Azərbaycan ədəbiyyatında təbiətin tərənnümü - YAMYAŞIL POETİK XƏZİNƏ Featured

Rate this item
(1 Vote)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu yazının da mövzusu yaşıl dünyadır, təbiətdir. 

 

 

Öncəliklə, qeyd etmək istərdim ki, təbiət sözü özlüyündə böyük bir aləmi əks etdirir. Təbiət maddi dünya, elmin öyrəndiyi əsas obyekt, insan ətrafında olan bütün reallıqdır. Və təbiətin rəngarəngliyi Azərbaycan ədəbiyyatının ahəngli ritmi ilə daim marağı cəlb etmişdir. Klassik divan ədəbiyyatı, şifahi xalq yaradıcılığı nümunələri, şair və yazıçılarımızın əsərlərinin müəyyən bir qismində təbiət tərənnümü nümunələrinə rast gəlirik.

Yazıçı, şair, dramaturq, ictimai xadim Məmməd Səid Ordubadinin "Bahar haqqında” məqaləsindən qısa bir parçanı diqqətinizə çatdırmaq istəyirəm:

 

"Şərq məmləkətləri içərisində dörd fəsli bir-birindən aydın ayrılan məmləkətlərdən birisi də bizim yaşadığımız Azərbaycan ölkəsidir. Bu ölkədə qış fəsli çıxan kimi təbiət birdən-birə dəyişir, mülayim və ilıq küləklər əsir, havalar isinir. Burada bahar gəlincə təbiətin pərdənişin gəlinləri bəzənərək bahar səhnəsinə çıxar, novruzgülünün yanağından şadlıq tərləri damcılar, torpağın beşiyində yatan körpə otlar yuxulu gözlərini açıb təzə gəldiyi yeni dünyanın möcüzəkar təbiətinə baxaraq şirin-şirin gülümsər, meşələrdə, çaylarda, bulaqların və hovuzların kənarında, yaşıl köynəkli təpələrin döşündə lalələr, yabanı qərənfillər tumurcuqlanar.” 

 

Nümunədən də göründüyü kimi çiçəkli baharın gəlişi ustadın qələmi ilə ədəbiyyatda da güllər açdırıb sanki.

Məmməd Araz çox böyük şair ustalığı ilə təbiəti  ürəyə bənzədir və bununla  ürəyin böyüklüyünü, davamlılığını və tutumluluq dərəcəsini poetik ustalıqla tərənnüm edir.

Ürəkdə Ay doğur, Günəş də batır:
Göy qopur, ildırım çaxır ürəkdə
Tufan da hayqırır, sükut da yatır,
Alov da, Gürşad  da yağır ürəkdə...

Məmməd Arazın  şeirlərini oxuduqca belə qənaətə gəlmək olar ki, təbiətdə mövcud olan bütün nə varsa hamısı insanların rifahı üçündür. Şairin fikrincə, təbiətdə hər şey canlıdır. Hər şey yaşayır, inkişaf edir. Bu mənada təbiət həmişə gözəldir, cavandır, təzədir. Gənc olduğu qədər də uludur. Məmməd Arazın "İnsan qayalar" adlı şeirinə nazar salaq. Şair bu cansız qayalara iqtibasən o qədər poetik dillə xalqımızın igidliklərini, onların qəhrəmanlıqlarını qələmə alır ki, həmin fikirlərin fəlsəfi ümumiləşməsi bütün vətəndaşlara böyük ruh verir. Şair həmin şeirini belə tamamlayır.

... Bu basılmaz nərlər, ərlər
Bu qaya sərkərdələr
Onda məni - bir balaca daş əsgəri
Qoyar yəqin qoşulmağa bu cərgəyə
Qayaların keçmişini qayalara yazdım deyə
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı! 

 

Koroğlu da əyilməz dağları özünə yaxın sirdaş, əzəli məskən və həmdəm bilir:

Taladım şahları hələ az dedim,
Türfə gözəllərə işvə, naz dedim,
Neçə tacir-tüccar səndə gizlədim,
Açmadın sirrimi, sirdaşım dağlar.

 

Dastanda başqa bir nümunədə Koroğlu deyir:

 

Məndən Salam olsun Boyu bəyinə,

Çıxıb bu dağlara yaslanmalıdır.

At kişnəməsindən, qalxan səsindən,

Dağlar Salam deyib səslənməlidir.

 

“Koroğlu” dastanında Qırat və Misri qılıncla yanaşı, Çənlibel də eyni məhəbbətlə tərənnüm olunur. Koroğlu “Şah da gəlsə Çənlibelə qoymaram” – deməklə, məskən saldığı bu yerin təbii gözəlliyindən

daha çox, onun əlverişli yaşayış məkanı olduğunu əsas götürür.

 

Üst yanı dağ, təpə, dərə

Müxənnətlər düşər girə,

Mərd igidə olan bərə,

Nigar, Çənlibel budu, bu!

 

Əhməd Cavad, Mikayıl Müşfiq kimi şairlərin yaradıcılıqlarında rəmziliyin başlıca vasitələri Azərbaycan təbiətinin mənzərələridir:


Aya, hankı cəlladın pəncəsinə keçdiniz?
Neçin böylə qəddiniz sındı, büküldü, dağlar?
(M.Müşfiq)

Əyil, Kürüm, əyil, keç,
Dövran sənin deyil, keç. (Ə.Cavad)

 

Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasim bəy Zakirin yaradıcılığında olan “durnalar” rədifli şeirlərində də təbiət tərənnümü öz əksini tapmışdır.

 

...Oxuduqca şirin-şirin diliniz
Bağrım olur şana-şana, durnalar.
(M.V.Vidadi)

Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar.
(M.P.Vaqif)

Yoxsa, danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başə,durnalar.
(Q.Zakir) 

 

Tufarqanlı Abbasın gəraylıları da gözəl, səmimi, axıcı və xoşagələndir. Bu şeirlərdə təbiət gözəllikləri həqiqi sənət dililə təsvir olunur:

 

Budur gəldi bahar fəsli

Dağların lala vaxtıdır.

Açılıbdır qızıl güllər,

Bülbülün bala vaxtıdır.

 

Aşığın yaradıcılığına müraciət etdikdə görərik ki, onun şeirlərində vətən həsrəti də təsvir olunur.

 

Ay ariflər, qanlı fələk cəbrindən,

Qohumdan, qardaşdan, eldən ayrıldım.

Fərhad kimi çəkdim Şirin qəhrini,

Cığa pərvaz etdi, teldən ayrıldım.

 

Almas İldırım şeirlərində təbiətin gücündən, qüdrətindən istifadə edərək öz coşğun ruhunu əsk etdirirdi. “Əsir Azərbaycanım” şeirində güclü kədər, ah-nalə, eyni zamanda böyük qəzəb var. Qərib şairin küləklər vasitəsilə göndərdiyi salamda, haradasa, bir ümid işığı parlayır. Ağrı dağdan Alagözə, Alagözdən də Xəzərə ötürülən salam adi hal-əhval deyil, “Xəzəri” coşdurmaqla sərsəm addımların qarşısını almaq-xalqı mübarizəyə, oyanışa səsləmək üçün təbiətin ruhundan istifadə edir:

 

Salam desəm rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!
Əmr etsə, bu sərsəm gediş dursa oy!

 

Atalar sözləri, şifahi xalq ədəbiyyatı nümunələrində də təbiət, onun qüdrəti, sirli tərəfləri öz əksini tapırdı.

 

Güvəndiyim dağlar, sənə də qar yağarmış.

 

Nəsiminin qəzəllərində təbiət gözəldir, füsunkardır, sevən və sevilənin qəlbini oxşayır. Aşiq öz sevgilisini təbibim, loğmanım, dinim, imanım adlandırmaqla yanaşı:

 

Bənövşəm, sünbülüm, vərdim, rəyahim, zanbağım, laləm,

Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım

 

- deyə şərəfləndirir. Böyük söz ustasının kamil insanı təbiətin içindədir, təbiət də onun qəlbinə hopmuşdur.

Klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi olan bahariyyələr vardır. Şah İsmayıl Xətai bu mövzuda belə yazıb:

 

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

 

Dahi söz ustadı Səməd Vurğun yaradıcılığı başdan-başa Azərbaycana, onun təbiətinə tərənnüm və sevgiylə doludur:

 

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı... 

 

“Təbiər ilhama çağırır məni” şeirində şair yazır:

 

Yenə də yam-yaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər qoynundaki qar,

Yağış da isladır o göy çəməni,

Təbiət ilhama çağırır məni!

 

Təbiət konsepti Azərbaycan ədəbiyyatının mən deyərdim ki, bütün nümayəndələrinin yaradıcılığında öz əksini tapmışdır. Bu mövzu ya birbaşa təbiətin tərənnümü, ya da təbiət ünsürləriylə həmahəng olan sevginin təsviri olmuşdur.

 

Gül əgər bülbülü incitsə, "vəfasız" deməyin,
Qızların taqsiri olmaz, günah oğlanda olur!

 

Nə təbiət gurub ömründə, nə dünya yetirib,
O gözəllər ki, bizim Azərbaycanda olur. (Əliağa Vahid)

 

Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm! (Mikayıl Müşfiq) 

 

Ulu Öndərin vəsiyyətini gerçəkləşdirən, Öndər yolunun layiqli davamçısı Cənab Ali Baş Komandanın sayəsində bu gün şeirlərdəki baharı, çiçəkli, təravətli günləri biz Qarabağda və yurdumuzun bütün guşələrində görürük. Qoy Vətən daim gül açan yaşıl çəmənlər kimi şad və xürrəm olsun. Və ümid edirəm ki, Cənab Prezidentin də dediyi kimi biz tezliklə Aşıq Ələsgər şeirindəki süsənli, sünbüllü, lalalı dağları olan Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımızda da Qarabağda olduğu təki yaşıllaşan, çiçəklənən sübhləri görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)