Unudulmaz sevgi şeirləri: Səlim Babullaoğlu, “Bilirəm, darıxırsan…” Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Sevilən şairimiz Səlim Babullaoğludan gəldi bu dəfə sevilən rubrikamızın şeiri. “Bilirəm, darıxırsan…” deyir şair. 

Darıxmaq insan övladının ən əzablı bir vərdişidir, bəzən ayrı-ayrı doğmalarımızdan, bəzən evimizdən, yaşadığımız şəhərimizdən, ölkəmizdən ayrı düşəndə darıxırıq, bəzən zamanımızı ürəyimizcə olmayan məşğuliyyətlərə, işə həsr edəndə darıxırıq. Bəzənsə sevdiyimiz üçün darıxırıq. Darıxmaqların ən mükəmməli elə budur. 

 

Bilirəm, darıxırsan,
Mən də ki sənin kimi.
Gah özümü söyürəm,
Gah da neynim, iqlimi.


Ömür dediyin ki var
Bir yatımlıq yuxuymuş.
Olanlar elə olur,
Sanki heç vaxt yoxuymuş.


Yenə öz ayaq səsim
Ötürür məni evə.
Sən aç qapını yenə
Üzümə sevə-sevə...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)