Əli bəy Azəri və “Erməni Borisov” – TƏRANƏ DƏMİR Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində söz ədəbi tənqidindir, Təranə Dəmir Əli bəy Azəri yaradıcılığına nəzər yetirir.

 

 

 

Söz müqəddəsdi. Ona   məhəbbətlə yanaşmağı  sözə öz möhürünü vuranlardan – onların çeşid-çeşid  söz və fikir xəzinlərindən  öyrənmişik.  Öyrənmişik ki, sözə əliboş, ürəksiz toxunmaq olmaz. Toxundunsa, səndən qaçacaq. Yazarlar (əsl yazarlar)  heç vaxt qələmi əlinə  könülsüz almaz. Əks halda qələm də, vərəq da yiyəsindən küsər. Əsl söz də hər deyəndə qonmaz ruhuna. Axı yazarların  ilham pəriləri də özləri kimi bir az dəli, bir az küsəyən, bir az nadinc, bir azca da tənbəl olur. Amma gəldisə də,  getmək bilmir. Yapışır yaxandan. Məcbur edir ki, onun dediyini eşidəsən. Onun kimi görəsən, onun kimi düşünəsən. Məqsədinə çatanacan sənə dinclik, rahatlıq vermir. Ona görə də   ruhu göylərdə uçan yazarlar sözdən   möhkəm tutur. Söz ona, o da sözə arxa durur.

Bəzən gözümdə yazarları Tanrıya, yazıb-yaratdıqlarınısa adama bənzədirəm. Axı yazarlar da Tanrı kimi  yoxdan var edəndi. Onlar da yaradırlar. Yaratdıqlarına nəfəs, can verirlər.  sözün üstündə  əsirlər, soyuqdan, küləkdən, yağışdan qoruyurlar. Elə  Tanrı kimi...

Qələminə söykənən, həyatın  sərt üzünə sözüylə duran,  düşüncələrinə  sahib çıxan yazarlarımızı  (yaradanlarımızı)  bu baxımdan ən ali kürsüyə, Tanrılıq kürsüsünə qaldırıb qoymaqda yanılmıram, məncə.

Yazılan hər şey yazarın övladıdı. Pisiylə, yaxşısıyla onundu. Yaxşı bilirlər ki, yaratdıqlarına  sahib çıxmasalar,  itib-batarlar ortalıqda. Sonra  zərrəsi də ələ gəlməz.

...Sözdən söz tutduq bir az. 

İndi isə    vətənin keşiyində durduğu qədər də  sözün keşiyində duran qələm dostumuz Əli bəy Azərinin yaradıcılığına keçid etmək istəyirəm . 

Əli Azəri hələ kiçik yaşlarından sözə  könül verənlərdəndi. Lap  uşaqlıqdan  Azərbaycanın müxtəlif mətbu orqanlarında  məqalə və yazıları ilə  oxucuların  mərkəzində olub. Meyli jurnalustikaya  olsa da, tale onu tamam başqa səmtə yönəldib. Ömrünü hərbiyə bağlayıb. Sözünü hərb meydanında dediyi vaxtlarda da qələmini yerə qoymayıb amma.

Bir-birindən məzmunlu nəsr əsərləri yazıb. Onun  "Yurd nisgili" ,"Şah bərəsi", "Generalın yefreytor vəkili" , " Məhəbbət  piyaləsində zəhər" və s. kimi irihəcmli əsərləri, həmçinin çoxsaylı  hekayə  və publisistik  yazıları oxuculara yaxşı tanışdı. Dəfələrlə yaradıcılığı  mükafatlandırılıb  və müxtəlif müsabiqələrdə qalib olub. Əsərləri  müxtəlif dillərə tərcümə edilib. Həm də iyirmidən çox əsərin redaktorudu.  Sevdiyimiz "Xəzan" jurnalının yaradıcısı və təsisçisidi. AYB-nin ən şıltaq üzvüdü həm də.

Bir sözlə,  qələm əhlinə, geniş oxucu auditoriyasına yaxşı tanış olan bir imzadı Əli bəy Azəri. 

Sözünə söykənən, həqiqətin əlindən tutub işığa çıxaran, doğruları  həyat amalına çevirən  yazıçı  üsyankar olduğu qədər də mülayim və səmimidi. Mübaliğəni sevmir və mümkün olduğu qədər də  tərifdən qaçır (Heç mən də yazarı tərifləməyi sevmirəm. Ayağı yer tutar deyib ayaqyeri qoyuram bir az). 

Vaxtım  olduqca  Əli bəyin yaradıcılığına da nəzər salıram. Ümumiyyətlə,  ruhumu tərpədən yazılara biganə qalmıram. Əli bəyin qəhrəmanlarını çox vaxt elə özünə bənzədirəm. Obrazlarında çox vaxt  elə müəllifin özünü görürəm. Oxuduqca  adama elə gəlir ki, yazıçı özünü, yaşadıqlarını yazır. Təsvir etdiyi səhnələr canlıdı. Pafosdan və dəbdəbədən uzaq yazır, əsasən. Bəzəksiz-düzəksiz. Ümumiyyətlə, Əli bəy sadəliyi sevən yaradıcıdı. Mümkün olduğu qədər reallığı əks etdirməyə çalışır. Fikirlərini sözlə boyamır. Konkretlikdən və həqiqətlərdən  yapışan yazardı. Bəlkə, bu xüsusiyyətidi onu oxucuya yaxınlaşdıran, sevdirən. Azəri hər yazısında özüdü. Sözünü uzaqdan tanıyırsan. Öz yolunu, dəst-xəttini tanıtmağı yaxşı  bacarır.  Zənnimcə, bu da bir uğurdu. Heç kimə bənzəməmək, özü olmağa çalışmaq hər yazara nəsib olan xüsusiyyət deyil. Ümumiyyətlə, Əli bəy Azəri maraqlı insandı. Bir az da sirli.

...Bu yaxınlarda, elə tez-tez bizi sözünün ətrafına yığan,  işığına çağıran    yazıçı  yenicə tamamladığı  povestini – "Erməni Borisov"u elektron ünvanıma  göndərdi. Oxumaq, müzakirə etmək, fikir bildirməkçün (Tənqiddən də qaçan deyil). Düşüncəsinə, istedadına, qələminə bələd olduğumçün  bildim ki, bu  əsər  də maraqlı  alınıb. Yubanmadan  oxumağa başladım (Həm də  bu boyda  işin, gücün içində). Elə ilk səhifəsindən  yanılmadığımı anladım... Əsəri oxuduqca özümü hadisələrin içində hiss etdim. Düşdüm  ötən əsrin burulğanlarına, girdabına. Çıxa bilmədim. Oxuduqca əsər məni özünə çəkdi… Hadisələrin bir-birilə  zəncirvari bağlılığı   məndə xüsusi maraq oyatdı həm  də. Axı başdan-başa yaşadıqlarımızı, əzablarımızı qələmə almışdı. Bu gündən dünənə  qayıtdım  səhifə-səhifə. Döndüm 80-ci illərə. Ya bəlkə, ondan da əvvələ. Əzablarımıza, qorxularımıza, iztirablarımıza, yaşamaq istəyib yaşaya  bilmədiklərimizə səyahət etdim… Gəncliyimiz, buxovlanan arzularımız, çiliklənmiş ümidlərimiz – hamısı  təzədən varaqlandı gözümün önündə. Fikirləşdim ki, gör  nə boyda çətinlikdən keçib gəlmişik. Həm də zamanı qurban verə-verə, daşdan, kəsəkdən keçə-keçə  aşmışıq bu boyda dağı. Bu günümüzə şükür edə-edə fikirləşdim  həm də. Əsərin qəhrəmanı Toğrulla elə ilk tanışlığımızdan saflığı, döyüşkənliyi, məğrurluğu, sadəliyi ilə Əli bəyi xatırladım. Mənə elə gəldi ki, bütün hadisələr elə yazıçının ətrafında cərəyan edir. Bir tərəfdə təmiz, saf qəlbli  Azərbaycan xalqı, bir tərəfdə kreslo hərisi məmurlar, bir tərəfdə yenidənqurma və demokratiya adı altında gedən qorxunc  ictimai-siyasi proseslər, hərc-mərclik, saxtakarlıq, xaos, bir tərəfdə ömür boyu bu xalqın çörəyini yeyib özünə qənim  kəsilən  erməni şovinizmi. Bəlli yaşımız olduğu üçün bu  hadisələrin canlı şahidləri kimi təkrar yaşadım o illəri. Bir az da ağrıyla, bir az da müdrikcəsinə. Başımıza gələn bəlaların arxasında dayanan qüvvələrə söyə-söyə həm də. Əsərdəki hadisələr yerini dəyişdikcə yeni nüanslarla rastlaşdım. Yazıçı məni Bakıdan tutmuş, Yerevanacan müxtəlif hadisələrlə üz-üzə qoydu. Əsərin adı da maraqlıdı."Erməni Borisov". "Arxalı köpək qurd basar" misalı yadıma düşdü.

Əsəri  oxuduqca  təpədən-dırnağacan milliyyətçi olan  erməni xalqının (xalq demək olarsa) məqsədlərinə çatmaqçün hansı oyunlardan çıxmasının bir daha şahidi olursan. Özü də Əli bəyin öz üslubunda.  Əsərdə hadisələr  elə ustalıqla  və sadə dillə təsvir olunub ki, elə bilirsən heç aradan 30 ildən çox zaman keçməyib. Bizim vəzifə hərislərimizin böyük rus sevgisi, bu "sevgi"dən doğan xəyanətlər, xəyanətlərdən yaranan faciələr bir-bir adamın  gözünün önündə canlanır. Qurdla quzunun bir yerdə otladığı zamanlar  olsa da, üzdə "sakitçilik"  hökm sürsə də, daxildə gedən çəkişmələr, hərc-mərclik, qonşuların bizə erməni münasibəti əsərdə  açıq-aydın hiss olunur. Elə bil ki nəyəsə hazırlıq gedir. Toğrul suallar girdabında batır. Qonşularımızın  düşmən mövqeyi,  şimaldan əsən soyuq küləklərin ölkəmizə təsiri və qaraguruhçuların  yalançı hay-küyü Toğrulda mübarizə əzmi yaratsa da, təkdi.   Həyat yoldaşı belə onun yanında deyil. Hər vəchlə  Toğrulu  öz   yolundan  uzaqlaşdırmağa çalışır: "Bunlar sənin nəyinə lazımdı, ay Toğrul? Demokratiya aşını bişirən özü bilər necə yedirər. Sən axı kimsən? Adi bir kinematoqrafçı". Bütün bunlara baxmayaraq,  Toğrulu inadından döndərə bilmir. Əslində qadın da hər şeyi anlayır, amma mübarizənin  sonunun da nə ilə nəticələnəcəyini yaxşı bildiyi üçün susmağı seçir. Bir tərəfdən o da haqlıdı.   Bütün bunlara  baxmayaraq Toğrulu   sonda meydandan uzaqlaşdırırlar. Elə sapı özümüzdən olan baltalar. Amma  adama elə gəlir ki, Toğrulun  mübarizəsi də kortəbiidi, pərakəndədi. Yetərincə  üsyankar deyil. Ona görə də tez  uduzur. Bu isə  oxucunu məyus edir. Axı oxucuyçün   əsərin qəhrəmanı axıracan qəhrəman qalmalıdı. Bu isə yetərincə  çətindi. Ən ideal  qəhrəmanın da bir  zəif cəhəti olur. Toğrulun da zəif cəhəti yolu axiracan gedə bilməməsidi. Amma mənə elə gəlir ki, bu məğlubiyyətin özü də bir qalibiyyətdi.  Qarşıda Toğrulu bütöv qələbə gözləyir. Fikrimcə, əsər natamamdı. Yazıçı  onu bu günəcən gətirməlidi. Oxucunu intizarda qoymaq olmaz. Toğrulun sonrakı taleyi müəmmalı qalır. Məncə, onu mübarizə meydanından uzaqlaşdırmaq növbəti mübarizənin başlanması deməkdi. Axı hər şeyə üsyan edən adam belə asanlıqla məğlub ola bilməz. Əsərin qəhrəmanının mütərəqqi ideyaları bu günəcən gəlib çıxmalıdı. 80-ci ildən üzü bəri hadisələri təsvir edə-edə, başımıza gələnləri  yazıçı təxəyyülünün  süzgəcindən keçirə-keçirə həm də. Zənnimcə, povesti böyüdüb  irihəcmli roman səviyyəsinə çatdırmaq  lazımdı. Bu mənim fikrimdi, əlbəttə. Bütün bunlara çatmaqçün  Əli bəyin yetərincə potensialı və sözü var. Onsuz da  son söz  yazarındı. Mənə  isə  yazıçıya bolluca oxucu sevgisi arzulamaq qalır. Uğura gedən yol məhz sevgidən başlayır. Bu sevgini qazanmaqsa elə də  asan deyil. İnanıram ki, hər şeyə rəğmən, bu əsər də seviləcək. Bütün əyər-əksiyi ilə  "Erməni Borisov" da bir uğurdu. Sonrasını zamanın ixtiyarına buraxaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)