BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə Featured

Rate this item
(2 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Şamil Ənvəroğlu " Anna Karenina "- ya nə söyləyərdi?

 

CAVAB:

"Anna Karenina” romanı Lev Tolstoyun ən çox sevdiyim əsəri və bir çox yazarlar üçün dünya roman sənətinin ən yüksək zirvəsi hesab olunur. Dostoyevski bu romanı oxuyandan sonra o qədər təsirlənib ki, romanın müəllifi Tolstoyu "Sənətin Tanrısı" adlandırıb.

Əsər ali bir zümrədən olan parlaq hərbçi gənc Knyaz Vronski ilə adlı-sanlı dövlət məmurunun həyat yoldaşı Anna Kareninanın qadağan olunmuş məhəbbəti haqqındadır. Knyaz Vronski ilk baxışdan Anna Kareninaya vurulur və sərhəd tanımayan heyvani kişi ehtirası ilə onun arxasınca düşməyə başlayır, ta ki, ona tamamilə sahib olana qədər. Ailəsi, dostları və cəmiyyət əvvəlcə Vronskinin ərköyün meyillərinə hətta rəğbətlə baxırlar, sonra məsələnin ciddi olduğunu görəndə isə hamı səfərbər olub onu bu qara sevdadan çəkindirməyə çalışır. Vronski isə sevir, nəyin bahasına olursa olsun qadını ələ keçirməyə çalışır, ələ keçirəndən sonra isə, gözlənildiyi kimi ehtirasları soyuyur.

Anna Karenina isə ən sonda özünü qatarın altına ataraq intihar edir.

Mənə görə sevgi yolunda ölmək də şəhidlik sayılır. Ancaq baxır insan kimi sevir. Etdiyi bütün fədakarlıqlara dəymirsə, bir qədirbilməzi sevərək boşuna əzab çəkməyə dəyməz. Düzdür, sevgi gələndə xəbər etmir ki, bu insanı sevməyə dəyər, ya dəyməz. İnsan sevəndə ürəyin ritmi artdıqca, beynin düşünmə funksiyası azalır.

Sevən insan üçün sadəcə O var. O isə çox vaxt dəymir böyük bir sevgiyə. Elə Annanın sevgisi kimi. Annaya sevə bildiyi üçün böyük təşəkkürlər, sevgisinə layiq olmayanı sevdiyinə görə isə böyük iradım var.

Ancaq bütün hallarda SEVGİYƏ və SEVƏ BİLƏN insanlara sonsuz sayğım var.

Yaşasın QARŞILIQLI SEVGİ!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)