ÇOPUR – Çağdaş hekayələr Featured

 “Ədəbiyyat və incəsənət” portalında sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. Bu dəfə”Çopur”” adlı hekayə ilə tanış olacaqsınız.

 

 

Kökünün üşüməsinə, gövdəsindəki  sıyrıntıların göynəməsinə ayılıb gözlərini açdı. Nə baş verdiyini anlaya bilmirdi. Harada olduğunu da kəsdirəmmədi. Yenidən gözlərini yumub yavaş-yavaş sakitləşməyini gözlədi. Qulaqlarına cızıltı kimi dolan pıçıltı səslərini indi açıq-aydın eşidə bildi. Diksindi, ürkək-ürkək ətrafına boylandı. Yaxşı ki, günün günorta çağıydı, bağı rahat gördü, yoxsa gecə olsaydı, bəlkə də, kökü quruyardı qorxudan. Ha boylandı, bir tanış ağac gözünə dəymədi. Həndəvərindəki yad, nabələd ağacların nəzəri ona tuşlandığını hiss edincə vahimələnirdi.  Bağın başı ilə ilan kimi qıvrıla-qıvrıla, düz böyründən axıb keçən arxı görüncə başqa bağa köçürüldüyünü anladı. Kövrəlsə də, ağlamadı, özünü tutdu. Çünki çoxlu gözlər zillənmişdi ona.

Bağdakı ağacların ən gənciydi qovaq. Əvvəl-əvvəl heç cür uyğunlaşa bilmirdi təzə bağa, darıxırdı. İllah da boranda, küləkdə sığındığı anası üçün. Gövdəsinin ucu göynəyirdi ondan ötəri. Yetim görkəmi almışdı, utancaqlığı da bir tərəfdən əziyyət verirdi ona. Başını qaldırıb ətrafındakılara doğru-düzgün baxammırdı. Amma hiss edirdi ki, bağdakı ağaclar bir-birlərinə ondan pıçıldaşırlar.  Tez-tez “yaraşıqlıdır” sözü  qulağına dəyəndə  lap utanırdı. Yaxşı ki, arx yanından axırdı. Gecələr cırcıramalar, gündüzlər də şitəngi qurbağalar eybəcər səsləriylə tullanıb-düşüb bir az onun eynini aça bilirdilər.

          Vaxt keçdikcə bu darıxma, utancaqlıq sovrulub getdi. Artıq burdakı ağaclarla qaynayıb qovuşmuşdu. Yeri də rahat – düz bağın girəcəyində,  arxın qırağında. Gündən-günə boy atan şux qəddi-qaməti bağdakı bütün ağacların, tinglərin, pöhrələrin, şivlərin gözünü onda qoymuşdu. Bunu özü də bilirdi. İxtiyarsız qımışırdı. Hələ qonşu bağdakı hündür, az qala boyu buludlara çatan yaşlı qovağa baxanda daha da qürrələnirdi. Bilirdi ki, bir-iki ilə onun da boyu elə olacaq.

          Fəsillər əvəzlənə-əvəzlənə yaza çatanda bağda əməlli-başlı canlanma baş verdi. Qış yuxusundan yenicə oyanmış ağacların başı qol-budaqlarına qızılca kimi tökmüş tumurcuqlarına qarışmışdı. Qovaq bir az da boy atıb yaraşığını artırmışdı. Hamıdan əvvəl sarı çiçəklərlə bəzənən bəstəboy zoğal gözlərini bir an ondan ayırammırdı. Onu qısqanan cavan ağaclar tələsik çiçək açmağa can atır,  özlərini qovağa göstərməyə çalışırdılar.

         Qovaq ilə üzbəüz, arxın qırağında sıra ilə düzülən iydə ağaclarının salxım çiçəkləri bağın bütün havasını dəyişmişdi. Xoş ətri və yağışdan sonra işıldayan parlaq gövdələri ilə qovağı əməlli-başlı bihuş edə bilmişdilər.  Amma qəfil gözləri düz yanındakı əyri, qara, çopur  üzüm tinginə sataşanda qanı qaralırdı, kefi pozulurdu. “Bunun burada nə işi var?” əsəbiləşirdi. Yaraşıqlı iydə ağaclarına qoşulub onu məsxərəyə qoyurdu, gülürdü. Çopur ting bu məsxərədən heç cür canını qurtara bilmirdi. Neyləsin, yaradılışı bu cür çopurdu, əyridi, qaradı. Məkanını da özü seçməyib. Fikirdən daha da əyilirdi, daha da çopurlaşırdı, daha da qaralırdı. Əlacı olsaydı, ya quruyardı, ya da bağın kimsəsiz bir yerinə çəkilərdi.  Dəfələrlə qovaqdan “sənin yerin qara kolların arasıdır, bura yox” tənələrini eşitmişdi.

Boyu uca olduğundan hamını rahat görə bilən qovaq arada küləyi bəhanə edib silkələnərək ağ pambıq öpüşləri bütün ağaclara göndərərdi. Onun bu hərəkəti gövdəsini sarı şirə basmış, heç bir ağacın marağında olmayan qoca gilas ağacını çox əsəbiləşdirirdi. Ağ pambıqlar şirəli gövdəsinə yapışdıqda daha da eybəcər görkəm alırdı. Ağaclar şaqqanaq çəkib gülürdülər. Bir gün əsəbini cilovlaya bilmədi. “Ay cavan qovaq, çox da qürrələnmə, bala, artıq böyümüsən, az qalıb, kimə lazım olduğunu, nəyə lazım olduğunu biləcəksən, onda görüm necə qürrələnəcəksən?!” – dedi.

Yayın gəlişi bağda isti əhvali-ruhiyyə yaratmışdı. Ağaclardakı çiçəklər meyvələrlə əvəzlənmişdi. Bağın girəcəyində olduğundan gələni ilk qovaq qarşılayırdı. Amma bağa gələnlər ona məhəl qoymadan hərə bir meyvə ağacına tərəf qaçırdı. Səbətlərini meyvələrlə doldurub yenə onu görmürlər kimi yanından keçib gedirdilər. Deyəsən, qoca gilasın sözləri ona indi çatırdı. Payıza qədər bağda hər gün eyni ab-hava yaşandı. İnsanlar kimi, cavan ağacların da artıq marağında olmadığını anlayanda özünü gözdəndüşmüş kimi hiss edirdi.

         Yayın hay-həşirindən sonra elə bil ağaclar yorulub süst düşmüşdülər. Bağa qəribə bir sakitlik çökmüşdü. Aradabir iydə və heyva ağacının ətrafında adamlar görünürdü. Hava da get-gedə soyumağa başlayırdı. Bağ payızı qarşılamağa tam hazır idi. O biri ağaclar kimi, qovaq da yarpaqlarını tökməyə başladı. Onsuz da bir ağac kimi bacardığı təkcə bu idi: yarpaqlamaq və yarpaqlarını tökmək.

         Bir gün səhər-səhər iki nəfər düz gəlib qovağın yanında dayandı. İnsan dilini anlamasa da, diqqətlə dinşəyib, onları seyr etdi. Adamlar bir az çək-çevir etdikdən sonra ordan uzaqlaşıb qonşu bağa getdilər. Az keçmişdi ki, qəribə bir səs bütün bağı silkələdi. İlk dəfə idi o, belə bir səs eşidirdi. Bu vaxt qonşu bağdakı, həmişə fəxr etdiyi hündür, yaşlı qovağın böyürə-böyürə yerə yıxıldığını gördü. Bütün varlığıyla əsməyə başladı. Adamlar kəsilmiş iri gövdəni hissə-hissə  doğrayıb bir az aralıda görünən yarımçıq tikiliyə tərəf aparırdılar. Qəfil yaddaşında püskürən qoca gilasın sözləri onu kökünə qədər sarsıltdı. Qol-budağındakı tək-tük saralmış yarpağını belə qımıldatmadan donub qaldı. Gövdəsindən uçub gedən ruhu bir azdan özünə qayıdanda artıq nəyə lazım olduğunu anladı.

          Gecəydi, arxdakı qurbağaların qurultusu bütün bağı başına almışdı. O, bu səsli sükutu pozub var gücü ilə bağırmaq istədi. Özünü güclə tutub saxladı. Amma o bağırtını öz içində duya bilirdi.

Bağdakı ağacların hamısı rahat yatdığı halda, təkcə üzüm tingi yatmamışdı. Qara, çopur boynunu qovağa tərəf əyib üzgün baxışlarla onu seyr edirdi. Deyəsən, o da eşidilməyən bağırtının təsirindəydi.

Bütün gecə taleyi ilə savaşan qovaq səhərə yaxın təslim olub, onu gözləyən aqibətlə  razılaşmışdı. Daha bağa, ağaclara tərəf yox, özündən ixtiyarsız qonşu bağdakı kəsilən yaşlı qovağın boş yerinə baxırdı.

Soyuq qış hər yerdə olduğu kimi, bağda da özünü göstərməkdə idi. Ağaclar ağ qar yorğanı üstlərinə çəkib qış yuxusuna getmişdilər. Qovaq fikirdən dərin yuxuya gedə bilməsə də, arada mürgüləyirdi. Tez-tez səksəkəylə ayılıb ətrafına nəzər salırdı. Heç yazın gəlişini, fəsilllərin dəyişməsini istəmirdi. Dərin yuxuya getməyə çalışırdı. “Kəsəcəklərsə, məni yuxudaykən kəssinlər, nə ağrını hiss edim, nə də yerə sərildiyimi ağaclar görsün” düşünürdü.

Yaz gəlmişdi. Qışı tam yata bilmədiyindən gövdəsinə ağır yorğunluq çökmüşdü qovağın. Elə hey yuxulamaq istəyirdi.  Amma bağdakı canlanma, gövdəsini qıdıqlayan yaz günəşinin ilıq şüaları buna imkan vermirdi. Halsız-halsız başını qaldırıb bağa boylananda tam fərqli ab-hava onu qəfil oyatdı. Keçən yaz özlərini ona göstərməyə çalışan, “yaraşıqlıdır” deyib onu dillərindən düşürməyən gözəlçə ağaclar indi baxışlarını cavan armud ağacına dikmişdilər. O, varlığına nifrət etdi. Dərin ah çəkib, baxışlarını bağdan ayırdı. Bu vaxt canında qəribə bir hərarət hiss etdi. Çopur üzüm tinginin ona necə sarıldığından xəbəri olmamışdı. Daha bir söz  demədi, susdu. Onsuz da heç bir şeyin fərqi yoxuydu, həyat onun üçün artıq sönmüşdü. Bir müddət sonra gövdəsi boyunca ona sarılan üzüm tingi öz enli yarpaqlarıyla onu az qala görünməz hala saldı. Qovaq çopur tingin etdikləri anlamasa da, ona mane də olmadı.

         Onun kəsiləcəyindən duyuq düşən iydə ağacları öz aqibətlərindən qorxurdular, çünki kəsilsə, onların üstlərinə yıxılacaqdı. Qovağa olan əvvəlki sevgi indi nifrətə çönmüşdü. Bunu qovaq özü də hiss eləmişdi.

Bağdakı hay-küy səslərindən yayın gəlişini anlamışdı. Amma üzümün enli yarpaqları ona bağdan meyvə daşıyan adamları görməyə imkan vermirdi. Yaxşı da ki, heç görmürdü.

Bir müddət sonra bağda adamlar seyrəldilər. Görünür, yayın sonları idi. Amma birdən-birə səs-küy yenidən çoxaldı. Həm də düz qovağın ətrafında. Diksindi, cəld yarpaqların arasından macal tapıb ətrafına boylandı. Ətrafındakı, əlində səbət tutan adamların onun qol-budaqlarından sallanan iri, şirəli üzüm salxımlarını dərməyə çalışdıqlarını görüncə gözlərinə inanmadı. “Necə yəni, adamlar meyvə üçün ətrafıma yığılıb?”  Bəlkə, yuxu görür, ya da xəyal qurur, –  deyə, düşündü. Amma yox, bu, gerçək idi. İçində naməlum bir hiss baş qaldırdı. Heç vaxt duymadığı bir hiss. Hə, bu əsl ağac hissiydi.  Meyvələri toplanan ağac. Çönüb bağa, qoca gilasa, gözəlçə iydələrə baxdı. Onun hayqırtılı gülüşü bütün bağa yayıldı. Bağdakı ağaclar lal-dinməz ona baxırdılar. İstədi ona sarılan çopur tingi bağrına bassın, amma etmədi, buna üzü gəlmədi.

         Daha kəsilməkdən qorxmurdu. Həm ağac sevgisi qazanmışdı, həm də insan.

Bir gün sübh tezdən üzüm ona daha möhkəm sarılaraq əsməyə başladı. Bu əsmə qovağın da bütün gövdəsini titrətdi. Aşağıda iki nəfərin danışıq səsləri eşidilirdi. Onlardan biri əlində elektrik mişarı tutub qovağı kökündən başına qədər süzürdü,  o birisi isə taxta nərdivanı ağaca söykəyib üstünə çıxdı. Bu dəfə qovaq öz kəsilməyindən yox, ona sarılan, ona sevgi verən, onun başını uca edən çopurun aqibətindən qorxdu. Kəsiləcəyindən ona da xələl gələcəyini bilirdi. Öz ağac dilində qopardığı fəryadı –  “Nolar, əvvəl üzümü ehmalca məndən ayırın, sonra məni kəsin” sözlərini adamlara çatdıra bilmədi. Sadəcə, astadan çopura “bağışla” deyə pıçıldaya bildi. Bağdakı bütün ağaclar bu mənzərənin tamaşasındaydı. Çoxunun canına qorxu düşsə də, diqqətləri qovaqla tingdə qalmışdı.

Nərdivanın üstünə çıxan adam əlində iki salxım üzümlə aşağı düşüb, salxımın birini yerdə mişar tutan adama verdi. Onlar üzüm yeyə-yeyə, bir-birinə sarılmış olan bu ağaclara nəzər salaraq bir qədər söhbət etdilər. Sonra nə fikirləşdilərsə, mişarı da götürüb çıxıb getdilər. Sonralar onlar ora yenə qayıtsalar da, daha mişarla yox, səbətlə qayıtdılar.

Beləcə fəsillər bir-birini əvəz etdi. Onlar birlikdə qol-budaq ataraq yaşlandılar.  Qovaq çopuru düz başının üstünə – gövdəsinin ucuna qədər çıxartmışdı. Çünki onun yeri elə, həqiqətən də, ora idi.

Həmin o qara, çopur üzüm tingi nəinki qovağa, bağdakı bütün ağaclara sevgi dərsi, hörmət dərsi, həyatla mücadilə dərsi keçdi. O, qovağı tənədən, kəsilməkdən qurtarsa da, ona həyat, ucalıq bəxş etsə də, onu vicdan əzabından qurtara bilmədi.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)