İntizar ədəbiyyatı - Hökumə Billuri, "Mənəm" Featured

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Meşələr payızda saralıb-solar, 

Baharda yarpağı tökülən mənəm. 

Vətənin həsrəti ömrə yük olar, 

Bu qəmdən qaməti bükülən mənəm. 

 

Bu hicran, bu nisgil olmayaydı kaş, 

Həsrət qalmayaydı qardaşa qardaş, 

Bir ömür intizar, bir ömür təlaş, 

Gözləri yollara dikilən mənəm. 

 

Məğrur bir palıddım göyə baş qoyan, 

Mənə baş əyərdi qızıl kəhkəşan. 

De, necə olmayım necə pərişan, 

Kökləri yüz yerdən sökülən mənəm. 

 

Dərdim vətən adlı ülvü səadət, 

Mən ona həsrətəm, o mənə həsrət. 

Yorulub yollarda qalmaram fəqət, 

Adı intizarla çəkilən mənəm. 

 

Ağ günü ovcumda görməsəm də mən, 

Əminəm qardaşım, sən görəcəksən. 

Məni qınasalar hay-haray çəksən, 

Atəşi külünə bükülən mənəm. 

 

Yüz yol bələnsəm də səngərdə qana, 

Qoy düşmən düşməsin başqa gümana, 

Toxumum səpilib cümlə cahana, 

Ümid sərvləri əkilən mənəm. 

 

Yaşadım, yaşaram nəğmələr kimi, 

Qol-qanad açaram xoş xəbər kimi, 

Uçaram yanına al səhər kimi, 

Köksündə dan yeri sökülən mənəm.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)