“Dünyanın finalına hələ çox qalırdı…” - HƏMİD HERİSÇİNİN ŞEİRLƏRİ Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Həmid Herisçinin "Şiircə" silsiləsindən şeirlərini təqdim edirik. 

 

1.Qordi düyünü

 

Süfrəni dəyiş, bircə əl hərəkətinlə.

Sevgini də təzələ, bircə ürək döyüntünlə.

Yaxanın bircə düyməsini, bircə cümləsini aç sonra.

Qordi düyünü yaxamızdakı elə həmin o düymədəydi, biləsən.

Dükan vitrinlərindəki manikenlərədir son umudum.

Sevgi əzablarını görüb də, diriləcəklər mütləq.

Yaxalarındakı düyməni də özləri açacaqlar.

Bizsiz.

 

 

2.Kölgələr itəndə

 

Kafenin içalatından

bir haykırtı qopdu qəfil:

"Dur burdan!

Liftçiyimin üstündə oturubsan!"

 

Siqaretsiz gecəyə nifrət etdi küncdəki müştəri.

Papağımı yan qoydum ki, özümə oxşamayım.

 

Bir də gördüm kimsə mənim kölgəmlə danışır.

Kölgəm boşanmışdı sanki məndən.

Öz kölgə həyatı ilə yaşayırdı.

Mənsizdi

və tam mənasızdı bu küçələrarası qaranlıq otellərdə.

 

 

3.Final

 

Yüksək gərginli elektrik xətləri altında dayanmışam.

Ana həyət qapısından ayrılmadan,

            öz uşağına "Final!" nidasını göndərdi.

Özü də təkcə bir dəfə demədi bu qorxunc sozü,

Dəfələrlə təkrarladı.

Özü də, hər dəfə ucalan, yüksələn bir səslə

            təkrarladı bu məhşər məzmunlu sözü.

Axırda bəlli oldu, məsələ bir o qədər də

            faciəli deyil burda mənimçün,

Elə bu anadan ötrü də.

O sadəcə, oğluna "Final" yağı almağı tapşırırmış.

Səmadan qaranquş fəğanı gəlirdi.

Günəş də batırdı,

Elə bil uzaqlarda deyil də,

Lap yaxınlığımda.

Qaranquş fəğanını bir daha dünyanın ən guclü nəğməsi bildim,

Dünyanın finalına hələ çox qalırdı, deyəsən.

 

 

4.Söyüş

 

Qəfil ağzımdan üçmərtəbəli söyüşlar qopdu.

Kimi söyürdüm mən?

Fatalistlər kimi qoca zəmanənimi söyürdüm, bəlkə?

Yoxsa, qapıbir qonşumdan bezib...

Bəlkə səbəbkar siyasi qüvvələrdi?

Qapımıza yapışdırılmış növbəti kommunal ödəniş qəbzidir?

"Bolt" taksilərinin nazlanmasıdır müştəriləri qarşısında?

Yox...

Söyüşümün bircə ünvanı var, deyəsən...

Deyəsən, artıq özümü söyməyə başlamışam.

 

 

5.Modern sevda

 

Süni intellektlə sevişdim -

            ancaq nə adını dedi mənə, nə çöhrəsini göstərdi,

Ən qaranlıq küçə səkilərindən gəldi səsi.

Kölgəsi, "İnterbellum" dükanına girdi, çıxdı.

Mənə öz hədiyyəsini paketlədi bir bahalı ünvanda.

Qapımı, çox musiqili cırıldatdı.

Baletdəki hərəkətlərlə hüzuruma tələsdi,

Dematereallaşdı, əlimi sıxınca.

Mənlə çəkdirdiyi fotoları anında sıfırladı.

Gedincə, çarpayımın altına baxdım,

Masama təzə üzqırxan buraxıb getmişdi.

Yazmışdı: "Sifətin tüklüdü. Üzümü qızartdın".

Etirafını, iradını qəbul edincə, yenidən pərdəarxasından,

            bütün qacetlərdən göz vurdu mənə.

Musiqimizi özü bəstələdi,

Qəhvəni, təkcə özü bildiyi bir üsulla dəmlədi.

Kölgəsi, hələ də evimdədi,

Özü, isə AZdrama pərdələri arxasında itdi.

 

 

6.Tüstülü ünvanlardan

 

İtirdiyin gözəli çoxxx...çox sonralar

            bir bahalı dükanın geyim kataloqunda tapdınsa...

Həyat davam edir.

Qəhvəni xahiş et, tünd dəmləsinlər.

Get, otur bir tüstülü, uzaq ünvanda,

Gələcəyə ordan bir yol axtar,

Geriyə boylanma bir daha.

Öz kölgənə salam ver.

Cavab salamı eşitsən, diksinmə.

 

 

7.Bəxtsiz bloqqer

 

"Qəşəng hava var,

Əsil, odun sobasında kartof dilimi havasıdır.

Sən dilimləyəsən, yar duzlaya.."

Harda, hansı xarabada, hansı internet küncündə eşitdim bu şeri?

Barmağımdakı gümüş üzüklə

            taqqıldatdım yazı masamı da, yaddaşımı da.

Bəxtsiz bir bloqqer düşdü yadıma:

Bağımızın açarını istəmişdi bir gün məndən.

SMS-lədi bu xatirə məni.

Əl telefonumun musiqisi də

çox uyğun idi

bu isti nəfəsli xatirəmə.

 

 

8.Anamdan sonra

 

Pensiya fondundan evimizə gəldilər,

Yoxlamaydı.

Anamı yoxlayırdılar,

Diridi hələ?

Yoxsa, çoxdan ölüb?

Təqaüdünü özümü alır, yoxsa, başqası?

Anam qışqırdı sifətlərinə - "Sağam. Hələ ölməmişəm ki!"

Bildilər, hə..anam hələ sağdı.

Tərs baxdılar biz tərəfə,

Çayımızı içmədən durdular süfrə arxasından.

Divara vurduğum paslı mismara

            öz bahalı plaşlarını etibar etmədilər,

Elə üst geyimlərində qaldılar.

Az sonra anam öldü.

Anamı bax, beləcə öldürdülər,

Vallah.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)