ƏN YENİ ŞEİRLƏR - Gülay Tahirli, “Mən adamları gözlərindən tanıyıram” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

Mən adamları gözlərindən tanıyıram.

 

Gözlərin altı kölgələnibsə,

Ömrün harasındasa günəş batıb.

 

Ürəkdə yer dolanda

Dərd gəlib 

Gözlərin altındakı torbada yığılır.

 

Uşaqların gözləri

Kiçik hekayələrini danışır.

Hansı daha çox əzizlənib,

Hansı daha çox əzilib,

Hansı gedib künclərdə gizlənib?

Qorxanı kim, susanı kim…

 

Mən adamları gözlərindən tanıyıram.

Təzə aşiq olanlar, məsələn,

Gözlərində günəş şəfəqləri,

Çiçəkdən çiçəyə uçuşan ağ kəpənəklər,

Lap o emojidəki kimi,

Gözlərdən çıxan ürəklər… 

 

Gözdən düşən adamlar

Ürəyə dəyir, sonra düşür.

Özləri gedir, izləri qalır.

Baxışlar nə qədər soyuqdursa,

Deməli, gözdən o qədər adam düşüb.

 

Gözləri unutmaq olmur,

Barmaq izi qədər baxış izi var dünyada.

 

Mən adamları gözlərindən tanıyıram.

Bir balaca qara düyməyə

Nələr sığdırarmış insan? 

Əllərin qabarı da orada,

Ürəyin qübarı da orada,

Saçın qarı da orada…

 

Soyun əllərini,

Soyun ürəyini,

Soyun saçını,

Qaçırma gözlərini,

Gözlərin hanı?!

 

Ədəbiyyat və incəsənət”

(10.07.2024)