Xanım Anelanın Özüylə söhbəti və Hekayəsi Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Xanım Anelanın Özüylə söhbəti və Hekayəsi təqdim edilir.

 

 

özüylə söhbəti...

 

“Ədəbiyyat həyatı şəkilləndirir”, səhv etmirəmsə, fransız dramaturq Jan Anuy belə deyirdi. Bu, həqiqətən də, belədir. Mənim ədəbiyyata marağım məktəbli vaxtlarımdan başlayıb, desəm, bu, doğru olmaz. O qədər ədəbiyyat aşiqi də deyildim. Bədii kitablarla tanışlığımı isə xatırlayıram. Səkkiz yaşımda “Sənə bu kitabları oxumaq olmaz!”, “Bu kitablar uşaqlara aid deyil!” xəbərdarlıqları ilə başlayıb əcaib tanışlığımız. Anamın bir iş dalınca evdən harasa gedəndə qadağa qoyduğu və mənim ondan gizli oxuduğum iki kitabla başladı hər şey... “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Sevil”. Xatirimdədir, böyük qardaşımın adının qoyulması da bu kitablardan biri ilə əlaqəli olmuşdu.

Hə, evdə əlimə keçən kitabları xəlvəti götürüb oxuyurdum. Bir az böyüyəndən sonra isə bu əməlim getdikcə daha çox vərdişə çevrilməyə başladı. Lakin yenə də ədəbiyyata sonsuz sevgi bəsləyirdim, desəm, doğru olmazdı...

Rusiyada təhsil aldığıma görə mənimçün ədəbiyyat dərsləri olduqca çətin və müşkül görünürdü. Tolstoyu, Dostoyevskini, Çexovu, ümumiyyətlə, əksəriyyət klassikləri məktəb proqramında geniş tədris edirdilər deyə, əlavə nəsə oxumaqçün “doymuş” kimi hiss edirdin özünü.

Elə o illərdə çox yaxşı bacardığım bir şey var idi, hətta deyərdim ki, iki – inşa yazmaq və şeir oxumaq. Şeir oxumağı uşaqlıqdan sevirdim, baxmayaraq ki, əzbərləmək mənimçün, adətən, çətin olurdu. Amma eşidənlər həmişə ifadəli şeir oxumağımı, qiraətimi bəyənirdilər. Elə indi də ara-sıra davam edirəm.

Dörd-beş ili geridə qoymuşdum. Artıq on birinci sinifdə idim. İndi deyirəm ha, ədəbiyyata çox marağım yox idi, yenə də, necə oldusa, məktəbi bitirəndə bizə əsas fənlərdən başqa fənn seçimi verəndə (o zamanlar Rusiyada qayda belə idi) düşünmədən ədəbiyyat və astronomiyanı seçmişdim. Təsadüf idimi?! Təsadüf deyilən bir şeyin mümkünlüyünə inanmadığıma görə bunun bir işarə olduğunu anlayırdım.

Yazmağa nə zaman başladım? Ya da uydurmağa desəm, daha doğru olar. Çünki ilk yazılarım əksəriyyət yeniyetmə qızların tutduğuna bənzər gündəlikdə idi. Özümə aid dünyam var idi, orda tək yaşayırdım. Hamının gündəliyə yazdığı hadisələrdən məndə yox idi. Mən də məcbur qalıb uydururdum. Düzdür, bu uydurmalar da başıma bir gün bəla oldu, amma bu da başqa bir hekayədir...

Tələbəlik illərim başlamışdı. Bədii kitablarla aram yenə həmişəki kimi sərin idi. Kinoya baxmağı sevirdim. Hə, onu da deyim ki, evimiz hər zaman bədii kitablarla dolu olub. Rəhmətlik atam çox oxuyurdu, ən sevdiyi yazıçı Cek London idi. Lakin mən hüquq fakültəsinin tələbəsi idim, bütün fikrimi dərslərimə verirdim, ən fəal tələbələrdən idim. Vəkil olacaqdım...

Kuratorumuz, Yakuşev Anatoliy Vasilyeviç bizə psixologiyadan dərs deyirdi. Günlərin bir günü, qalın bir dəftəri var idi, onu da qoltuğuna vurub auditoriyaya gəldi. Bu dəftəri birinci kursdan tutduğunu dedi. Bizimlə bağlı qeydlər aparırmış. Soyadım “A” hərfi ilə başladığı üçün ilk mənimlə bağlı qeydlərindən başladı. Əvvəlcə bütün yaxşı xüsusiyyətlərimdən danışdı, məsuliyyətli və humanist olduğumu dəfələrlə vurğuladıqdan sonra belə dedi: “Xanım, sən heç vaxt hüquq mühafizə orqanlarında işləməyəcəksən”. Tutuldum, donub qaldım... “Nə danışır bu adam? Necə yəni? Mən axı sevərək seçmişəm bu peşəni...”. Üzümə bir az diqqətlə baxdıqdan sonra “Sən çox həssassan, hisslərin öndə gedir. Hüquq soyuqqanlılıq tələb edir. Sənin isə ruhun sanki bir yazıçı ruhuna bənzəyir” – fikirlərini əsaslandırmağa çalışdı. “Cəfəngiyat” deyə ağlımdan keçirdim...

İllər keçmişdi, artıq Azərbaycanda yaşayırdım, iki övlad anası idim. Bədii kitablar oxuyurdummu? Xeyr. Elmi kitablar, tibbə aid kitablar, öyrənə biləcəyim bütün nə varsa. Bədii kitablardan hələ də uzaq idim…

Günlərin bir günü Rusiyadan gətirdiyim dəftərlərdən biri keçdi əlimə. Nələr uydurubmuşam?! Bu hazır hekayə idi, ya da film ssenarisi... Rusca yazmışdım.

O gündən sonra boş vaxtlarımda o hekayəni Azərbaycan dilinə tərcümə etdim və o gündən bəri də yazmağa başladım. Yazdıqca sakitləşdiyimi, ruhumun dincəldiyini hiss etdim. Məlhəm kimi gəlirdi yazmaq mənə.

         Bir müddət sonra ilk əsərimi, “Amarna günahkarları” romanımı ssenari şəklində yazdım və fikrini öyrənmək üçün tanınmış kinematoqraflardan birinə göndərdim. Bir gün sonra mənə “Bunu özün yazmısan?” – deyə soruşdu. “Bizdə bunu çəkə biləcək rejissor yoxdu. Sən ən yaxşısı bunu kitaba çevir” deyə tövsiyə etdi. Elə onun dediyi kimi də etdim…

“Amarna günahkarları” kitabımla başladı ədəbiyyat aləminə səyahətim, indiyədək də davam edir. Ədəbiyyatı sevdim, bütün qəlbimlə bağlandım ədəbiyyata. Artıq altı ildir nəşriyyatda işləyirəm. Nə qədər bədii kitab oxumuşam? Sayını itirmişəm... Yazmaq isə nəfəs almaq kimi vazkeçilməz bir rituala çevrilib mənimçün. Yaşadığım müddətcə belə də davam edəcək, hər halda. Kinolar? Baxıram hərdən, amma düşünürəm ki, kiminsə beynində qurduğu və şəkilləndirərək hazır formada qarşımıza qoyduğu təxəyyülündənsə əsərin özünü oxuyaraq istədiyimiz kimi beynimizdə canlandırmaq daha gözəldir, daha canlıdır, daha estetikdir…

Bax belə, əziz oxucum… Ədəbiyyata gəlişim mənimçün bu günün özündə də islaholunmaz və müəmmalı hisslərlə bağlıdır. Yaşadıqca çox müəmmalarla qarşılaşdım, onları özümçün, oxucularımçün aydınlaşdırmağa, gün işığına çıxarmağa çalışdım. O müəmmalardan birini hekayəmdə sizinçün danışıram…

 

 

…və hekayəsi

 

 

MÜƏMMALI

 

İnsan həyatı, insanın bu dünyaya gəlişi haqda hər birimizin inandığı bir həqiqət var. Mən həmişə insanın bu dünyada bir missiyası olduğu həqiqətinə inanmışam. Biz heç birimiz bu dünyaya təsadüfən gəlməmişik. Ümumiyyətlə, təsadüf deyilən bir şey yoxdur. Ancaq bəzi həyatlar var, insanlar var, mənim üçün müəmmalıdır... Hər dəfə həyatın mənası haqqında düşünəndə bu fikir ağlıma gəlir, lakin bunu izah edə bilmədiyimçün heç vaxt heç kəslə bölüşməmişəm. Və hər dəfə ağlıma Nizi gəlir...

Nizinin əsl adı Nizami idi. Hələ yeddi yaşım tamam olmamışdı onu ilk dəfə görəndə. Nənəmgildə söz-söhbət, təlaş var idi. Uşaq ağlımla duyduğum şeylərdən çox təsirlənmişdim. Bakıdan rayona pambıq yığmağa gedən tələbələr pambıq sahəsində uşaq səsi eşidib, səsə getdikdə isə ağa bükülmüş, ağlamaqdan səsi batmış, bağlı ayaqlarını bir-birinə sürtməkdən dərisi yeyilmiş, gözlərini qarışqa basmış körpə tapmışdılar. Anamın xalası bu xəbəri duyar-duymaz əl-ayağa düşdü. İllərdi körpəyə sahib ola bilməmişdi və bununla barışıb ər-arvad baş-başa verib yaşamışdılar. Nənəmin bacısı olduğu üçün onu da nənə deyə çağırırdıq. Adı Qönçə olsa da, nədənsə Xonça kimi tanıyırdı hər kəs. Biz də “Xonça nənə” deyirdik…

Xonça nənəm əri ilə bütün sənədləri toplayıb uşağı övladlığa götürdülər. Adını da Nizami qoydular. Nizami bir neçə aylıq olanda Xonça nənəm qaraciyər xəstəliyindən Bakıya əməliyyat olunmağa getdi. Nizamini nənəmin evində hər kəs növbə ilə saxlayırdı. Birinci sinifdə oxuyurdum. Qardaşımla yatıb yuxumuzu da ala bilmirdik, gecələr Nizaminin çığırtıları imkan vermirdi. Nizaminin səsi ilə bərabər anamın da “Nizim, lay-lay” səsi artıq beynimizə həkk olmuşdu. Xonça nənəmin əri Şəmil baba Nizamini “Nizi” deyə çağırırdı deyə, artıq hamımız onun ağzı ilə çağırırdıq: “Nizi”. Bir aydan çox keçmişdi, Xonça nənəm qayıtdı. Biz artıq Niziyə alışmışdıq...

İllər keçirdi, Nizi böyüyürdü. Xonça nənəmlə Şəmil babam o qədər övlad həsrəti çəkmişdilər ki, Nizini dünyanın, bəlkə də, ən ərköyün övladı kimi böyüdürdülər. Hərdən onlara qonaq gedirdik. Nizi bağlarındakı ən gözəl meyvə ağaclarına dırmanıb bizə ərik, gilas, alça yığırdı. Nə qədər nadinc idisə, o qədər də təmiz ürəkli, mərd böyüyürdü. Ən sevdiyi əyləncə atası televizora baxanda, ya da bir qonaqla oturub söhbət edəndə onun başına dırmanıb boynunda oturmaq idi. Şəmil babam isə gülüb hərdən sadəcə, “yazıq Nizi... yazıq Nizi” deyirdi.

Çox keçmədi, Şəmil babam dünyasını dəyişdi. Nəvələrdən böyük olduğum üçün Nizinin başını qatmaq mənə düşmüşdü. Böyüklər üç gün, sadəcə, axşamdan-axşama evə gəlirdilər. Çox nadinc idi. Mən onu sudan, oddan, heyvanlardan, hər şeydən qorumali idim. Nə etsəm, olmurdu. Ən yaxşı bacardığım işə əl atdım, nağıllar uydurub Niziyə danışırdım. Bu işə yaramışdı: “Mənə əsgər nağılı danış, bacı, nolarrr...” – hər nağılımda bir əsgər var idi. Hətta Cırtdanı belə əsgərə çevirmişdim.

Nizami atasının ölümünü öyrənəndə təmiz nadincləşmiş, ipə-sapa yatmaz olmuşdu, heç sözə baxmırdı. Sanki acısını belə yaşayırdı... Bir müddət sonra biz artıq Azərbaycandan getdik və mən Nizamini bir də artıq məktəbin son illərində gördüm. Öyrəndim ki, Xonça nənəm Nizini də götürüb Füzuli rayonuna köçüb. Özləri də bilmədən qəddar olan məktəbli uşaqlar Niziyə atası ilə bağlı nəsə danışanda Şəmil babamın onun doğma atası olmadığını deyibmiş. Xonça nənəm də Nizami hər şeyi öyrənməsin deyə, guya ərinin dəfn olunduğu qəbiristana yaxın olmaq bəhanəsi ilə evini-eşiyini satıb, kiçik bir daxma alaraq bir ucqar kəndə köçmüşdü.

Qadınların baş bəlası olan seriallar burda da özünü yetirmişdi. O vaxt məşhur olan biri var idi, “Klon”, Xonça nənəm ordakı qəhrəmanın övladlıq olduğunu öyrənəndən sonra öz anasına nifrət etdiyini görüb Nizamiyə hər şeyi açıb danışıb. Nizami xeyli susduqdan sonra ağlayaraq Xonça nənəmi qucaqlayıb “Mənim anam sənsən!” – deyib. Bunları Azərbaycana qayıdandan sonra mənə nənəm danışdı. Gəldiyim günün axşamı elə Nizami özünü yetirmişdi. Necə sevinmişdi bizi görəndə... Heç dəyişməmişdi. Həmin nadinc Nizi...

Demək olar, həftənin yarısını bizimlə keçirirdi. Heç vaxt adımı deməzdi, sadəcə, “bacı” çağırardı.

Əsgər getdi Nizimiz… O, əsgərlikdə olduğu vaxt, yeni il gecəsi idi. Bərk qar yağmışdı. Birdən darvazanın səsi eşidildi. Qəribədi, itim Vinni də hürmədi. Yəqin, tanış adamdı, deyib qapını açdım. Birdən əsgər paltarında “bacı, mənəm” deyən Nizini gördüm. Dərhal boynuna atıldım. İkiqat şadyanalıq oldu, Nizi gəlmişdi, yeni il gecəsinə bundan gözəl sürprizmi olar?! Evlərinə deyil, bizə gəlmişdi. Hər kəs yığışıb getdi Xonça nənəmi sevindirməyə...

 

***   

 

Qabaqda toy var idi, Nizaminin toyu!

Heç vaxt səsi çıxmayan telefonum susmaq bilmirdi.

         – Alo, – cavab verdim.

         – Bacı, – Nizinin səsini eşitdim.

         – Ay can, Nizi!

         – Bacı, səndən bir şey istəyəcəm.

         – Nə? – təəccüblə soruşdum. Çünki o heç vaxt mənə zəng vurub nəsə istəməzdi.

         – Gülnarın bu bəzək işlərini-filan sən edə bilərsən? Xalam dedi, bacarırsan. Bir də ona da pul verməyim.

         – Təkcə qız toyunda? – soruşdum. Çünki öz hayımda idim. Gəlini bəzəsəm, özümə vaxtım qalmayacaqdı.

         – Hər ikisində... – elə səslə dedi ki, yox deyə bilmədim.

         Nizinin toyuna çox həvəslə hazırlaşırdıq. Onun bizdən başqa kimi var idi ki?! Hətta atamın mənə hədiyyə etdiyi üzüklərdən birini Xonça nənəmə verdim, gəlinə hədiyyə versin deyə. Hər şeyin könlüncə olması üçün əlimizdən gələni edirdik. Ona tək olduğunu hiss etdirməməyə çalışırdıq.

         Evlənəndən sonra Nizini az-az görürdüm. Bir çoxlarımızdakı kimi, iş axtarışları, ailə dolandırmaq kimi problemləri peyda olmuşdu… Sonralar eşitdim ki, hərbiyə işə düzəlib. Çox narahat oldum. Çünki Nizinin necə biri olduğunu hamımız bilirdik, həm də cəbhə bölgəsində. Ara-sıra eşidirdim ki, hər atəşgah pozulanda Nizami irəli gedir. Onunla bağlı narahatlığım gün-gündən artırdı. Artıq bir qızı var idi, Ayşə var idi; ikinci də dünyaya gəlmək üzərə idi.

Bir gün gəldi bizə, axşam düşürdü... Evə getməyəcəyini dedi, yoldaşı isə dayanmadan zəng vurub harda olduğunu soruşurdu. Hamımız narahat olduq, ailəsində problem yaranar deyə, danladıq hərə bir tərəfdən. Nədənsə kefsizləşdi, sanki getmək istəmirdi. Sağollaşanda isə “Nolar, ehtiyatlı ol, irəliyə soxulma bu atışmalar zamanı” – dedim. Cavabında “Mən onsuz da şəhid olacam!” deyib getdi. Məni qıcıqlandırmaq üçün dediyini düşündüm. Çox əsəbiləşdim. Eləcə də ayrıldıq. O gedəndən xeyli sonra hələ də deyinirdim.

Bir neçə gün sonra Bakıda nişan şənliyində Nizaminin vurulduğu xəbərini aldım… Onun dəfn mərasiminə getmədim, gedə bilmədim... Bunu da heç cür izah edə bilmirəm. Bəlkə də, qəbullanmadığım üçün... Onun məzarını ziyarət etməyə gedəndə şəhid olmasından bir ildən çox keçmişdi. Dərdinə dözməyib dünyadan heç bir xəstəliyi olmadan köçən Xonça nənəmin məzarı üstə gedəndə baş çəkmişdim Niziyə…

Nizamiyə atışma zamanı həlak olduğu üçün şəhidlik adı verilsə də, o, düşmənlər tərəfindən vurulmamışdı. Avtomatla ehtiyatsız davranılması nəticəsində Babaşov Nizami Şəmil oğlunun öz əsgərimiz tərəfindən vurulduğu deyilirdi. Vəziyyət qarma-qarışıq idi... Hərə bir söz deyirdi... Ancaq yenə də dediyini edib öndə getmişdi… Yarasını isə arxadan, kürəyindən almışdı… Ürəyindən…

23.01.2015-ci il… gecə… bu tarix təkcə Nizaminin şəhid olduğu gün deyildi, həmin gecə Nizaminin ikinci qızı – Arzu da dünyaya gəlmişdi...

Film kimi, amansız bir... Mən artıq Nizinin adını eşidəndə anamın onu bələkdə yelləyərək oxuduğu “Nizim, lay-lay” sözlərini deyil, onun yasında ağlayaraq “Gəlişi kimi müəmmalı gedişli Nizim, lay-lay” sözlərini xatırlayıram…Müəmmalı...

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)