Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Səhər” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin  şeirlərini təqdim edir. 

 

 

SƏHƏR

 

Özümə hər axşam şeir yazıram,

Yazdığım nə varsa, silirəm səhər.

Gecələr yanımda olsan da mənim,

Yuxu olduğunu bilirəm səhər.

 

Dəli tək özümlə danışsam da mən,

Duyduğum hər sözlə alışsam da mən,

Özümdən qaçmağa çalışsam da mən,

Dolanıb özümə gəlirəm səhər.

 

Darıxıb, sıxılıb hey dığlasam da,

Gördüyüm hər şeyə göz bağlasam da,

İçimdə yas tutub çox ağlasam da,

Hamının üzünə gülürəm səhər.

 

Çevrəmdə hamı var, yalnız qalıram,

Divara baxıram, hara dalıram?

Hər gecə yaşayıb nəfəs alıram,

Yenə də ölürəm, ölürəm səhər.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)