ƏN YENİ ŞEİRLƏR - Rəfail İncəyurd, “Bu ömür deyilən...” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

 

Bu ömür deyilən bineyi-başdan

Köklənə bildiyin haldı beləcə.

Qocalıq saçlarda çiçəklədikcə

Cavanlıq saçını yoldu beləcə.

 

Dərkə dartınanın biri də mənəm,

Öncə düşüncədi taleyə önəm.

Əməlinə binəm, işinə binəm

Hamı özü boyda yoldu beləcə.

 

İçin göyündədi Göyün Tanrısı,

Odu bu tərəfi, odu anrısı.

Cilvəli xəyalı, zalım ağrısı

Boldu məqam-məqam, boldu beləcə.

 

Bir ali MƏNin var: ya boş ver, ya bul...

Ya göllən yerində, ya da ax, durul.

Qazandığın hörmət, qazandığın pul

Belə olmalıydı,.. oldu beləcə.

 

Haqqın körpüsündən keçirib bir-bir,

Son sözü yaradıb-aparan deyir.

70-in tinində bu kövrək şeir

Gəlib ürəyimə doldu beləcə...

 

Ədəbiyyat və incəsənət”

(09.07.2024)