BİRİ İKİSİNDƏ layihəsində üç mükafatçı hekayə - “DAŞ” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə təqdim etdikləri BİRİ İKİSİNDƏ layihəsində bu gündən etibarən sizlərə Azərbaycan Ədəbiyyat Fondunun və “Ulduz” jurnalının birgə keçirdikləri Xalq Yazıçısı Anarın 85 illik yubileyi mkünasibətilə hekayə müsabiqəsinin mükafatçılarının hekayələri təqdim ediləcək.

 

 

2-Cİ YER

Orxan CUVARLI

 

Mən Cuvarlı Orxan Ramin oğlu 1994-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşam. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili almışam. Magistr təhsilimi 2016-2019-cu illərdə Türkiyə Burslarının qalibi kimi Akdeniz Universitetinin jurnalistika fakültəsində tamamlamışam. 2019-cu ildə namizədlik dissertasiyamı uğurla müdafiə etmişəm. Rus, ingilis və türk dillərini bilirəm. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıram. 

2015-ci ildən Orxan Cuvarlı imzasıyla ədəbi fəaliyyətə başlamışam. 2016-cı ildə Üçüncü Gənc Ədiblər Məktəbinin iştirakçısı olmuşam. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 2023-cü ildə Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"nın "Ədəbiyyat" nominasiyası üzrə laureatı olmuşam.

 

 

 

DAŞ

 

Sürməyi səmada süzən buludlar ayın qabağını kəsdi. Ayın üzünü duvaqtək örtən kövrək ziyası görünməz oldu, ətraf zil qaranlığa büründü.

Otuz il bu yerdən baxdığım, arabir tutqunlaşan, bəzən də apaydın olan səmada buludlardan savayı bircə qımıltı da gözə dəymirdi. Bulud topalarının süzüldüyü hissələr lacivərdə boyanırdı.

Bu səma illərdir gördüyüm yeganə mənzərə idi. İstəsəm də, bundan nə bir çərək əskiyi, nə bir qırıq artığını görə bilərdim. Sanki kimsə göy üzünü gözlərimin önündə bir rəsm tablosu kimi asıb getmişdi.

Gecə və gündüz növbələşəndə bu tablonun rəngindən başqa hər şeyi – eni, uzunu, genişliyi, hüdudsuzluğu yerli-yerində qalırdı.

Səhərlər rəssam bu xəyali tablonu açıq rənglərlə fırçalayırdı. Elə ki şər qarışırdı, tablodakı açıq rənglər qatı boyalarla əvəzlənirdi. Bu qatılıq buludların barmaqlarının ucunda gəzən adamlar kimi səssiz-səmirsiz çəkildiyi yerlərdə dərinləşirdi.

Az qala yaddaşıma həkk olunan bu rəsm tablosunda hərdənbir yeni şeylər; perik düşən bir dəstə sərçə, gözqamaşdıran günəş, bədirlənmiş ay, göy üzünə duz kimi səpələnmiş ulduzlar, səmanın canına yayılan göy qurşağı peyda olurdu.

Neçə gündür bu mənzərələrə baxa-baxa darıxmaq barədə düşünürəm. Darıxmaq hissi mənə ucsuz-bucaqsız səhranı xatırladır. Hərdən bu səhrada az qala dizlərinə qədər quma batırsan, arabir isti qumsal ayaqlarını yandırır. Məni ən azı darıxmaq qədər fanilik hissi də sıxcalayır.

Bəzən həyat adlı yarışın sonunu düşünəndə bu hiss içimi çulğayır.

Dünyaya gəlirsən, qayğıların da səninlə bərabər böyüyür, gündəlik məişət təkrarları səni təngə gətirir. Bu qapalı dövrəyə özün də bilmədən öyrəşirsən. Zaman keçdikcə təəccüb hissini itirməyə başlayırsan. Hər şeyin parıltısını itirməsi, adidən adi, sadədən sadə olması içindəki fanilik hissini ərşə çıxarır.

Tez-tez keçmişimə qayıdıram. Keçmiş etibarlı, sınaqdan üzüağ çıxmış dostsayağıdır. Keçmiş indinin dolaşığından, gələcəyin bilinməzliyindən fərqlidir. Keçmişdə hər şey donub. Sən həmin dövrdəki səhvlərini, peşmanlıqlarını, təəssüflərini, sevinclərini, kədərlərini, doğrularını ölçüb-biçsən də, dəyişə bilmirsən, olduğutək qəbul edirsən.

Keçmişdən nigaran qalmaq olmur. Sən olub keçənləri kiçik bir təbəssümlə və ya acı bir təəssüflə xatırlamaqla kifayətlənirsən. Keçmiş gələcəklə bağlı narahatlıqlardan, nigaranlıqlardan uzaqdır…

Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm.

Bu otuz ildə çox şeyi unutmağa çalışmışam. Bəzən bu evin sevinc dolu günləri yadıma düşür. Biz heç kimə dəyib-dolaşmayan bir ailə idik.

Biz deyirəm, çünki mən də bu evin məhrəm, ad verə bilmədiyim rahatlığına isinişmişdim. Bu dördgöz evə neçə səadətli, bəxtiyar illər sığışmışdı. Ta ki o məşum günə qədər.

İnsanın ürəyi də daşlaşa bilərmiş. Mən xırda bir daş parçası olsam da, bu həqiqəti qavradığım gün heyrətləndim. İlahi, adamlar necə də qəddar olurlar!

Həmin gecə indi zilləndiyim səma mənə aydın görünmürdü. Bizi otağın tavanı, evin damı ayırırdı.

Xocalı günlərlə mühasirədə qaldı. Bu günlərdə adamlar bir qırıq qorxunu, vahiməni ürəklərinə yaxın buraxmırdı. Heç kim varidatını, uşaqlığını, gəncliyini burada qoyub gedəcəyinə inanmırdı. Bəlkə də, inanmaq istəmirdi.

Son günlər bir neçə ailəni təxliyə etmək üçün helikopterlər gəlirdi. Həmin an o adamların çöhrəsinin büründüyü təəssüfü, ağlamsınan sifətlərini unuda bilmirəm. Onlar son dəfə evlərinə, həyətlərinə, ağaclara, dağlara, quşlara, səmaya baxıb doluxsunurdular.

Bizim bünövrəsini qoyduğumuz yuvalar ağlaya-ağlaya keçmişiylə vidalaşan adamlar üçün göz dağı idi. Onlar sanki təkcə bu evləri yox, xoşbəxtliklərini, firavan günlərini də kərpic-kərpic hörmüşdülər. İndi həmin evlər, xoşbəxtliklər intəhasız bir naməlumluğun qoynuna sığınmışdı.

Evindən ayrılmaq istəməyənlər müqavimət göstərməyə çalışırdılar. Əlisilahlı düşmən dəstələrinin qabağında gündən-günə zəifləyən, gücsüzləşən, əliyalın müqavimət.

Bu evin adamları tələm-tələsik getdilər. Silah səsləri get-gedə yaxınlaşdıqca onlar o qədər tələsirdilər ki, qazanları ocaqda, balaca qızcığazın kuklası divanın bir küncündə qaldı. Evin ağsaqqalı heç ayaqqabılarını geyinməyə macal tapmadı, məstlərini sürüyə-sürüyə ailəsini meşəyə tərəf apardı.

Həmin sabah şəhər ağappaq qarı yorğan kimi sinəsinə çəkmişdi. Axşama doğru müqavimətin zəiflədiyi anlarda dümağ yorğan qeybə çəkildi, qocaman şəhər bahar laləzarları kimi al-qırmızı rəngə təslim oldu.

Görəsən, o məşum gecə, həmin laləzarda kürəyi üstə canını tapşıran neçə şəhər sakininin son gördüyü şey indi baxdığım tutqun səma olmuşdu?

Kim bilir, bəlkə, bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: “Uşaqlar, qırmızı qar yağıb”…

O gecədən sonra evlərdəki yemək qoxusu pəncərədən içəri dolan barıt iyiylə əvəzləndi. Soyuq aralı pəncərələrdən, açıq qapılardan dalğa- dalğa evlərə doldu, otaqlar buz kəsdi. Divanın küncündə unudulan kuklanın sarı saçları qırov bağladı.

Soyuqdan sonra hərbi geyimli, tanımadığım adamlar da bu evə girdi. Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.

Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.

Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı.

Sonra bu evin taybatay qapılarını, sobasını sökdülər, masanı, taxtı, divanı, stulları, dolabları, qab-qacaqları, sarı kuklanı daşıyıb apardılar.

Aradan keçən otuz ildə o uca evdən geriyə tanımadığım adamların söküb aparmaqda çətinlik çəkdiyi mən və bənzərlərimdən ibarət bünövrə, üzündəki mamırlardan başqa həyat əlaməti olmayan daş parçaları yadigar qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)