İntizar ədəbiyyatı - Söhrab Tahir, "Anam" Featured

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Xiffətlər yolumu yarıda qoydu, 

Ümidlər qəlbimi taladı, soydu, 

Ürəyim özündən bezikdi, qoydu, 

Mənə ürəyini yetirsin anam! 

 

Çalınsın fəryadım neydə, təbildə, 

Sümüyüm çürüməz yoxsa qəbirdə. 

Mən gedə bilmədim Təbrizə bir də - 

Təbrizi yanıma gətirsin anam! 

 

Çəkin üzərimə qara yapıncı, 

Qoyun qapıları taybatay açıq, 

Vətənə son şerim qaldı yarımçıq, 

Şerimin sonunu bitirsin anam! 

 

O tayın, bu tayın qulağı səsdə, 

Qulağım tutulub bu son nəfəsdə. 

Qoyun tüfəngimi sinəmin üstə, 

Ölsəm, tüfəngimi götürsün anam! 

 

Ey dünya, bu dərdim səni də yordu, 

Gözümə tökdüyün güllədir, qordur. 

Ana hər ölümdən güclüdür, zordur, 

Məni son evimə ötürsün anam! 

 

Ay zalım, atdığın dəydi hədəfə, 

Gənclik arzularım döndü kələfə. 

Mən körpə deyiləm, ancaq son dəfə 

Məni qucağında yatırsın anam!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)