“Şıltaq tale qatarının zamansızlıq sürgünü..” - ƏDƏBİ DEBÜT Featured

“Ədəbiyyat və uncəsənət” portalının ƏDƏBİ DEBÜT rubrikasında bu gün Cansel Cavid debüt edəcək. 

 

Cansel Kamandar qızı Hacıyeva 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər “İstedad” liseyini 2018-ci ildə bitirmiş, həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş, 2022-ci ildə həmin universitetdən məzun olmuşdur. Həmin il magistr təhsili olaraq Bakı Dövlət Universitetinin filologiya (Ədəbi tənqidin nəzəriyyəsi və tarixi) ixtisasına qəbul olmuşdur.

 

 

Hisslərindən asılmışlar

 

Bu gecə ölüm beşiyindən

dəhşətli səslər gəlir.

Sanki kimsə incidir

mənim günah körpəmi.

Ağlayış səsləri və hıçqırıq...

Mənsə sanki bir intihar anası

Beşiyə yaxınlaşıb görmürəm heç bir yara

Sezmirəm heç bir qırıq.

 

Mənim ölüm beşiyim

bir zəlzələ yaratmış

Əzilərək qalmışam

daş hisslərin altında.

Mənə yaxın keçmişim,

məni yıxan keçmişim

Tamam yad bir taleyə

İndi məndən uzaqda

başqa cür rənglər çəkir

saçlarımın ağıyla

qarası arasında.

 

Bu gecə o beşikdən

dəhşətli səslər gəlir.

Sanki ölçüb-biçir

hər anı, hər saatı

Bir intihar nəğməsinin

ən hüznlü son notları.

Dəyişmir cizgiləri,

Dəyişmir baxışları

Ölümün ən duyğulu

ən qorxusuz bu halı.

Buna sağlıq süzürəm

Gözlərdən son yaşları...

 

Bu gecə o beşikdən

Ölüm marşı səslənir.

Mənim günah körpəmsə

bu marşın sədasında

Mənə doğru addımlayır,

yeriyir.

Ruhum onun qarşısında

Susqunlaşır, qısılır.

Duyğulara sığınıb

Hissə-hissə olaraq

Hisslərindən asılır.

 

Dəyişilmir yasaqlar

Dəyişilmir qaydalar:

o dünyada üçə-beşə alınmır

bu həyatdan satılmışlar

Bəlkə heç kainata

təzədən gələ bilmir

Hisslərindən asılmışlar…

 

*

Dünən gəzdiyim yeri gəzmirəm daha

Əvvəlki tək qorxusuz da deyiləm.

Keçmişin izinə rastlasam əgər,

Qayğısız körpənin addımı kimi

Ayağım ilişib yıxılsam əgər,

Bir an uşaqlığa qayıtsam əgər

Düşməz bu günümə onun izləri

Uzaq baxışların kölgəsi kimi...

 

Bu gün məğlub olduğum o yerdə idim...

Sol tərəfdə çilik-çilik aynalar,

kədər, qüssə.

Sanki kəsmək istəyir

olan-qalan hisslərimi

pərçim-pərçim, hissə-hissə...

 

Əlvidalar lazım gəlir

dünəninə, bu gününə.

Yol almağın vaxtı çatır

şıltaq tale qatarının

zamansızlıq sürgününə...

 

*

Ləpələr hakim tək qənim kəsilib

Alır hisslərimi dilimdən bir-bir.

Üsyanla yoğrulan göz yaşlarının

Dadını lal olan dodaqlar bilir.

 

Gözlər axtarır axan yaşları

Süzülən ağrının hər damlasında.

Daha itiribsə, o baxışları

Ayaqlar itməkdən qorxur

Nə fayda?

 

Qayıda bilməzsən bir yolçu kimi

Zaman bilet satmır ötən gününə:

dövr edən bir təsbeh dənəsi kimi

Fırlanıb yenidən çatsın əlinə.

 

Ucu yanıq səhifələr daha kəsib ümidi

Səni ölü sanarlar!

“Ömür” adlı yazına sən qoyduğun vergülü

Didərlər sağsağanlar...

 

*

..Sonra birdən zaman gəldi,

qocaldın.

Üzərini ilan basmış saman gəldi,

Titrədin, çırpındın.

Zamanın keçmişi bir ilan kimi

Gəldi yuxularına, oyatdı səni.

Fırlandı, fırlandı, fikrə dolandı

Ən gözəl anından o çaldı səni.

Ətrafına nəzər saldın,

Sənə doğma yadlarını tanımadın–

Yaddaşını tanımadın...

Ruhu dəhşət bürüyəndə

Ürək təlaş dəmləyəndə

Yerin altı namə duydu:

“Oyan şirin yuxudan

Dünən bir qartal öldü”...

 

Axtarma heç dünəni

Geriyə dönmək faciə, zinhar

Dayan orda, bir addıma lüzum yox.

Daha sənin atacağın hər addım

bir az ölümü qoxlamaq.

Bir az intihar...

 

O sabahlar daha deyil səninki

O sevgilər daha deyil səninki

Ümid dolu açılan qucaqlarındır.

Bir zamanlar yağmurundan bezdiyin,

Qızıl rəngli, narın üzlü torpaqdan

Palçıq evlər düzəldən uşaqlarındır.

 

Xəzan təşrif buyurdu

Ağaclar şikar oldu.

Vərəqlənən təqvimin gənclik səhifələri

yarpaqtək quruduldu.

Axıb gedən ömrünsə hesabı unuduldu.

Saatları itirdin, dəqiqələri itirdin.

Sən zamanın zərrəsisən: 

Sən zamanı itirdin.

 

Bağışlama, zaman, məni

İndi sənin nisgilinin dilənçisi

olan mənəm!

Yanağından ömür süzən

günah mənəm!

Yaralarım qan ağlayır–

yaram mənəm!

Şəfa uman ağrıların,

sızıldayan qayğıların

cürətini qıran mənəm...

Göz yaşlarım maleh axır hər sətirdə

gizlin-gizlin.

Günahlarım əldə qədəh nalə satır

gildir-gildir... 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)