“Bir həsrət şeirindən neçəsinə pay düşər...” – AYSEL NƏSİRZADƏNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizləri Aysel Nəsirzadənin şeirləri ilə tanış edəcəyik.                                           

 

 

QUM SAATI

 

Ömrümə şeir boylanır,

Kəm xoşbəxtlik misrası.

Yuxulu dəniz səhəri,

Boylanır son hecası.

 

İlk iki heca düşüb,

Qalıb gün batımında.

Ömür süzülüb gedir,

Bitir qum saatında.

 

Həyat mənasız gəlir,

Düşünürsən, keçmir vaxt.

Yel qanadlıdı illər,

Gənclikdən yoxdu soraq.

 

Göz dikilir göylərə,

Günəş çıxır, ay batır.

Göz göyə dikilsə də,

Son mənzil torpaqdadır.

 

Nə var-dövlət, nə mal-mülk.

Nəfsini tox tutana.

Əbədi heç nə yoxdur,

Borcluyuq quru cana.

 

 

SƏNSİZ UCALMAQ OLMAZ

 

Hər dərddə mübtəda sən, hər ağrıya xəbərəm,

Ayı doğmayan gecə, günəş gəzən səhərəm.

Sən məndən uzaqdasan, mən sənsiz birtəhərəm,

Belə öc almaq olmaz.

 

Qəlbindən eşqi aldım, səpdim şeirin sətrinə,

Şeirim çiçək açdı, büründü eşq ətrinə.

Bu qızın da mövludu düşüb təvəllüdünə,

Mənsiz qocalmaq olmaz.

 

İki başı yoxuymuş qarğış kimi alqışın,

Dua etdim, yazılsın qismətimə naxışın.

Ən yüksək zirvəmdir, bil, sevgi dolu baxışın –

Sənsiz ucalmaq olmaz.

 

 

MƏN SƏNƏ GƏLİRƏM…

 

Güzgüdə çiliklənir əksim,

İlahi, kimdir bunlar?!

Çilik-çilik olanların hanı bütöv bir “Mən”i ?

Kim qaraya sürmələdi yaşla dolu gözlərimi,

Kim soldurdu baxışımı?

Kim dəyişdi o sən yazan taleyimin naxışını?

Artdıqca artır alnımdakı ağrıların xəritə izi,

Beynimə agah olmur ürəyimin üsyan səsi.

Əksliklərin vəhdətidi

gerçəkliyin içində məhv olan Mən.

İlahi,

Mən Sənə gəlirəm, Sənə gəlirəm…

 

 

***

Bütün olmaz nə var, cəm olmuş məndə,

Bütün olmazlara oldu deyən mən.

Baxdım ki, ortada bir mən qalmamış

Bütün olmazlara oldu deyəndən.

 

Qırılmış ruhumun qolu, qanadı,

Məndə mənə aid arzu, dilək yox.

Əlimi qoydum sinəmin üstünə,

Duyğuyla yaşayan həzin ürək yox.

 

Hanı dünyanı qurtaran o qız?!

Xəyalı göylərdə pənbə buludlu.

Kim aldı qəlbimdən o qəhrəmanı,

Bu qız o saf qızı harda unutdu?

 

 

SUSQUNLAŞAN AĞRILAR

 

Dəniz yorğun ruhunu təslim edər sahilə,

Bəzən də dalğa-dalğa qayalara dağılar.

Ürəyim də dərdini açıb deyər qələmə,

Susqunlaşan ağrılar şeirlərə yıxılar.

 

Kağız üstə göynəyər kəlmələr, qafiyələr,

Ömrün yaşantıları heca-heca dil açar.

Fikirlər misra-misra havalanar göylərə,

Əlim çatmayanlara doğru uçar, hey uçar.

 

Bir uşaq saflığıyla bəndlər gələr yanaşı,

Boynubükük kəlmədə neçə tale görüşər.

Mən məndən yazdığımı düşünərkən yazanda

Bir həsrət şeirindən neçəsinə pay düşər.

 

Təkcə mən deyiləm ki kədəri başdan aşan,

Həyat asan olmayıb gəlib-keçən hər kəsə.

Betərindən saxlasın, Allah, budur təsəlli,

Onsuz da həyat qısa, onsuz da ömür kəsə.

 

 

İKİNDİ AZANIYLA...

 

İkindi azanıyla yol alır

Üfüqə doğru günəş.

Yol aldığı yerdən sarır buludları atəş rəngi.

Bəzəyir göy üzünü

Qırmızının sarıyla ahəngi.

Qıyıldıqca günün gözü

Zamanı xatırladır –

Dünəni xatirə,

Sabahı xəyal,

Bu günü acısıyla,

Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.

 

 

SƏN ÜMİDSƏN

 

Ən ağır itkilərdən sonra belə

İnsan tutunur həyata –

Zərrəcə bir ümiddən!

Çünki kimin üçünsə də sən

Yaşamaq üçün ümidsən.

 

 

HƏYATIN ÖLÜMƏ NİSBƏTİ

 

Axşamdan qalma yalanlar olur –

Sabaha satdığımız,

Özümüzü aldatdığımız.

Hər aldanış

Uğursuzluğumuza bir ümiddir.

Uğradığımız hər xəyal qırıqlığında

Ümid tutdu əlimizdən,

Həyat üçün böyütdü.

Odur yaşam səbəbi,

Həyatın ölümə nisbəti.

Ümidin hesabına həyat üzümüzə gülür,

Hər şeyə rəğmən, insan öləndə belə

Cənnətə düşmək ümidilə ölür.

 

 

***

 

Hilalın əksi düşür dənizə,

Zülmətin yarıb gecənin.

Sanki almış şəhəri qoynuna

layla çalır.

Göy üzü yaxın gəlir,

yerə ulduz səpilir,

Bir baxışdan min baxışa

özgə bir nəzər salır.

Sığal çəkir dalğalar

xəfifdən narın qumlara,

Dəniz coşub daşdığı sahilin

könlün alır.

 

 

ÖZÜ YIXILAN KƏSİN

 

Özü yıxılan kəsin

Gözündə yaşı olmaz.

Darıxmağın vədəsi,

Bəlkəsi, kaşı olmaz.

Xoşbəxtlik ilıq mehtək

Toxunar qəlbə, keçər.

Tale ölçü götürər,

Həsrəti ömrə biçər.

Keçər ömür qatarı

Arzuları aparar.

 

Xatirələr qoynunda

Xəyallardan qoparar.

Gündüzün fikirləri,

Gecənin dərd-ələmi.

Görən, xoşbəxt olaram…

Yerə qoysam qələmi?

 

 

HƏSRƏT YOLU

 

Sənsiz bu şəhərə

Nə gecənin qaranlığını yaran

Ay mavisi boylanır,

Nə gündüzünü aydınladan şəfəq sarısı.

Ala-toranlıqdı xəyallar,

Ümidsizdi arzular.

Hər şey kəm-kəsir,

Ürəyim qəfəsdə susqun, əsir.

Darıxmaq var, darıxmaq,

Ağlamaq var, gözü dolu.

Saxsıdakı çiçəkləri

Göz yaşıyla sulayaraq,

Pəncərə önündən başlayır həsrət yolu.

 

 

KÖLGƏ OYUNU

 

(Qızım Nilufər üçün)

 

Öz kölgəsiylə oynayır Nilufər,

O gedir, kölgə uçur qabaqda ürkək kəpənək kimi.

Tapdalamaq istəyir, tapdalaya bilmir,

Tutur, tuta bilmir,

Qaçır, çata bilmir.

Düşür kölgənin üstünə hünəri dəyənək kimi,

günəşin əksində günəşdən əzəmətli addımlayır.

Bir an fərqinə varır – yanında ananın nəhəng kölgəsi,

Nəvazişlə səslənən səsi,

Qaçıb öz kölgəsinə çata bilməyən balaca

yorğun vücudu.

Sığınır nəhəng kölgənin qucağına,

Günəşdən qıyılmır gözləri, dincini ala-ala

Rahat boylana bilir ətrafına,

Yolun elə ən başında fərqinə varır –

Sığındığı güvənilir,

 kölgənin içində öz kölgəsi qeyb olub,

Ana kölgəsində vücudu dincəlsə də,

ruhu sıxılmışdı öz kölgəsinin yoxluğuna.

Təlaşla çıxıb atılır günəşin qoynuna...

Günəş azadlıqdır …özgürlükdür …hürriyyətdir…

Onun işığıyla öz kölgəsinin izinə düşür –

İnamlı, cəsur, özgür.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)