POETİK QİRAƏTdə Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeirini təqdim edirik. 

“Məni azadlıqla tanış eyləyin-

 Görüm halı necədi”, - deyir şair. 

Təbii ki, hər bir yaradıcı adam mənəvi azadlığa can atır. 

Xoş mütaliələr!

 

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma.

 

Mənə bir parça kağız verin-

qələmə qısılan sözlər  qalıb.

Son şeir vəsiyyət kimi olur.

 

Bir parça bulud verin

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin-

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su  verin-

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Mənə bir az göy üzü verin,

bir tikə ay işığı

Yer üzü sizə qalsın.

 

Məni azadlıqla tanış eyləyin-

Görüm halı necədi.

 

...Mənə bir ulduz verin-

 isidim əllərimi...

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)