POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qarabasma”sı Featured

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu gün yenə də Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuridir. 

“Qarabasma” bir sevgi şeiridir, həyat sevgisi, ağrı, əzab sevgisi.

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan, -

 

deyən şair yenə də təkrarsızdır, yenə də mükəmməldir. 

Xoş mütaliələr!

 

 

Yaxınlıq uzaqdadır- daha qovuşmarıq biz,

Var olanlar içində indi bir "yox"da vardır.

Dünya bir dağ kimidi, ətəyində qarıq biz

Bir də baxdıq- əridik... bir də gördük bahardı.

 

Həm yandıran, həm yanan o nəğməni oxuma,

Bəlkə son mənzil özü elə mənzil başıdı?

Mən dünyaya gələndən bir qız girir yuxuma

Bəlkə elə o qızdı yaddaşımın yaşıdı?!

 

...Sən də qapı bağladın, qovdun məni bu axşam-

Uzaqdan əsib gələn yad küləklər kimiyəm.

Bir sevginin başına neçə dövrə vurmuşam-

Çiçəklərə aldanan kəpənəklər kimiyəm...

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan.

 

Məni nələr çəkdisə, mən də ondan çəkindim,

Tək sevdiyim ölümə yar olmağa gedirəm.

Bu dünyaya gələndə şəkil kimi çəkildim-

İndi torpaq-alboma saralmağa gedirəm...

 

Ədəbiyyat və incəsənət”

(21.06.2024)