BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə Featured

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Səni qana- qana yazmaq olmur,

yaza- yaza qanmaq.

Sənə yetməyin bircə yolu var:

Yanmaq!!!

Yanmaq!!!

Yanmaq!!! 

(İbrahim İlyaslı)

Əziz şairimiz, şeir yazarkən ruh halınızın necə olduğunu Sizdən soruşsaq, sözlə təsviri mümkün olarmı?

 

 CAVAB

Mümkün deyil deyə düşünürəm. Çünki özünüzün də dediyiniz kimi o bir haldır. Halın təsviri olursa o ya bir rəsm əsərinə, ya bir bəstəyə, ya da bir şeirə yansımaqla öz ifadəsini tapa bilər. Elə sitat gətirdiyiniz şeir parçasında olduğu kimi – yanmaq… Yanğının görünən tərəfi alov, tüstü, köz, nəhayət kül olur… Özgə nə deyim?! Məsələn, yalqızlığın halı deyək;

 

Bu gecədə mən duyanı,

Bir bəndə-bəşər duymasın.

Bu qədər zülmü, yazıqdı,

Allah heç kəsə qıymasın.

 

Bu gecənin ortasında,

Məndən özgə oyaqmı var?!

Çıxmağa cığırmı qalıb,

Yeriməyə ayaqmı var?!

 

Yalqızam YERin üstündə,

GÖYün altında yalqızam.

AZƏRBAYCAN söylənilən

Öyün altında yalqızam.

 

Nə təkəm, nə də tənhayam

Dörd yanım millət, məmləkət.

Yalqızlıq yalquzaqlıqmış,

Ulaya bilmirəm fəqət.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)