“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. İlk olaraq “Allahın kolleksiyaları” adlı hekayə ilə tanış olacaqsınız.
Uşaqlıqdan, yəni özümü xatırlayandan beləyəm. Kimdə bir balaca uyğunsuzluq görmüşəmsə, ondan uzaq durmuşam. Heç vaxt özümü həmin uyğunsuzluğa adaptasiya edə bilməmişəm. Ona görə də dostsuzluqdan əziyyət çəkmişəm. Yadımdadır, birinci sinfə gedəndə bir qızla dostluq etməyə başladım. Mənə valideynlərindən bəhs edəndə belə bir dialoqumuz oldu:
– Bilirsən, atamın boyu nə boydadır?
– Nə boyda?
– Laaaap hündür, 5 metr...
– O ağac boyda olar? – həyətdəki şam ağacını göstərdim.
– Ondan da hündür.
Evə gələndə bütün günü qızın atasını təsəvvür etməyə başladım. Onun yerişini, qapıdan içəri girməyini, masa arxasında oturmağını, çarpayıda uzanmağını. Ən maraqlısı isə bu idi ki, qızını qucağına alıb göyə qaldırsa, dünyanı büsbütün görə biləcəkdi. Qəribə gəlsə də, inanmışdım qıza. Adam niyə yalan danışsın ki? Elə deyirsə, deməli, elədir! Bilmirəm bu cür qəbul etməyim aldığım tərbiyədən idi, yoxsa yaradılışımdan. Tərbiyə deyəndə ki, mən buna tərbiyə deməzdim, rejim deyərdim. Bəli, bizim evdə ciddi rejim hökm sürürdü. Uşaqlıq azadlığını, ərkəsöyünlüyünü əlimizdən alan rejim.
Nə isə... Bir gün atası gəlib qızı məktəbdən götürəndə gördüm boyu mənim atamın boyundan da qısadır. Çox sarsıldım. Ən azından maraqlı təsəvvürlərimi itirdim. Elə həmin gün o qızdan uzaq durdum. Bundan başqa, müəllim dərs soruşan vaxt kimsə “başım ağrıyır” deyib ağlayanda ona yazığım gəlib üzülməyim. Sonradan məlum olurdu ki, dərsini bilmədiyi üçün elə edirmiş. Başqalarını da saydıqca saymaq olar. Bu kimi şeylər məni tənhalaşdırırdı. Ağlım kəsəcək dərəcədə özü-özlüyümdə Allah babaya şikayət edirdim. Əslində, olanlar normal şeylər idi, yəni uşaq ağlı. Amma mən də uşaq idim axı. Elə bu xarakterimlə, bu yanaşmamla, bu cür uyğunsuzluqlarla, narazılıqlarımla və ən əsası, bu “səyliyim”lə birgə böyüdüm. Düzdür, indi narazı qaldıqlarım fərqli idi və çoxunun da mənə ziyanı yoxuydu. Məsələn, şit-şit deyib, gülənlər, özlərini “qaqaş” kimi aparan qadınlar, arvad kimi aparan kişiciklər, diqqət çəkmək üçün artistlik edənlər və o artistliklərə də artistlik edib inananlar, özlərini yazıqlığa vuranlar, saxtakarlar, hamam suyundan dost tutanlar, işlərini keçirtmək üçün əyilənlər, sınanlar, nə bilim, nələr, nələr... Bunların mənə nə ziyanı vardı ki? Di gəl, nə olsun, görəndə qıcıq olurdum, əsəbiləşirdim. Yenə axşamlar yuxuya getməzdən əvvəl eyni şikayəti edirdim: “Ay Allah, belə mənasız adamları nə məqsədlə yaratmısan?” (böyümüşdüm deyə, ta baba demirdim) Axır, bir gün bezdim, kənardan durub özümə tamaşa elədim. Gördüm nə? Sən demə, bütün problemlər məndəymiş. Əlimi göyə tutub nə təhər bağırdımsa, elə bildim, tavan deşildi. Dedim, ay Allah, belə qəliz adamları, səyləri niyə yaratmısan axı?
Təzəcə yuxuya getmişdim ki, gördüm tavanın həmin deşiyindən bir əl uzanıb, yapışdı yaxamdan. Dedi, “A bala, nədir, nə istəyirsən? Sənin mənim kolleksiyalarımla nə işin var? Niyə ölmürsən öldüyün yerdə? Yaratdığım gündən canımı yığmısan boğazıma”. Dedim, onda yerimi dəyiş! Dedi, cəzalısan, səni ömrünün axırına qədər bu mühitdə, bu şəraitdə, bu ətrafda saxlayacağam. Bir də səsin çıxsa, səni albomumun bundan da betər nümunələr olan vərəqinə yapışdıracam.
Daha hər şeylə razılaşmışam. Dinmirəm, danışmıram, nəyimə lazımdır!? Məsələn, indi nağıl edəcəyim hadisə. Qoy öncə bunu deyim, sonra nağıl edərəm. – “Ay Allah baba, başına dönüm, şikayət etmirəm ha, elə-belə dostlarla söhbətləşirəm”.
Hə, deməli, illər öncə Binəqədidə həyət evində yaşayırdım. Onda oğlum balacaydı. Qonşuluqda Gülüm adında bir gəlin kirayədə qalırdı. Dolu əndamlı, parıltılı, toppuş sifətli, qonur, uzun saçlı, xoş simalı bir qadın idi. Hələ yeriyəndə arxasını qəribə bir əsdirməyi vardı. Bilmirdim, özü elə edirdi, yoxsa yaradılışdan eləydi. Əri haqqında müxtəlif fikirlər deyirdi. Gah deyirdi, ərim narkomandır, qızıllarımı oğurlayıb qaçıb, gah deyirdi, ərim başqa qadına qoşulub gedib, gah da deyirdi, ərim Rusiyada itkin düşüb. Hamısına da inanırdım.
Bir qızı vardı, haradasa, mənim oğlumla yaşıd. Günü bizdə keçərdi. Oğlumla pleysteyşın oynayardılar. Yatandan-yatana evlərinə gedərdi. Üst-başı həmişə çirkin içində olardı. Arada oğlumun paltarlarından ona geyindirib, özününküləri maşına atıb yuyurdum. Anası Gülüm də bizə gəlib-gedəndən sonra gərək iki gün qapı-pəncərəni açıq qoyasan ki, iyi evdən çəkilə. Uzun saçlarından yağ damırdı. Qonşular hər onu görəndə danlayırdılar ki, cavan gəlinsən, özünə fikir ver. Elə mən özüm də bir neçə dəfə tərifləyə-tərifləyə, üstüörtülü məzəmmət etmişəm. Ən azından “başını yu” deyirdim. Çünki özüm baş yumaq kimi bir alışqanlıqdan əziyyət çəkirdim. Başım yuyulmamış darvazadan bayıra çıxa bilmirdim. Arada özümü Əfliqaya da oxşadırdım. Əfliqanın 70 yaşı olsa da, heç vaxt ailə qurmamışdı. Yəni qız qarımışdı. Amma ümidi yaşlanmaq bilmirdi. Qapıları döyülən kimi tez qaçıb başını yuyardı. Elə bilərdi ki, gələn elçilərdir. Yaş saçını dümdüz ortadan ayırıb arxadan kip bağlayardı. Stulu altına çəkib başını aşağı salar, gözlərini qırpa-qırpa bir müddət elə oturardı. Sulu saçı kürəyini islatdığından tez-tez qulunc olardı. Peşman idin evlərinin yanından keçməyə. Çağırıb belini ovxalatdırardı.
Nə isə... Bir dəfə başımı yuduğuma görə özüm özümü danlayırdım. Bu vaxt Gülümün qızı qayıtdı ki, xala, sən də mamam kimi elə da. Dedim, necə, qızım? Dedi, mamam saçını dibdən qırxdı, deyir, yumaqdansa belə yaxşıdır. Məəttəl qaldım. Daha doğrusu, inanmadım. O cür saça qıymaq olardı? Darvazadan çıxanda gördüm Gülüm başında kepka, bizə tərəf gəlir. Dedim, ay qız, hanı sənin saçların, niyə qırxdın? Kövrəldi, qoluma girib bir az kənara çəkdi.
– Keyfimdən qırxmamışam e, bacı, siz bilmirsiniz, heç kimə deməmişəm, bəs mənim “xərçəng” xəstəliyim var, – dedi.
Bıy dədə, yer-göy başıma uçdu. Nə hala qaldım, Allah bilir. Bir də gördüm Gülümün iri gövdəsinə nətər yapışıb, qucaqlamışamsa, məni özündən qopara bilmir. Ha itələyir, özündən ayırammır.
Sonra xəbər yavaş-yavaş qonşulara da yayıldı. Hər gün bir dəstə qonşu yığışıb, bazarlıq edərdik, pay-pürüşlə gedərdik Gülümgilə. Darvazalarının ağzına qədər ağlaşardıq, sonra gözümüzü silib, yalandan gülə-gülə girərdik içəri ki, eynini açaq. Hərə bir iş görürdü. Kimi yeməyini bişirərdi, kimi qab-qaşığını yuyardı, kimi evi təmizləyərdi, mən də ütüləmə işinə baxardım. Alt paltarlarına qədər ütüləyib qatlayardım. Alt paltarı da ki elə bil toy çadırı idi. Ütünü bu başından o biri başına aparanacan canım çıxırdı. Aylarla qalaqlanmış zibilini də atıb dağılışardıq evə. Birimizin də huşu kəsmirdi ki, həkimin yazdığı reseptə baxaq, köməyi bu sahədən edək. Hələ mənə ən məsuliyyətli və vacib iş də tapşırmışdılar – ərini tapmaq. Heç olmasa uşağına sahib çıxsın. Deyirdilər, sənin ətrafın genişdir, maraqlanıb tapa bilərsən. Mən də hər gün evdə məşq edirdim, görüm o xəbəri necə deyə biləcəm ona. Gah kövrəlirdim, gah hönkürürdüm. Hələ arada başıma kələğayı da atırdım.
Bir gün qonşulardan biri dedi ki, vallah, Gülümü parkda bir kişi ilə ələ-ələ tutub gəzən gördüm. Başqa biri dedi, Gülüm bir maşında qabaqda oturub harasa gedirdi. Sonra biri dedi, gecələr Gülümgilə bir kişinin gəlib-getdiyini özüm görmüşəm. Belə-belə qonşularda ona qarşı bir soyuqluq yarandı. Görəndə yollarını da dəyişirdilər. Gülüm də ağını çıxartmışdı. Ta heç kimi saymırdı. Abır-həya etmədən lopabığ kişini yanına salıb məhəllə marketinə girirdi. Nə vaxt da baxırdın, ağzı işləyir. Gündən-günə də şişib, əndazədən çıxırdı. Balaca burnu, incə dodaqları şişman ovurdlarının arasında itib-batmışdı. Özü də etdiklərinin fərqindəydi deyə, qonşuların soyuqluğuna əhəmiyyət vermirdi. Bir dəfə uşağı bizə ötürəndə tutdum onu. Dedim, ay Gülüm, sən niyə bu qədər kökəlmisən, az ye da. Yenə qoluma girib, məni kənara çəkdi.
– Elə bilirsən keyfimdən kökəlmişəm? Məni “xərçəng” bu hala salıb, – kövrəldi.
Yenə eyni şey baş verdi. Möhkəm qucaqlayıb, tərinin qoxusunu ciyərimə çəkdim.
Qonşulara hay saldım. İndi hərə öz gördüklərini başqa səmtə yozdu. Son nəticə belə oldu ki, yazıq Gülüm ömrünün sonlarını yaşayır deyə, bütün tanış-bilişlə, qohum-əqrəbayla isti münasibət saxlayır ki, ona bir şey olsa, kimsə uşağına yiyə çıxsın. Yenə pay-pürüş və Gülümün evi. Bir gün hay düşdü ki, Gülüm qoşulub bir nəfərə qaçıb. İndi ev yiyəsi axtarır, tapa bilmir ki, aylarla yığılan kirayə pulunu alsın.
İllər keçdi, Gülümdən heç bir xəbər olmadı. Mən özüm də şəhərə köçəsi oldum deyə, Binəqədi ilə əlaqəm kəsildi. Bu yaxınlarda marketdəydim. Kassada işləyən gənc qız diqqətimi çəkdi. Qaşının üstündəki iri, qara, aypara şəklində xalı məni özünə cəlb elədi. Həm də siması çox doğma gəldi. Yaxınlaşıb, “sən Gülümün qızısan?” – soruşdum. Diqqətlə üzümə baxıb, “bəli” dedi. Ürək eləmədim anasını soruşmağa. “Bir dəqiqəlik vaxtını mənə ayıra bilərsən?” – soruşdum. Kassanı yanındakı qıza tapşırıb bayıra çıxdı. Dedim, qızım, mən filankəsəm, yadına gəlir? Üzünə eynən balacalığının təbəssümü qondu. Qucaqlaşıb görüşdük. Yavaşca “maman” deyib dayandım. Bu dəfə təbəssümünü şıltaq bir gülüşə dəyişib, “eh xala, mamamı görsən, tanımarsan, mədəkiçiltmə əməliyyatı elətdirib, olub incə-mincə bir qız” – dedi. Dərindən nəfəs aldım. İçimə səs salacaq bir “şükür” pıçıldadım. Sonra “bax bu binada qalırıq” barmağı ilə bizim binanı göstərdi.
Bəlkə də, Gülümlə nə qədər rastlaşmışıq. Amma necə tanıya bilərdim axı? Həm burada yaşamağı ağlıma gəlməzdi, həm nə qədər illər keçib, həm də arıqlayıb dəyişib.
Həmin gündən gözlərim hər yerdə onu axtarmağa başladı. Ən azından xırıltılı səsindən, yerişindən, dünyaya laqeyd baxan gözlərindən tanıyardım. Bir gün səhər işə gedəndə gördüm məndən öndə incə bir xanım gedir. Arxadan armudu stəkana oxşayır. Ombasının “vibrasiya”sından tanıdım. Hə, bu, Gülüm idi. Nə qədər arıqlasa da, ombasının həcmi yerindəydi. İxtiyarsız “Gülüm!” çağırdım. Dayanıb geri baxanda çaşdım. Az qala bir-birinə yapışan ovurdları, qabarıq alma sümükləri, ağ iri dişləri, dişlərini örtməyə gücü çatmayan şişirdilmiş dodaqları Gülümün ola bilərdimi? Yəni özünü kəndçimiz çoban Tapdığın yabısına necə oxşada bilər bizim bu Gülüm?
Yadımdadır, yabı arıqlayıb yararsız olduğundan Tapdıq kişi açıb örüşə ötürmüşdü ki, gedib harada canını tapşırır, tapşırsın. Yabı da nə ölən kimi ölürdü, nə də qalan kimi qala bilirdi. Eləcə gəlib müqəvva kimi bulağın başında durub dişlərini ağardırdı. Uzaqdan ağaran dişlərini görəndə elə bilirdin, yoldan gəlib keçənlərə, su daşıyanlara, eləcə dünyanın gərdişinə baxıb gülür.
İndi bu Gülüm də eynən həmin yabı kimi gülürdü, dişlərini bağlaya bilmirdi. Amma gözlər, laqeyd baxışlar yerində idi, dəyişməmişdi. Bir müddət dayanıb bir-birimizə baxdıq. Görünür, o da yaddaşını format edib, məni xatırlamağa çalışırdı. Bəlkə də, “tanımamaq” üçün yollar fikirləşirdi. Baxma, Binəqədidə iz qoyub qaçmışdı. Gülümsəyib, “bu nə gözəllikdir, ay Gülüm, barbi kimi qız olmusan!? deyib, üzərinə getdim. Səmimiyyətim planını pozdu, deyəsən. Qucaqlayıb görüşdü mənimlə. Qəfil ağlına nə gəldisə, yenə qoluma girib, kənara çəkdi məni: Eh, ay bacı, elə bilirsən keyfimdən arıqlamışam? Xərçəng məni bu günə qoyub, – səsini titrətdi.
Bıy dədə, bu dəfə cin təpəmə nə təhər vurdusa, istədim tutum onun “xərçəng”indən küçə boyu sürüyüm. Tez özümü cəmləyib, üzümü göyə tutdum. Dedim qələt eləyirəm, ay Allah, mən kiməm ki, sənin kolleksiyalarına qarışam. Sənə də qurban olum, kolleksiyana da. Bir də baxdım xeyli kənardan Gülümün səsi gəlir:
– Səylərinə şükür, Xudaya!
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)