“Biz bir-birimizçün yaranmamışıq” - ŞEİRLƏR Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir. 

 

 

YORULDUM, İNANMADILAR

 

Nağıl sevgilərdə qaldım,

Məni gerçək sanmadılar.

Elə yerdən yaralandım, 

Yara bilib sarmadılar.

 

Ağrılar içimdə dağdı, 

Zirvəsinə alov yağdı.

Hər dərdə körpəm tək baxdım,

Gəlməkdən usanmadılar.

 

Söz olub Haqqa deyildim,

Söz üçün ölüb dirildim.

Həyatı yanmaqda bildim,

Ondan mənə yanmadılar. 

 

Tutundum qələm-silaha,

Yenə də pənah Allaha...

Gücümdən yoruldum daha,

Yoruldum, inanmadılar.

 

 

HÜNƏR ODUR...

 

Haqqa getməyən yolun

Bilinməz düzü, tərsi.

İnsan dərs almadıqca

Bitməz Allahın dərsi.

 

Ömür boyu tükənməz

Bu taleyin sınağı.

Qaya kimi dayanar 

Yol üstündə qınağı.

 

Bəzən təbiətin də

Üzü dönər, sərt durar.

Yağışı döyəcləyər, 

Dolusu qırmanc vurar.

 

Kəsər fələk ipini

Gözləmədiyin yerdə.

Bir az böyütmək üçün

Tanıdar səni dərdə.

 

Həyat - sonsuz  imtahan,

Hamı keçər birtəhər.

Qorxma, qatı zülmətin 

İçindən doğar səhər.  

 

Hünər odur  gecəyə

Qəlbindən nur verəsən.

Dərdə baxıb Allahın

Böyüklüyün görəsən.

 

 

ƏRİK AĞACLARI ÇİÇƏKLƏYƏNDƏ

 

Nənəmin çöhrəsi güllər açardı,

Babamın üzündən kədər qaçardı,

İlk bahar aləmə ətir saçardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Hər ağac ağ gəlin, üzündə düvaq, 

Bir ömrün yazına bəzək hər budaq.

Sanardıq bir də qış qayıtmayacaq,

Ərik ağacları çiçəkləyəndə.

 

Torpaq ağ ləçəkdən xal-xal olardı,

Qəlbimə dağ boyda fərəh dolardı.

Hissimi, ruhumu məndən alardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Qaçışardıq bağda kəpənəklər tək,

Səpilərdi telimizə ağ çiçək.

Evə qayıdardıq elə sevincək…

Ərik ağacları çiçəkləyəndə.

 

Yarı soluxardı, yarı qalardı,

Yağış döyəclərdi, külək yolardı,

Əl yetəni qızlar dərib talardı,

Ərik ağacları çiçəkləyəndə.

 

Yadımda o doğma bağçanın ətri, 

Neçə bahar ötüb o vaxtdan bəri,

Biri də verməyib o yazın yerin.

Mənə o bağçanı, o yazı verin 

Ərik ağacları çiçəkləyəndə.

 

 

BİZ BİR-BİRİMİZÇÜN YARANMAMIŞIQ

 

Biz iki dünyanın adamlarıyıq,

Birində zülmətdi, birində işıq.

İki fərqli baxış, iki yad ürək,

Biz bir-birimizçün yaranmamışıq.

 

Mənim arzularım yelkənsiz gəmi,

Sənin dalğaların  aparmaz  məni.

Bu sevda dərd olar ayrılıq kimi,

Biz bir-birimizçün yaranmamışıq.

 

Qıymaram köksümdə yanan günəşə,

Sən çətin dözəsən oda, atəşə.

Nə zaman görünüb yay-qış birləşə?!

Biz bir-birimizçün yaranmamışıq.

 

Mənim yolum üstdə hər kəs mələkdi,

Sənin nəzərində hamı kələkdi.

Özünü aldatmaq nəyə gərəkdi?

Biz bir-birimizçün yaranmamışıq.

 

Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək,

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)