Şəhidlər barədə şeirlər - Cəmil Məmmədli

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Cəmil Məmmədli

 

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq, sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.

Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, ona Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan verildiyini demişdi.

"Atıcılıq" - bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəldi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Habil oğlu Məmmədli "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

 

Quruca söz yazıram,

Başqa neynəyim, şəhid?

Sənə laylamı deyim,

Ağımı deyim, şəhid?

 

Nə deyim ki, borcumu

Zərrə qədər ödəyim.

Nə deyimki, toxtasın,

Bu çırpınan ürəyim?

 

Deyim ki, nə danışa,

Nə də susabilirəm.

İstəyirsən sən danış,

Qulaq asa bilirəm.

 

Danış müharibədən,

Bilən əsgərsən, axı.

Füzuliyə ilk dəfə

Girən əsgərsən axı.

 

Bilirəm, danışanda,

Yaran ağrıyır, şəhid.

Danışmasan, bilmərəm

Haran ağrıyır, şəhid!

 

Yəqin, yaralarını

Duyan ağrıyır indi.

Atan ağrıyır indi,

Anan ağrıyır indi.

 

Ağrıyır sənin üçün

Şuşanın qala yeri.

Millətin şəhid yeri,

Vətənin bala yeri.

 

Zəfər yerisən bizə,

Bütün tarix, zamansan!

Bu millətə, bu xalqa

Əbədi qəhrəmansan!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)