Şəhidlər barədə şeirlər – SAMİR PAŞAYEV

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Samir Paşayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

SAMİR ADIŞİRİN OĞLU PAŞAYEV

(07.10.1999.-29.09.2020.)

 

Bakı şəhərində doğulmuş, Əslən Şəkinin Böyük Dəhnə kəndindən olan, Bakıdakı 100 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Suqovuşan

Dəfn yeri:  Binəqədi

 

 SAMİR

 

Uşaqlıqdan bilirdi Vətən nə, torpaq nədi?

İyirmi il yaşadı, ölməz qəhrəman  oldu.

Anası öyrətmişdi, namus nə, bayraq  nədi?

Vətənin dərdlərinə şəfalı dərman oldu.

 

Əslən Böyük Dəhnədən, Bakıda doğulmuşdu,

Deyirdi, Qarabağı biz azad edəcəyik,

Mayası halallıqla, düzlüklə yoğrulmuşdu,

İnanırdı, Şuşaya qalibtək gedəcəyik.

 

Hər bir fənni sevirdi, qiymətləri beş idi,

Yüz nömrəli məktəbin şagirdiydi-əlaçı.

Onunla söhbət etmək, ülfət qılmaq xoş idi,

Bilikdir min bir dərdin, min mərəzin əlacı.

 

Yorulmadan, həvəslə oxuyub çalışırdı,

Komputer mühəndisi olacağam, deyirdi.

Sinif yoldaşlarıyla inamla yarışırdı,

Afərin, yüksək balla ali məktəbə girdi.

 

Ali məktəbi Samir başa vuran zamanı,

Söylədi, verməliyəm daha bir imtahanı,

Bu imtahan müqəddəs bir borcdur yurdumuza,

Gedirəm xidmət edim mən milli ordumuza.

 

Ana oğlanlarını yola saldı sahmanla.

Onlar yurdun sahibi, xan Oğuz türküdürlər.

Getdilər əsgərliyə qardaşı Asimanla,

Əsgərlikdə qardaşlar daha da bərkidilər,

 

Məqam çatdı, müqəddəs torpaqların xilası,

Samirgilin dəstəsi öndədir, döyüşdədir,

Hər əsgər bu diyarın bir yenilməz qalası.

Ölümlə həyat indi üzbəüz görüşdədir.

 

İgidlər şirə dönüb düşmənləri qırırlar,

Qələbə heç bir zaman asan gəlməyir başa.

Avtomatla yağını necə sərrast vururlar,

Geri dönə bilməzsən girmisənsə savaşa.

 

Suqovuşan uğrunda dava oldu çox çətin,

Yaralandı, durmadı, yenə də döyüşdü o,

Hamı gördü Samirin hünərin, cəsarətin.

Şəhid qardaşlarıyla cənnətdə görüşdü o.

 

Samir, adın yazılıb ölməzlər cərgəsində,

Hünərindən nə qədər söhbət açsaq da azdı.

Əbədiyaşarsan sən qaliblər ölkəsində,

Samirlər olmasaydı şanlı zəfər olmazdı.

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2024)