Şəhidlər barədə şeirlər - Səid Rəşidzadə

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

ŞəhidSəid Rəşidzadə

 

SəidRəşidzadə 1990-cı il yanvarın 28-də Füzulirayonunun Horadiz şəhərində anadanolub. Onun atası — Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi.

Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb.

Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan ordusundan təxris olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə könüllü olaraq yollanıb. O, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il Sərəncamı ilə layiq görülüb.

 

 

Səni salamlayıram,

Əbədi ruh, can oğul.

Sən müqəddəs bayrağı,

Hadruta sancan oğul.

 

Səni salamlayıram

Vətənin əli ilə,

Ananın baxışları,

Atanın dili ilə.

 

Atan da salamlayır,

Deyir, Səid, necəsən?

Vətən də salamlayır,

Deyir, şəhid, necəsən?

 

Səni salamlayıram,

Pir şəhid, ocaq şəhid.

Yastığı vətən daşı,

Yorğanı bayraq şəhid.

 

Səni salamlayıram

Qanı zəfər boyası,

Tabutunu beşik bil,

Himni ana laylası.

 

Bağışla ki, halını

Soruşa bilməyirəm.

Bağışla ki, şəkillə

Danışa bilməyirəm.

 

Susuram sənin kimi

Taleyin illərinə.

Dağılıb təbəssümün

Bütün şəkillərinə.

 

Səni salamlayıram,

Cənnətdən əsən külək...

İlk dəfə şəhid kimi

Doğum günün mübarək!

 

 “Ədəbiyyat və incəsənət”

(01.07.2024)