POETİK QİRAƏTdə Əlizadə Nurinin ”Dünya bu uşağındı...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün daimi müəllifimiz Əlizadə Nuri “Dünya bu uşağındı...” deyir. 

Son vaxtlar mükəmməl şeirlər yazan və məhsuldarlığı da yüksək olan Əlizadə Nuri öz oxucu sayını durmadan artırır. Bu da təqdirəlayiq haldır. Təki, yaxşı şeir sevilsin. 

Xoş mütaliələr!

 

Dünya bu uşağındı...

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu?-

Ürəyi yumşağındı.

 

Ömürdü də çıxıb gedir...

Hərə bir az baxıb gedir.

 ...Adamlar da axıb gedir

Hamı axın- axındı...

 

Kim çağırdı qəssabları?

Kim apardı hesabları?

O payızın xatirəsi,

Bu ağacın əzabları

Sonuncu yarpağındı.

 

Tanrı, bunu nədən cızdın?-

Halal olanlar halsızdı.

Yerdəki rəsmin  o qızdı

Göydə göy qurşağındı.

 

Əlim də gəlmir oyadam,

Bu yuxudan, bu röyadan.

...Xəbəri yoxdu dünyadan-

Dünya bu uşağındı...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)