“Çıxardıb başından kəndin tacını...” – ƏDƏBİ TƏNQİD Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tənqid saatıdır.

 

 

Qürbət MİRZƏZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

 

 

ADİLİYİN POEZİYASI VƏ YA POETİK DÜŞÜNCƏNİN BƏNZƏRSİZLİYİ

 

Keçən əsrin 70-ci illərində ədəbi yaradıcılığa başlayan Fərqanə (Fərqanə  Habil qızı Mehdiyeva) 1964-c il fevral ayının 20-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlib. Kənd orta məktəbində təhsilini başa vurduqdan sonra o, 1984-cü ildə Bakıda Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunun rejissorluq fakültəsinə qəbul olmuş, 1986-cı ildə buranın məzunu olaraq təhsilini tamamlamışdır. O, 1985-ci ildən “Aşıq Pəri” məclisinin üzvü idi.

 

Fərqanə Mehdiyeva 1986-1993-cü illərdə Salyan Mədəniyyət evində və Gədəbəy rayon uşaq kitabxanasında müdir vəzifəsində çalışmışdır. 1993-cü ildən Xətai rayonundakı 260 №li orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyət göstərmiş, 2021-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilini başa vurmuşdur. Bundan sonra fəaliyyətini Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarında davam etdirmiş, əvvəlcə  “Dünya” jurnalında ədəbi işçi (2002-2007), 2007-ci ildən ömrünün sonuna kimi  isə “Ulduz” jurnalında poeziya şöbəsində redaktor və şöbə müdiri kimi çalışmışdır.

Ədəbi fəaliyyətinə görə Fərqanə Mehdiyeva “Həsən bəy Zərdabi” (2006), “Qızıl qələm” (2006), 2009-cu ildə isə Prezident təqaüdü ilə mükafatlandırılmışdır.

Mətbuatda şeirləri, nəşr olunan kitabları daha çox Fərqanə imzası ilə dərc olunmuşdur.

O, 2020-ci il may ayının 2-də uzun sürən xərçəng xəstəliyindən vəfat etmiş,  may ayının 3-də Bakıxanov qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

Bu qeydlər Fərqanə Mehdiyevanın bir qədər  rəsmi tərcümeyi-halı barədə məlumat verir. Təbii ki, onun şair fərdiyyəti haqqında ən mükəmməl tərcümeyi-halı mətbuat səhifələrində vaxtilə işıq üzü görən şeirləri və bu nümunələrin yer aldığı bənzərsiz poetik axtarışlar kimi yadda qalan “Çəkdiklərim mənə bəsdir”, “Deyirlər şirindi dünya...”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...”, “Hayana gedib anam”, “Gedirəm torpağı qucaqlamağa” adlı poetik toplularıdır.

Fərqanənin “Nənələr” adlı ilk mətbu şeiri 1977-ci ildə Salyan rayonunda çıxan “Qələbə” rayon qəzetində dərc olunmuşdur.

Qeyd etmək lazımdır ki, Fərqanə xanım poetik ruh və nəfəs etibarilə orijinal, heç kimə bənzəməyən, özünəməxsus fikir və düşüncə dünyası olan istedadlı bir şair idi. Onun xalq şeiri ilə modernist şeiri ortaq, ənənəvi forma biçimində təqdimi tamamilə yeni bir yaradıcılıq tapıntısı kimi qiymətləndirilə bilər. İlk baxışda bir-biri ilə heç bir oxşarlığı və bağlılığı olmayan şeir təmayülünü eyni məxrəcə gətirməsi də şairin istedadından, yaradıcılıq fitrətindən irəli gəlirdi.

O, hamının gördüyü, yaxından müşahidə etdiyi adi hadisələri: ailə-məişət, təsərrüfat məsələlərini, insani münasibətlərdə nəzərə çarpan dəyişmələri,  cəmiyyətdə baş verən ziddiyyət və aşınmaları sadəcə sadalama yolu ilə getmir,  ona  işıqlı, duyğulu səmimiyyət qatır, buradakı gerçəkliyi poetik-fəlsəfi bir ovqatla   poeziyanın sənət ecazına çevirməyə nail olurdu.

Ehtiyacı, məhrumiyyəti,  sosial-mənəvi sıxıntını Fərqanə xanım çox böyük sənətkarlıqla poeziya faktına çevirir, onu hava, su və ruhi-duyğusal bir iksir kimi ehiyacların,  sarsıntıların mənəvi təminatçısı olmaq qüdrətini oxucuya inandırmağa nail olur:

        

Birtəhər keçinim, eh... sabah yenə

         Əllərim ehtiyac qulu olacaq, –

         Qoy xörək əvəzi atım qazana,

         Bilmirəm ya quru, sulu olacaq.

 

         Mən düzüm sözləri vərəq süfrəmə,

         Kim bilir, familli, adlı çıxacaq,

         Ürək damarından yaranan şeirin

         Çox güman tikəsi dadlı çıxacaq.

 

Bu bəndlər şairin “Ehtiyac” şeirindəndir və bu misralarda adi həyati ehtiyacları metaforalarla poeziyanın arsenalına çevirmə istedadını sübut etməyə elə bir ehtiyac da duyulmur. Diqqət yetirilərsə, burada bənzəyənlə bənzədilən arasındakı oxşarlığı, mütənasibliyi şair poetik tapıntı səviyyəsində təqdim edir, həqiqətən də, “vərəq süfrə”nin rəngi, forması arasındakı uyğunluğu ustalıqla tapıb üzə çıxarır. “Ehtiyac”dakı son poetik akkordlar, zənnimizcə, şairin obrazlı düşüncə tərzinin bənzərsizliyi, orijinallığı barədə əyani təsəvvür yaratmaq iqtidarındadır:

                    

Məni qınamayın, ürək qanımla,

         Sözü qızardacam soğan əvəzi.

         Özgə yol tapmadım, üz tutdum hara,

         Qonağım olarsız, ay mən kimilər,

         Şeir bişirəcəm sabah nahara!

 

Onu da qeyd etmək lazımdır ki, belə bir poetik ovqat, adi həqiqətləri mənalandırmaq qabiliyyəti sonrakı yaradıcılıq axtarışlarında Fərqanə xanımın şeir dünyası  üçün dəyişilməz, stabil  bir keyfiyyət göstəricisinə çevrilir.

Fərqanənin şeirlərindəki lirik-emosional duyğunun mahiyyətində çox vaxt adi təəssüratlar yox, konkret predmet və anlayışlar dayanır. Belə bir təqdimat,  şübhəsiz ki, onun poeziyasına özünəməxsus ifadə manerası gətirməklə yanaşı, insan, həyat və zaman haqqında mücərrədlikdən çox uzaq bir düşüncə assosiasiyası yarada bilir.

Etnoqrafik cizgilərin fonunda insanın keçirdiyi hiss və duyğuların eyni müstəviyə gətirilməsi baxımından Fərqanənin “Təndir” şeiri ən mükəmməl nümunə hesab oluna bilər. Çoxları ilk baxışda belə düşünə bilər ki, bu şeirdə təndir, onda bişirilən, çörəyin ətri, rayihəsi haqqında poetik söhbət açılacaq. Etiraf edək ki, çox vaxt şeirdə belə bir ənənəvi, dəfələrlə təsvirə gətirilən məqamlarla tez-tez  rastlaşmaq olur. Bu da bir həqiqətdir ki, belə hallar oxucu üçün adi, informativ təəssüratdan da o yana gedə bilmir.

Fərqanə xanımın “Təndir”ində icra olunan hal və prosesin özü, onun başına pərvanə kimi dolanan ananın ruhu-mənəvi dünyası, obrazlı şəkildə deyilsə, təndirin ovqatı üstündə köklənir:

                  

Təndirin tüstüsü çıxanda başdan,

         Anam gözlərindən su çiləyibdi.

         Küt gedən təndiri ovutmaq üçün

         Ərkyana təndiri şillələyirdi.   

 

Bu misralarda təndirə xas olan xüsusiyyətlərlə insan əhval-ruhiyyəsi çox incəliklə proyeksiya olunub. Fikir verin, kündənin ovudulması (əslində uşaq, bəzən də böyük ovudular), təndirin şillələnməsi çoxuna adi görünə bilən  iş, icra prosesi kimi düşünülə bilər. Ancaq bu hamıya adi görünə biləcək mənzərəyə şair  yeni məzmun, fəlsəfi ümumiləşdirmə gətirməyə nail olur, orijinal poetik mühakimələr irəli sürür.

Təndirin həsrətini, insan təmasından uzaq düşən görkəmini şair təsəvvür olunması mümkün olmayacaq bir sənətkarlıqla təsvirə gətirir və bu, sözün həqiqi mənasında ədəbi düşüncə üçün əsl tapıntı və poetik kəşf səviyyəsinə qaldırılır.

                  

Doğma anası tək sevib təndiri,

         Könlünə şipsirin ovqat olubdu.

         Anam getməyəndə təndirə yaxın

         Təndirin sinəsi çat-çat olubdu.

 

Tənqidçi Vaqif Yusiflinin belə bir yaradıcılıq məziyyətini obraz yaratmaq cəhdi kimi qiymətləndirməsində müəyyən həqiqət var: “Ümumiyyətlə, Fərqanə ən yaxşı şeirlərində obraz yaratmağa can atır və buna nail  ola bilir. Vaxtilə mən onun  “Təndir” şeirini xüsusi qeyd  etmişdim və yazmışdım ki, Fərqanənin  ən uğurlu şeiridir. Uğurunu onda görürdüm ki, Fərqanə elin müqəddəs od yeri-bərəkət yeri olan Təndiri poetik obraz səviyyəsinə qaldırmışdır. Təndirlə bağlı  bizim poeziyada ilk dəfə ən gözəl şeirin yazıldığının şahidi olduq. Ancaq bu  şeirin məziyyətini təkcə şairin Təndir obrazını  mükəmməl yaratmasında axtarmaq doğru olmazdı. Şeirin  bir uğuru da orada mükəmməl Ana obrazının yaradılmasıdır”.

Ana,  ümumilikdə götürüləndə, Fərqanənin yaradıcılığından qırmızı xətt kimi  keçən müqəddəs bir mövzudur. Bir şair kimi onun yaradıcılığında hər şey anadan başlayır, hər bir hadisəyə, təfərrüata, mətləb və xüsusatlara münasibət anasız ötüşmür, ana münasibətindən kənarda qalmır. Bu əvəzolunmaz  varlığa hər müraciətdə şair anaya xas olan bir gözəgörünməz səciyyəvi keyfiyyəti kövrək notlar üstə oxucuya çatdırır. Şair bu obrazı ətə-qana gətirmək üçün müxtəlif ədəbi üsul və vasitələrdən yararlanmağın adekvat variant və versiyalarını yaradır. Bunun ana-ölad münasibətlərində,  ananın kənddən şəhərə göndərdiyi sovqatda övladının taleyindən nigarançılığı yaradan səbəblərdə, şəhərdə məskunlaşmada, sevgi və ailə həyatının anadan uzaq düşməyə  bais olmasında axtarılması şeirdə yeni hadisə deyil, ancaq Fərqanə xanım belə bir uzaq düşmənin və həsrətin səbəblərini  son dərəcə təsirli və inandırıcı detallarla, obrazlı təfərrüatlarla təsvirə gətirir ki, oxucu belə hadisəni sankı heç kəsin ağlına gəlməyən yenilik kimi qavrayır. Təfərrüata varmadan deyə bilərik ki, belə  bir dərin lirizmlə,  psixoloji məqamların poetik mətndə yaratdığı ovqat sənətkar təxəyyülün cazibəsində culğalaşır, vəhdət halına gətirilir, oxucu qəlbini riqqətə gətirir, nəticə etibarilə ananın mükəmməl poetik obrazının yaradılmasına gətirib çıxarır.

Bu baxımdan “Təndir”in başına pərvanə kimi dolanan anadan gələn istilik, hərarət, doğmalaıq “Anama məktub”a çevrilir, “Anamın tayları köçür dünyadan...” da  addım-addım yaxınlaşmaqda olan əbədi nisgilin, ayrılığın göz yaşaları içərisində xəbərini çatdırır.

“Anama” şeirində gözləri yollara dikilən ananın keçirdiyi hiss və həyəcanlar təsirli cizgilərlə yadda qalır. Şeirin səhlövhəsi altındakı ananın dilində səsləndirilən: ”Hər şənbə, bazar günləri gözlərim yolda qalır, deyirəm, bəlkə, uşaqlardan gələn oldu”.

Şeir belə başalayır:

                  

Düşübdü borana, yağışa bilmir,

         Özü öz içində haylanan anam.

         Həyətə-bacaya sığışa bilmir

         Hər bazar yollara boylanan anam.

 

         Bəlkə, gələn oldu, – deyər özünə,

         Xəlbiri fırlanır, ələyi gəlmir.

         Günorta bişəni saxlar axşama,

         Qazanı açmağa ürəyi gəlmir.

 

Övladları üçün kəndlə şəhər arasında məsafə qət eləyərək saçlarını yollarda ağardan ananın  hər belə gəlişi nəvə-nəticələri üçün toy-bayrama çevrilsə də, bu gəliş-gedişin nəyin və nələrin hesabına başa gəlməsinin onlar fərqində deyil. Buna laqeydlik də demək olmaz.

“Anam şəhərə gedir” şeirində başdan-ayağa bu mətləblərdən söhbət açılır. Bu şeirdə kəndlə şəhər ayrı-ayrılıqda idealizə olunmur, biri o birindən üstün tutulmur, sadəcə olaraq, kənddən şəhərə gəlişin təəssüratları, qayğı və düşüncələri dilə gətirilir:

                  

Çıxardıb başından kəndin tacını,

         Ocaqda yan üstə qoyub sacını,

         Amanat tapşırıb həyət-bacanı,

         Anam şəhərə gedir.

 

Bu, kənd həyatının, kəndən şəhərə səfərə çıxan ananın hal və vəziyyətini, hiss və həyəcanlarını ifadə edən yaddaqalan bir poetik lövhədir, şair burada  nənənin ətəyindən yapışan nəvələrin, həyətin-bacanın, toyuğun-cücənin, xoruzun, itin ana hənirindən, ana qayğısından uzaq düşməsindən dolayı yaranan nisgilini detalları ilə təsvir edir, oxucunu belə bir ovqatın yaşantıları ilə baş-başa qoyur:

                  

Nəvələr yapışıb, savaşa baxın,

         Sovqat yığımında yarışa baxın,

         Sümsüyün sallayıb Alabaş, baxın,

         Anam şəhərə gedir.

 

Müharibəyə – gedər-gəlməzə yollanan oğulların taleyinə yas tutan ananın sinəsini göynədən həsrət, əbədi ayrılıq “Qırmızı geyinə bilməyir anam” adlı şeirin əsas mövzusunu, ideya-bədii siqlətini qabarıq şəkildə nümayiş etdirir:

                  

Həmişə başından aşır dərd-səri,

         Bir sümük qalıbdı, bir də ki dəri,

         Nə az, nə də ki çox – 41-dən bəri

         Qırmızı geyinə bilməyir anam.

        

Şeirdə rəng effektindən sənətkarlıqla yararlanmaq, ondan istifadə yolu ilə əsas fikri, mənanı daha təsirli ifadə etmək bacarığı  xüsusi olaraq nəzərə çarpmaqdadır:

                           

Bir saçın ağ hörüb, bir qara qızlar

         Anamın yaşıdı o qarı qızlar,

         Görür ki, saralıb qara kağızlar,

         Qırmızı geyinə bilməyir Anam.

        

Şeirin son bəndində ananın 41-dən qövr eləyən yarasının üstünə yeni bir yara  vurulduğunu  da  şair dilə gətirir, xain, nankor qonşuların Qarabağ  torpağına qanlı dişlərini qıcaması, əbədi-əzəli yurd yerlərinə göz dikməsi buna bir səbəb kimi göstərilir: “Bağrının başında  yara dağ kimi, Dolanır boynuna  qara bağ kimi, Neyləsin dərdi var Qarabağ kimi, Qırmızı geyinə bilməyir Anam. Məni də geyməyə qoymayır Anam...”

         Fərqanənin ana ünvanlı şeirlərindən sonra  ana Vətənə,  ana torpağa sirayət edən bir mehr və sonsuz sevgi hisslərinin ifadəsi gəlir. Əvvəlcə Ana ilə Vətənin bir sim üstə köklənməsini əyani olaraq təsdiqləyən “Ana, bizə vətən gəlib” şeirindən başlamaq daha münasib görünür, çünki burada bölünən, parçalanan vətənin ağrı-acıları, nisgil və həsrəti gözləri yol çəkən ananın obrazı ilə üst-üstə düşür, qəribə bir assosiasiya yarada bilir. Cənublu şair Elsevənə ünvanlanan şeirdə belə həmahəng səslənən məqamlar bu baxımdan diqqəti çəkir:

                            

Yollar, yoxuşlar sevinib,

         Gələn gedib, gedən gəlib.

         Bölünməyib neçə yerə,

         Arzu, istəyi tən gəlib.

 

         Qılınc alıb sıyırdığı,

         Zalım fələyin saydığı,

         Nə zülmlə ayırdığı

         Gözlərimdən itən gəlib.

 

         Gör nələrin sorağıdır,

         Duruşa bax, həsrət dadır.

         Qonaq Allah qonağıdır,

         Ana, bizə Vətən gəlib!

 

Bəzən ictimai-siyasi, sosial ədalətsizlikdən bəhs edəndə də şair Vətənə müraciət edir, dərdini, əndişələrini bu ünvana üz tutmaqla ifadə edir:

                 

Kimin dilini kəsirlər,

         Kimi dindirirlər, Vətən.

         Kimi yuxarı qaldırıb,

         Kimi endirirlər, Vətən.

                                                (“Qoymurlar düşəsən yola”)

        

Sevgi, ev-eşik, ailə qayğıları da Fərqanənin bir şair kimi sevə-sevə, tez-tez müraciət etdiyi mövzulardandır.

         Müsahibələrinin birində ona ünvanlanan “Qadın şair üçün ailə sırada neçənci yerdə durur? sorğusuna cavabda maraq doğuran məqamlar var. Burada şair yaradıcılığı üçün səciyyəvi olan bu cəhəti belə izah edir: “Mənim üçün həmişə birinci yerdə olub. Çalışmışam ki, tərəzi heç vaxt əyilməsin. Danlanmışam  da, xörəyim də yanıb, dəmim də qaynayıb, amma əziyyətlərə qatlanmışam. Bir də  yaxşı şeir dinləniləndə oxucu dərhal düşünər ki, bu şair evdə, eşikdə övladına, ailəsinə necədir, görəsən? Çalışmışam ki, bu suallar qarşısında utanmayım.

         Hərdən mənə elə gəlir ki, ailə ömürlük cəza kaloniyasıdır. Yaxşı mənada. Düzdür, bu türmənin yaxşı, pis yerləri də var. Mən türmənin yaxşı yerindəyəm”.     

          “Sevgi şeirləri yaza bilmirəm” adlı  şeirdə Fərqanə yaza bildiyi mövzuların siyahısını təqdim edir, bu insani hiss və duyğuları dilə gətirməkdə çətinlik çəkdiyini səmimi şəkildə izhar edir:

                           

Axırdan yazıram, başdan yazıram,

         Torpaqdan yazıram, daşdan yazıram.

         Ağacdan, budaqdan, quşdan yazıram,

         Sevgi şeirləri yaza bilmirəm...

 

         Şeirlə bölürəm bu tən dərdimi,

         Vərəqlər üstündə bitən dərdimi.

         Yazıram yurd-yuva, Vətən dərdimi,

         Sevgi şeirləri yaza bilmirəm...

        

Ancaq “Bahar toyları” şeirində şair sevgidən, “torpağa, daşa çilənən təbəssüm”dən ilhamla, ehtirasla yazanda bizi bu həqiqətə inandıra bilmir və sevgi şeirləri ilə də hamını təəccübləndirə və heyrətləndirə bildiyini əyani olaraq nümayiş etdirir:

                           

Təbəssüm çilənər torpağa, daşa,

         Səadət günəşlə bölünər yarı,

         Gələr ömrümüzə min sevinc ilə,

         Gələr ömrümüzə bahar toyları.

 

         Ürəyi uçunar qonşu qızların,

         Cavanlar bəxtinə gözaltı edər.

         Gələr ömrümüzə bahar toyları,

         Ömrümüz, sən demə, bahardan betər.

 

“Ömür-gün yoldaşıma”, “Qadınlar, sıxmayın kişiləri siz”, “Mənzilin mübarək”, “Məni özünə bağla”, “Arabir vaxt tapanda”, “Demə cansız kağızdı”, “Baxışınla sığal çək”, “Payızın yanında gözlərsən məni”, “Dərdindən öləcəyəm...”, “Sevgimə güllələnmə düşür...”, “Mən sənə darıxmaq öyrədəcəyəm” kimi tam sadalamadığımız  nümunələr şairin bu qəbildən olan şeirlərindəndir.

Fərqanə xanımın yaradıcılığında epik nümunələrə təsadüf olunmur. Bunu onun yaradıcılığı üçün kəm-kəsir hesab etmək də doğru olmaz. Əslində, onun ayrı-ayrı şeirlərindəki təsvirə gətirilən lövhələr, bitkin süjet xətli poetik örnəklər bütöv bir  epik növün mənzərəsini tamamlamaq gücündədir.

          Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının birgə layihəsi  seriyasından “Gedirəm torpağı qucaqlamağa”  adlı seçmə şeirlərdən ibarət kitabın, itkisini ürək ağrısı ilə dilə gətirən şeirlərdən, yaradıcılığını təhlil edən məqalələrdən, sağlığında işıq üzü görən kitabları haqqında yazılan rəylərdən, onunla aparılan sorğu və müsahibələrdən, vəfatı münasibətilə yazılan elegiyalardan, haqqında qələmə alınan xatirələrdən ibarət 415 səhifəlik “Mən sizə darıxmaq öyrədəcəyəm”  toplusunun  nəşri, tələbələri və yetirmələri tərəfindən təsis olunan “Fərqanə ədəbi məclisi”  “Siz məni qoymayın şair olmağa”- deyən istedadlı şairin ədəbi aləmdə var olmaq, yaşamaq statusunu təsdiq edir.

Fərqanə xanımın “Şairin yaşı olmur” adlı şeirində şair taleyi barədə düşüncələrini belə ifadə edir:

                  

Bu gedimli dünyada,

         Ölsə də diri olur.

         Ötüb keçən hər günü

         “Aprelin 1-i olur

         Şairin yaşı olmur”.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)