“Sabahı qucub gedirəm…” - ŞEİRLƏR Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir. 

 

 

ÖMÜR BELƏ YAŞANAR

 

İşıq qadın – Qənirə xanımın əziz xatirəsinə

 

Dünyaya Haqq yolunda

İşıq olmağa gəldin.

Hamını elə sevdin

Səni doğması bildi.

 

Qolların hey uzandı

Hər ürəyi qucmağa.

Əlin qonan çiyinə

Qanad taxdın uçmağa.

 

Ümid çırağı oldun

Gözünə dəyən gözə.

Köksünə sığmır deyə

Könlünü verdin sözə.

 

Allahın lütfü idin

Bu millətə, bu yurda.

Haray saldın aləmə

Vətən qalanda darda.

 

Səndən öyrəndi çoxu

Mərhəməti, ülfəti.

Təmənnasız sevməyi,

Kimsəsizə hörməti.

 

Dərdliyə əl uzadan,

Güc verən, İşıq Qadın.

Sevgisi, eşqi başqa,

Allaha aşiq qadın.

 

Şəhid analarının

Təsəllisi, dayağı,

Ayağının altında

Açıldı cənnət bağı.

 

Yol aldın uzaqlara,

Turan ağlayıb bitdi.

Utandırdın əcəli,

Elə dəyərlə getdin.

 

Həyatınla göstərdin

Şərəf necə daşınar.

Ölümünlə dərs verdin:

Ömür belə yaşanar

 

 

AD GÜNÜ BİR ADDIM DAHA

ÖLÜMƏ YAXINLAŞMAQDI

 

Həyat – heçdən, yoxluqdan

Var olmağa gəlməkdi.

Ölüm – həyatda nə varsa

Son anda qədrin bilməkdi.

 

Ömür – hara getdiyini

Bildiyin yola çıxmaqdı.

Yol – qalaq-qalaq arzuyla

Yazıq ürəyi sıxmaqdı.

 

Sevgi – qəlbin hasarından 

Yaxın bir qəlbə aşmaqdı.

Ad günü – bir addım daha

Ölümə yaxınlaşmaqdı.

 

 

ŞAİRLƏR

 

Adil Mirseyidi itirdik...

Min il özünə yol gəlir

Özünü bilənə kimi.

Yüz kərə dirilib ölür

Əcəli gələnə kimi. 

 

Hörümçək kimi tor qurur,

Torunu içinə yığır.

Nə dərd var sinəyə çəkir,

Tüstülənib şeir çıxır. 

 

Dağnan, bulaqnan dərdləşir,

Sıxır qayanın əlini.

Daşa danışmaq öyrədir,

Bilmir kor bəxtin dilini.

 

Allahın gözü üstündə,

Qəlbində Allah işığı.

Qocaldır, böyütmür Allah

İçindəki saf uşağı.

 

Sözündən asılıb ölür,

Qoymur sözü boğulmağa.

Bezib köhnəlmiş ömürdən

Ölür təzə doğulmağa. 

 

 

ÖMÜR SÜRƏT QATARIDI

 

Allah, məni kimdi qovan?

Kim bu nəfəsimi kəsən?

Ömrü kimdi tələsdirən?

Kimdi içimdə tələsən?

 

İllər sürət qatarıdı, 

Ay başlayan kimi bitir.

Həftələr hey itələşir, 

Günlər qovhaqovda itir.

 

Gecə-gündüz gözgörəti

Zaman mənə savaş açır.

Saniyəylə yarışıram,

Saatlar əlimdən qaçır.

 

Xatirəyə hopur anlar,

Hər şey dönüb keçmiş olur.

Tələsik açılır səhər,

Tez-tələsik vədə dolur.

 

İş-güc caynağına alıb

Ley kimi aparır məni.

Özümə qıymadığım vaxt

Özümdən qoparır məni.

 

Bu günüm tez dünən olur,

Sabahı qucub gedirəm.

Mən həyatı yaşamıram, 

Üstündən uçub gedirəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)