Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Özün gəl” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin  şeirlərini təqdim edir. 

 

 

ÖZÜN GƏL

 

Mənə məktub yaz

Dəlicəsinə göydə dans edən ulduzları.

Mənə məktub yaz

Özləmlərini bilmirəm.

Səni hiss edə biləcək şəkilin yox məndə

Şəkilini qoy paketə göndər.

Can alan dəqiqələrdən vaz keç

Ömrünü yaz.

Gecələr hansı düşüncə ilə uyuduğunu,

Səhərlər hansı öpücüklə oyandığını,

Küçələrdə qorxduqca hansı əllərə sığındığını

Mənə məktub yaz.

Hər sabah günəş burdan çıxıb, orda batır

Sən yaşamın o tayındasan!

Mən bu tayında çırpınıram

Hər gün batıram sizin oralarda...

Hər gecə bir çillədir bizim buralarda

Soyuqdur soyuq!

Günəşi gizlədirsən gözlərində

Qaynağı yox bu gecələrin səhər olmağı.

Yarımçılıq qaldı,

Yaşanmadıq...

Yaşaya bilmədik,

Yaşlandıq.

Yaşayış, yaş-yaş axır gözümdən

Canlı bir ölü dolaşır şeir dəftərimdə

Mənə məktub yaz.

Olduğun yeri anlat mənə

Hələ də Türkcə danışan varmı orda?

“Divar-divar mirizəm

Dər la be laye şəhri ke to ra qom kərdeəm”.[1]

İncə-incə qalınlaşır sözlərim

Telefonun o biri ucunda duran qadın!

Səsini məktub yaz.

Qucağını məktub yaz.

Qələmi burax, mənə məktub yazma...

Özün gəl!..

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

 



[1]Divar-divar çökürəm, səni itirdiyim şəhərin hər addımında. – Farscadır.