ƏN YENİ ŞEİRLƏRdə Zahid Sarıtorpağın “Bu da altmış yeddi”si Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni şeirlər rubrikasında bu gün sizlərə Şamaxıda yaşayıb yaradan ustad şairimiz Zahid Sarıtorpağın “Bu da altmış yeddi” şeirini təqdim edirik. Şair 67 yaşında özünə sanki hesabat verir, “nə etmək istədim, amma nə edə bildim” giley-güzarına qapanmış olur. Dünyadan hamımız nakam getmirikmi? 

 

bu da altmış yeddi... buyur...

ömür yenə eşim-eşim... 

can yenə oyur-oyur...

şeirə təpilməkdən ötrü

hisslərin yüzü acanda 

şükür, yenə qanını içə-içə biri doyur... 

 

Belə yazır şair. Sadəcə mükəmməldir! Nə şərh verək ki. 

 

 

Zahid Sarıtorpaq

 

BU DA ALTMIŞ YEDDİ

 

buyur, bu da altmış yeddi...

lap altı-yeddi yaş kimi

necə gəldi, necə getdi, – bilmədin

gözlərinlə divarlara çiçək şəkli, 

sinələrə ürək şəkli,

bəbəklərə mələk şəkli çəkməkdən yorulmadın, ölmədin...

indi bilirsən, bir addım da geriyə yolun qalmayıb

əllərin göy üzündə uçur, – uçsun...

çox şey axtarır, çox şey tapır, 

çox şeyə qucaq açır, – açsın...

amma heç birinin boynuna dolamağa 

qolun qalmayıb...

 

bu da altmış yeddi... buyur...

ömür yenə eşim-eşim... 

can yenə oyur-oyur...

şeirə təpilməkdən ötrü

hisslərin yüzü acanda 

şükür, yenə qanını içə-içə biri doyur...

 

nə yazasan axı...

bu da altmış yeddi...

bir gün də deyəcəklər: bu da son... hər şey bitdi...

heç kim bilməyəcək amma

hər şey necə gəldi, necə getdi...

bilməyəcəklər

bu adam Sözün harasında gözə çarpdı,

harasında gözdən itdi....

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)