Şəhidlər barədə şeirlər - Bayram Qasımov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Bayram Qasımov

 

Bayram Arzu oğlu Qasımov 2001-ciil martın 21-də Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri Bayram Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Subay idi.

 

 

Ananın qəlbini ovutmaq üçün,

İndi mən nə deyim, necə söz yazım?

Misralar od tutub alışsın gərək,

Elə alov yazım, elə köz yazım.

 

Yazım bu məzarın yiyəsi kimi,

Kəsim bu həsrəti, biryolluq edim.

Ya sənə çevrilim, sən olum, şəhid,

Ya da ki anana oğulluq edim.

 

Yox, edə bilmərəm, layiq deyiləm,

Bu sənin məqamın, sənin çağındı.

Qələbə sevinci, bala itkisi,

Bütün düşüncələr darmadağındı.

 

Gör necə danışır, gülür bu şəkil,

Şəhidlər çevrilir vətən sirrinə.

Bu məzar hamının məzarı, çəkil,

Biraz da mən yatım sənin yerinə.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)