İtənlər gerçək oldu... - Elman İsgəndərin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Elman İsgəndərin şeirləri təqdim ediləcək.

 

 

PAYIZ

 

Hər yer sarı-qırmızı –

yer sarıdır, göy sarı...

Tanrının sirr fırçası

boyayıb ağacları...

 

Saralan tək ağacmı?

Yağış da sarı yağır...

Yarpaq sarı hıçqırır,

otlar sarı ağlayır...

 

Səsini atıb külək,

sarı nəğmə oxuyur.

Yerə döşənən xəzəl

sarı xalı toxuyur.

 

Quşların başbiləni

yenə də önə keçir.

Yığıb köç-külfətini

isti yerlərə köçür.

 

Yay geridə qaldı ta,

Günəş yatdı buludda,

saraldı göy üzü də.

qış ağarır üfüqdə...

 

 

DƏRD

İtirə  -itirə tapmaqdansa mən,

Nə tapmaq istərəm, nə itirməyi.

                Eldar  İskəndərzadə

 

Nə tapdıq ki, bu həyatda?

Nələr itirdik, qardaş...

Bir qarışlıq tifildik:

oyuncaq istəyirdik,

fələk bizə nə verdi?

Biz nə götürdük, qardaş...

Nə tapdıq, nə itirdik?...

 

Atamıza doyunca

“ata”–deyə bilmədik...

Atamızı itirdik...

Elə bil

yaşa dolduq,

tez böyüdük elə bil...

 

Üzümüzün gülüşə,

əlimizin çörəyə

çatmaq həsrəti vardı...

Fələksə sıramızdan

nakam qardaş apardı...

 

Ömür elə dolandı,

itkilər gendi-boldu...

Tapılanlar yalandı,

itənlər gerçək oldu...

 

Sevinc dərddən qaçarmış,

dərd dərdsizdən aralı.

Dərd dərdlini taparmış,

yara da yaralını...

 

Heç qalmayıb doğrusu:

nə itirmək qorxusu,

nə axtarmaq sorğusu...

Biz təpədən-dırnağa

Dərdin özüyük, qardaş.

Nə tapdıq bu həyatda?

Nələr itirdik, qardaş...

 

 

SAY

 

Fələk itirdi hesabı.

Saydığını necə sayım?

Vergüllərin solu tamdı,

sağını qoy heçə sayım...

 

Aylar ayların eynidir.

Fəsillər də eyniləşir...

Elə yay gəlir, qış gəlir,

payız gəlmir, cücə sayım.

 

Zülmətdən payımı aldım,

bəs günəşdən hanı payım?

Zamanı günbəgün deyil,

gərək gecə-gecə sayım?

 

Fikrin azad olduğunu,

şeirdə necə axtarım?

Sərbəst yazmaqmı doğrudu,..

yoxsa heca-heca sayım?

 

 

SƏADƏT XƏYALI

 

Ey xoşbəxtlik arzusu,

ey səadət xəyalı...

Səni düşünüb, çıxdım

mənzilsiz bir səfərə...

Oldun həyat amalım.

Sənə yetmək nə çətin,

nə çox tələ qurdun sən?

Sənə yetməkdə ikən

məndən uzaq durdun sən...

Kim qarğıdı yoluma,

ahı-naləsi oldu?

Səndən ayrı düşməyim

nəyin bəlası oldu?..

Ey səadət xəyalım

nə etibarsız oldun?...

Ey qəddar hökmü yazan,

necə sərt imiş cəzan?..

İllərim yandı getdi,

ömrüm xərcləndi getdi...

 

 

YOXLUĞUMA XİTAB

 

Yenə kömür kimi dilim qor dadır,

Gözə üfürdükcə gözdən köz yağır...

Yenə samovar tək içim qaynayır,

yenə tüstülənir düdkeş papağım...

 

Zaman dolanmağı hər an ləngidib,

dahilər nə udub, onnan cəng edib?

Niyə mən özümü dahi zənn edib,

əlimin içində saxlayım axı...

 

Ruhum nə gördüsə, dinclik görmədi,

xoşbəxtlik üzümə üz çevirmədi...

Bu həyat özümə heç nə vermədi,

elə tərif oldu, mənə göz dağı...

 

Daha əbədiyyət yolundayam mən,

tənhalıq, nakamlıq yağır üzümdən.

İndi yoxluğumla danışıram mən,

narahat ruhuma deyirəm ağı...

 

 

XƏBƏR ALSANA

 

Məndən soruşma halımı,

özündən xəbər alsana...

Axtarma bais zalımı,

gözündən xəbər alsana...

 

Tənə vurma mən fağıra:

“Necə düşdük bir cığira?”

Tüstüsü məni yaxır a,

közündən xəbər alsana...

 

Xəbərsiz qoyub çoxunu.

Pünhan atıbdı oxunu...

Dodağıma nə toxunur, –

üzündən xəbər alsana...

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)