“Keçərik taleyin körpüləriylə…” - VAHİD ƏZİZİN ŞEİRLƏRİ Featured

Rate this item
(0 votes)

Xalq şairi Vahid Əzizin yeni şeirlərinin təqdimi davam edir.

 

 

Kəlbəcərdə...

 

Yolunu bizlərdən yaxşı salmısan,

gecənin bu vaxtı qapımı döyən.

Bu eldə hər kimin qonağı olsan

ya dastan yazandı, ya şeir deyən.

 

Çox evdə işıqlar sönməz gecələr,

aşıqlar göylərdən enməz gecələr,

comərdlər diyarı - ulu Kəlbəcər -

hər sözü oynadıb yerində deyən.

 

Hələ indiyədək görünər yeri -

dağlar da unutmaz Dədə Şəmşiri,

Vurğunla Ustadın deyişmələrı,

dillər əzbəridir - Ellər söyləyən.

 

Hansı diyarda var bir belə sərvət;

Bəhmən Vətənoğlu, Qəmdər, Sücayət;

bu eldə - Baş tacı - namusla qeyrət,

(biri də mən özüm - bu şeiri deyən).

 

Dünya "Daş muzeyi" - qədim Kəlbəcər,

bura Tanrı özü hərdən baş çəkər,

torpaq özü oldu zirehli əsgər,

qanlı kəfənini əyninə geyən.

 

Fərq etməz, bizlərdə "qışdı", ya "yaydı",

hər ev səni bu cür qarşılayardı,

hesab et: bacındı, ya qardaşındı,

hər kəs - gecə vaxtı qapımı döyən...

 

 

Balaban

 

Qardaş Türkiyədə məskunlaşmış ustad, balaban ifaçımız Əlixan Səmədova

 

Duyub milyon-milyon səslər içində,

həmən tanıyram - hankı Balaban!

Sonuncu ümidi sönən içində -

ağlayan kişidir sanki Balaban.

 

Ürək tar kimidir, ciyərlər - Kaman,

Zurna - coşan seldir, Sazlar - asiman,

Tütək - sürüləri qoruyan duman,

Davul - Ordu zəhmi, cəngi  - Balaban.

 

Nə əhval pozandır, nə qulaq yorar,

adamın içindən bədbinlik qovar,

kübardır - çəkilib kənarda durar,

Zurnalar çalanda "Cəngi" - Balaban.

 

O - uca göylərdə durna qatarı,

ağac gövdəsinə bal yığan arı,

Günəş işığının Yeddi çaları,

üstəlik, Yeddi min rəngi - Balaban!

 

Çoxdan görüşmürdün Vahid Əziznən,

ayrı düşənlərdən - Dərələyəzdən,

məni körpəlikdən bəyaz bələkdə

öpüb-oxşayardın, sən ki, Balaban,

dindirin - nəğmələr, səslər içində

həmən tanıyaram - hankı Balaban...

 

 

Anamın boyu...

 

Adı həm dilimdə, həm ürəyimdə,

qəlbimdə - yaxdığı çıraqdır yanan,

boyu necəydisə mən ilk görəndə,

elə o boyda da köçdü Dünyadan.

 

Qızlar saç buraxır, söyüdlər kimi,

"Koroğlu" oğlanlar bığ saxlayırdı,

artmaqda olsa da saçımın dəni,

Onu öpdüyümtək körpəliyimdə,

(Anam da lap elə-qocalığında)

məni eyni cürə qucaqlayırdı.

 

Dolaşıb nəyinsə axtarışında,

hər şeyi yerinə vaxt qaytarırmış.

İndi anlayıram, ahıl yaşımda,

insan qocaldıqca - uşaqlaşırmış.

 

Ömür dərə-təpə, sıldırım, yarğan,

keçərik taleyin körpüləriylə,

qızlar boy atmazlar Ana olandan,

boyu paylaşarlar körpələriylə.

 

Qalar keçmişimlə gələcəyimdə;

ürəyim - yaxdığı çıraqdır yanan,

O nə boydaydısa mən ilk görəndə,

Anam o boyda da köçdü Dünyadan...

 

 

İnanmasan...

 

Doğula bilməzdim niyyəti çirkin -

açım ürəyimə bax, inanmasan,

qonmuş eyvanıma bəyaz göyərçin,

bu da ki, şəklidir - "ağ!" - inanmasan,

 

Küləklər çox oldu - ömrümə əsən,

elə güman etmə, tək elə - sənsən!

Çaşma, min il sonra tapıb-görüşsən;

bu da ki, o şəklim, "sağ" - inanmasan.

 

Mən - sevgi yolunda həm dağ, həm aran,

üstümdə havalar, hey, xarab olan,

sənsiz ömür soyuq, can perik-pərən,

buyur, ətəyinə yığ, inanmasan.

 

Mənimlə tən gəlməz - sevsən hər kimi,

qəlbim "ağılarda" sətirlər kimi,

duyub sənə olan məğrur eşqimi,

gələr ayağıma dağ, inanmasan...

 

 

Gözəllikpərəst

 

Giley eləməyə yoxdur adətim -

(sadəcə, özümlə dərdimi böldüm)

həm Şair, həm Rəssam ola bilərdim;

amma inanmıram gözəlliyini

vəsf edə bilməkçün bir boya yetsin,

 

Sən - mavi göylərdə süzən qağayı,

tapılmaz, üzünün-gözünün tayı,

Üfüqsən; "Lacivərd", "Yaşıl", "Çəhrayı"-

qatsam bir-birinə Min ili-ayı,

yatsam, inanmaram, səndən doymağa

bütün yuxularım bəs edə bilsin!

 

Səttar da "Fırçadan" əlini cəkdi,

(üzünə Cənnətdən örtük çəkildi),

Mən də Müşfiq kimi "Gözəllikpərəst";

mənə də səmalar hönkürəcəkdi,

çətin, ağlamağa El yası yetsin!

 

Söykə ürəyini qəlbdəki səsə,

eşqinlə ayrılıb-dönən nəfəsə,

yaşamaq, sadəcə, ömür etməkdirsə,

fərq etməz, hansı bir anında bitsin...

 

 

O yolnan...

 

Bir gün kor olarsan, gözəl, tüstümə -

sən məni yandırma gülüm, o yolnan,

kölgəm də kölgənin düşməz üstünə,

qol-qola getməsə bu qol o qolnan.

 

Çiçək, təkəbbürlü baxışdan əl çək,

səndə şəklim varsa, yanında gül çək,

könlündən-könlümə telindən tel çək,

səsləşə bilsinlər bir yol bu yolnan!

 

Arada, bilirsən, nə qədər il var?

Baxma duruluğa - çeşmədə lil var!

Bu kol - bülbüllüdür, o kolda gül var -

nələr pıçıldaşar bu kol o kolnan?

 

Yel əsdi - bağlarda çox yuva uçdu,

pərvanə şamdakı alova uçdu,

bəlkə, sonaları bivəfa quşdu,

nədən yola getmir bu göl o gölnən?

 

Axşamı - qaraqaş, səhəri göygöz,

Bakinin işvəli Xəzəri göygöz,

özünü yandırar dağıtdığın köz,

sən mənə qıymışdın bir yol o yolnan!

 

Üz-üzə gələnə kormu olursan?

Donuram - saçlarda qarmı olursan?

Mən də öz qəlbimi korluğa vursam,

nə cürə anlaşar bu "kor" o "kornan"?

 

Qırıldı qəlblərin çox arzuları,

Davalar - şavalar, el qırğınları.

Analar Sülh üçün doğur onları;

savaşa qalxmasın oğul-oğulnan;

dağılar Dünyamız, Tanrım, o yolnan...

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)