İntizar ədəbiyyatı - Hökumə Billuri, "Göndərin məni" Featured

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Daha ayrılığa dözə bilmirəm,

Vətəndən əlimi üzə bilmirəm, 

Yenə fədaiyə döndərin məni, 

Göndərin Vətənə, göndərin məni! 

 

Gedim, o ellərə verim borcumu, 

Düşmən bir də duysun sonsuz gücümü. 

Həyatda bu olmuş diləyım, yalnız, 

Çıxmayın ellərə bir də vəfasız, 

Tufana, küləyə döndərin məni,

Göndərin Vətənə, göndərin məni! 

 

Sinəmə ağır bir yükdür ayrılıq,

Belimi yay kimi bükdü ayrılıq.

Həyat gözlərimdə sönməzdən qabaq,

Sizdən bir diləyim olacaq, ancaq,

Tufana, küləyə döndərin məni,

Göndərin vətənə, göndərin məni! 

 

Mən günəşdən əvvəl qalxdım, oyandım. 

Səhərin eşqiylə alışıb, yandım, 

Fəqət, bilmədim ki, bu acı hicran, 

Bilmədim nə zaman girdi qapımdan. 

Yenə fədaiyə döndərin məni, 

Göndərin Vətənə, göndərin məni! 

 

Mən vüsal gəzirəm, qəlbimdə dağlar, 

Dağların özündə ləpirlərim var. 

Mən külüng vururam iyirmi il tamam, 

Mən yanan məşələm, yandıran odam, 

Sizsə bir küləyə döndərin məni, 

Göndərin Vətənə, göndərin məni! 

 

Bəsdir köhnə hava yazıb, çaldığım, 

Hər daşın dibində qonaq qaldığım

Mən bahar aparım, ölkəmə bahar, 

Mənim o yerlərdə öz dostlarım var, 

Tufana, küləyə döndərin məni, 

Göndərin Vətənə, göndərin məni! 

 

Aç, vüsal çiçəyim, aç, bir anlığa,

Son qoy ayrılığa, peşimanlığa. 

Vətən başdan-başa olsun laləzar,

Mənim dəyişməyən arzularım var, 

Tufana, küləyə döndərin məni, 

Göndərin Vətənə, göndərin məni!

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)