaha girməsək də, şəriətlə kəbin kəsdirib münasibətlərimizi rəsmiləşdirmişdik. Təkcə bir şərtlə - hərə öz evində yaşayırdı. Belə vəziyyət hər ikimizi qane edirdi. Gülü illərlə isinişdiyi evindən ayrılmaq istəməmiş, mənsə işimin xarakterini nəzərə alıb bunu ən yaxşı variant kimi qəbul etmişdim. Ümumiyyətlə, həyatımda Gülünün varlığından çox az adamın xəbəri var idi. Hətta birgə yaşadığımız illərdə bir dəfə də olsun maşınımı onun yaşadığı binanın həyətinə sürməmişdim. Həmişə maşını ikinci mikrorayondakı bu binanın qonşu kvartalındakı pullu duracağa qoyub xeyli məsafəni ayaqla qət edirdim bura gəlmək üçün. Əlbəttə, izlənib - izlənimədiyimi yoxlamaq şərtilə… Belə lazım idi. Nə vaxtsa onun həyatını təhlukəyə ata biləcək heç bir şeyə imkan verməməliydim. Mənimsə həyatımda təhlükə çox vaxt mənimlə paralel addımlayırdı. Ancaq yuyunub çıxanda onu hamamın qarşısında dayanan gördüm. Əlində tutduğu telefonum aramsız zəng çalırdı. Yatarkən telefonu başımın yanındakı tumbanın üstünə qoymuşdum. Alıb baxdım, tanış nömrə deyildi. Düyməni basıb telefonu qulağıma yaxınlaşdırdım.

- Eşidirəm.

- Sabahınız xeyir, Bəxtiyar müəllim.

- Sabahınız xeyir.

- Sizi bu saatda narahat edirəm, siz Allah, üzrlü sayın, amma məsələ çox vacibdir. Mən Fərman Gəraybəyliyəm, yəqin adımı eşitmisiniz. Əlaqə nömrənizi dostunuz Ənvər Seyidbəylidən almışam.

Bu sözləri birnəfəsə deyən adam susub nə deyəcəyimi gözlədi. Fərman Gəraybəyli adı mənə çox şeydən xəbər verirdi. Vaxtilə nazirliklərin birində yüksək vəzifə tutmuşdu. İndi geniş biznes şəbəkəsinin sahibi olan bu adam ictimaiyyətə də çox tanış idi. Tez - tez televiziya kanallarına dəvət alır, iş adamlarının qatıldığı müxtəlif debatlarda iştirak edirdi. Nə qədər təmkinlə danışsa da, onun səsindəki həyəcanı hiss etməmək mümkün deyildi. Elə professor dostumun mənimlə məsləhətləşmədən nömrəmi kiməsə verməsi özü də az şeydən xəbər vermirdi və burada zəng edən adamın ona çox yaxın birisi olmasına eyham vardı. Bununla Ənvər nəinki bu adamı dinləməyimi, həm də ona kömək etməyimi istəyirdi. 

- Buyurun, sizi dinləyirəm.

Telefonun o başındakı adam dərindən nəfəs aldı. 

- Bəxtiyar müəllim, deyəcəklərim telefonla deyiləsi şeylər deyil. Mümkünsə üzbəüz söhbət etmək istərdim. 

Onsuz da bir azdan ofisə gedəcəkdim. Ona görə də düşünmədən dedim:

- O zaman bir azdan ofisimdə görüşək. 

- Yox.

Adam az qala sözümü ağzımda qoydu. Hə, deyəsən, məsələ çox ciddidir. Onun reaksiyasından mənimlə görüşdüyünü kiminsə bilməsini qətiyyən istəmədiyi aydın idi. Artıq sualları sevmədiyim üçün soruşdum:

- Haraya gəlim?

- Mümkünsə «Bahar» restoranına, sizi sürücüm arxa qapıda qarşılayacaq. Elə səhər yeməyini də orada yeyərsiniz.

«Bahar» restoranı elə də uzaqda deyildi. Dadlı yeməkləri və «iştahı qaçıran qiymətləri» ilə məşhur olan bu restorana adi halda mən heç çay içməyə də getməzdim. Ancaq indi vəziyyət başqa idi. Ona görə də qısa cavab verdim:

- Yarım saatdan sonra. 

Xətti kəsib əyninə xalat geyinib qayıtmış Gülüyə baxdım. Nəm saçlarını açıb çiyinlərinə tökmüşdü, deyəsən hələ qurulamaq fikri yox idi. 

- Sən rahat qurulan, mən getməli oldum.

Gülü dodağını büzdü:

- Heç olmasa, bir stəkan çay iç.

- Süz, amma yarı. 

      Gülünün nəm saçlarını qoxlayıb geyinmək üçün yataq otağına keçdim. Deyəsən bu səhər sürprizlə başlayacaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.