İntizar ədəbiyyatı - Hökumə Billuri, "Mən də" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən də bir şairəm sinəsi dağlı, 

Ayrılıq nəfəsli, hicran soraqlı 

Vətənin qapısı üzümə bağlı, 

Hər axşam bu dərddən alışır sinəm, 

Vətən həsrətliyəm, el həsrətliyəm. 

 

Həyatın öz səsi, gur səsiyəm mən, 

Varlığın bir səhər nəfəsiyəm mən. 

Haçandır azadlıq təşnəsiyəm mən, 

Qəlbimdə məhəbbət bulağı çağlar, 

Bir gözüm güləndə, bir gözüm ağlar 

 

Səhər oyanmamış, günəş gəlməmiş, 

Arzular üfüqün özütək geniş. 

Torpağa, insana, günəşə alqış. 

İnsan arzulan günəşdən uca, 

Baxdım dan yerinə, baxdıın doyunca, 

 

Dəniz ovsunlayıb ayı da alır, 

Çəkir sinəsinə, sular qaralır, 

Qızılı bir şəfəq sularda qalır, 

Açır gözlərini oyanır səhər, 

Başlayır uğurlu bir aydın səhər. 

 

Budur, nəfəs alır küçə, xiyaban, 

Dəniz lap birinci qalxır yuxudan. 

Həyatın zinəti ey ulu insan, 

Dənizə, günəşə, sənə vurğunam, 

Vurğunam, vurğunam, yenə vurğunam. 

 

Məşəltək alışan bir ürəyəm mən, 

Səhərə nur verən bir diləyəm mən. 

Bir ölməz arzuyam, bir istəyəm mən. 

Dağlardan möhkəməm, zirvədən uca,

Qalsın arzularım dünya durunca. 

 

O tayda, bu tayda məşəl yandıran, 

Səhərin yolunu işıqlandıran, 

Göylərdə günəşdir, həyatda insan, 

İnsan arzuları, günəşdən uca, 

Baxım dan yerinə ömrüm boyunca.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)