“Yaşamağın nə ləzzəti “Yüzdən" sonra?” - VAHİD ƏZİZİN ŞEİRLƏRİ Featured

Xalq şairi Vahid Əzizin yeni şeirlərinin təqdimi davam edir.

 

 

Sənə yanan mən olacam...

 

Çoxmu qalır gəlməyinə?

qarşılayan mən olacam!

Göz yumaraq hər işinə,

qarışmayan mən olacam,

 

Ömrün bir son baharında,

köçsəm durna qatarında,

vəfasızlar Divanında

qınanmayan mən olacam,

 

Qıyma; həyat qəfil sına,

ürəyimin vəfasına,

xəcalətlər boyasına

boyanmayan mən olacam,

 

Ürəkli ol, vaxta dirəş,

tacsız saman - adi küləş,

nə Ay olsa, nə də Günəş,

sənə yanan mən olacam,

 

Duymazsan qəlbin ahını?

Adam danmaz Allahını!

Özgə etməz - günahını

bağışlayan mən olacam,

 

Qurban olum gözlərinə,

rəhm elə bu sərsərinə,

hər dərdinə, hər şərinə

yenə şayan mən olacam,

 

Çoxmu tutum səni dilə,

yaşlar töküm gilə-gilə?

Üzün məndən dönsə belə,

xatırlayan mən olacam,

 

Yolların düşdü haradan?

yerimi bilir Yaradan!

Bəxş etdiyin yaralardan

sağalmayan mən olacam,

 

Satmaqdayam günü-günə,

güman qalmır gəlməyinə,

el desə də, ölməyinə

inanmayan mən olacam...

 

 

Dünya bizimdi...

 

"Dünya sənin, dünya mənim,

dünya heç kimin".

Məmməd Araz

 

Eşələdim bu cahanı mən hər üzünə;

düşünmə ki: "Ömrün mehi bircə əsimdi",

Tanrı özü şərik qoşub bizi - Özünə,

əgər bura gəlmişiksə, Dünya bizimdi!

Biri - aydın, biri - zülmət; Doğu - Batı var,

yer üzünün bizim üçün üstü, altı var,

əl çatmayan səmaların yeddi qatı var -

bilmişiksə, kainatla - Dünya bizimdi!

 

Bezdirsək də, bir kənara çəkməz özünü,

pıçıltıyla danışsan da - tutar sözünü,

dünyamıza basqın etmiş düşmən izini

qanımızla silmişiksə, Dünya bizimdi!

 

Saniyəsi, dəqiqəsi, ayı, ili var,

ixtiyarı bizdə olan dağı, çölü var,

gözlərimiz tox olarsa - hamı tox olar,

zəmilərdə bitmişiksə - Dünya bizimdi!

 

Ayırd etmək dadı, duzu - dilə bağlıdı,

hətta duru çeşmələr də lilə bağlıdı,

ögey bilsə, cismimizi saxlayarmıdı?

Qucağında ölürüksə - Dünya bizimdi...

 

 

Gəlin axtarardı

toyda analar...

 

Unuda bilmərəm həyatım boyu,

hardasız, sinəsi kövrək sazlılar?

Tozlu-tozanaqlı "Palatqa toyu"

bəxtəvər edənlər - boşanmazdılar!

 

Şənliyə axardı bütün el, mahal,

Günəştək yanardı bəylər, gəlinlər,

qoçlar - buynuzunda qırmızı dəsmal;

izdivac yolunda qurban gedənlər.

 

Gəlin axtarardı toyda analar,

bəxtləri gülərdi subay qızların,

şəninə uyardı köçən durnalar

toylar fəsli olan son baharların.

 

Yaxşı ki, hələ də toylar çalınır -

qəmlər unudulur, dərdlər sovrulur,

"Saray" toylarında hər şey tapılır,

bir azca doğmalıq qıtlığı olur.

 

Bir azdan dönəcək payız toyları,

görək - kim "bəy" olur, kim "gəlin" gedir?

"Üzərlik" yandırın, "Toy Sarayları",

dəbdəbə toyları gözə gətirir...

 

 

Paho, qatarımız

çoxdan gedib ki...

 

Sən o perrondasan, mən bu perronda,

arada relslərin saldığı uçrum,

çiçəyim, deginən: - "boranda-qarda,

inciyən sonamı hara uçurdum?"

 

Uzat əllərini, bəlkə qovuşdu

saçına həsrətli bu əllərimlə,

indidən göz yaşım ovuc-ovucdu,

ayrılma, sel olub gedər səninlə!

 

Elə bil ilk dəfə qarşılaşırıq;

sən o perrondaydın, mən bu perronda,

elə bil sıramı salıb qarışıq,

gözucu süzərək durdum yanında.

 

Gəl, vurnux dövrəmdə, elə bilək ki:

"Guya, düymən qopub, sırğan itibdi,"

başımız qarışsın, gileylənək ki:

"Paho, qatarımız çoxdan gedib ki..."

 

Arada heç bir şey olmayıb kimi,

öpərək, çantanı əlinnən alım,

yenə də köksümə sıxaraq səni,

isti pencəyimi çiyninə salım.

 

Göz-gözə gah coşaq, gah pıçıldayaq:

"Bir gör, nəyə görə davalıymışıq?"

Sən məni, mən səni günahkar sayaq:

"Həlbət, ikimiz də havalıymışıq!"

 

Sən o perrondasan, mən bu perronda,

arada relslərin saldığı uçrum,

çiçəyim, bir dayan, bu son baharda

ömrümü-günümü hara uçurdum?..

 

 

"Yüzdən" sonra...

 

Mənə "Yüz il" arzulayan,

nə olacaq "Yüzdən" sonra,

xatırlayıb yada salan -

nə salacaq "Yüzdən" sonra?

 

Daha mənə dost, o zaman,

fərq eləməz, dağla aran,

qurudunsa - canlar alan

nə alacaq "Yüzdən" sonra?

 

Lap yerində qalsın huşun,

yaşıdı ol kor bayquşun,

həmsöhbətin, ya tay-tuşun

kim olacaq "Yüzdən" sonra?

 

Çəkil, get üzü yumuşaq,

inan mənə; oğul-uşaq

səndən canın qurtarmağa

çalışacaq "Yüzdən" sonra!

 

Cana hər cür azar gələr,

son bahartək yazlar gələr,

tiftiklənmiş astar gələr

didiklənmiş üzdən sonra!

 

Nə minməli belin qalar,

nə pul verən əlin olar,

adın eldə bəd hallanar,

(kül atılar közdən sonra)

 

Get...yansınlar boş yerinə,

çəkil, uzaqlaş Yerinə,

ağlayanda - yaş yerinə

nə gələcək gözdən sonra;

 

Yüzdən sonra

yaşananlar - qismətimiz,

qorunmalı hörmətimiz,

gedək, abır-ismətimiz

gedə bilər üzdən sonra.

 

Alovlar dil-dil danışar,

xatirələr kül danışar?

Gerçəyini El danışar

barəmizdə bizdən sonra.

 

Basa-basa səbrimizi,

qələm qazar qəbrimizi,

Vahid Əziz,

yaşamağın nə ləzzəti

"Yüzdən" sonra?

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)