POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Bu otağa bir qapı da açaq biz…” şeiri Featured

Rate this item
(0 votes)

Poetik Qiraətdə bu dəfə sevilən şairimiz, ustad şairimiz Musa Ələkbərlidir. Şair “Bu otağa bir qapı da açaq biz“ deyir.

Şairin məramı isə bu cür ifadə edilir:

Bu otağa bir qapı da açaq biz,

O qapıdan pis adamlar girməsin.

Xoş mütaliələr!

 

BU OTAĞA BİR QAPI DA AÇAQ BİZ...

 

Bu otağa bir qapı da açaq biz,

Mat qalmayaq itirəndə açarı.

Şəhid olar bu baharın əlində

Mənim kimi ömrün-günün naçarı.

 

Çiçəklərin hönkürməyi yamandı,

Yatağına sığışmayır Kür indi.

Bahar üstə kökləmişəm könlümü,

Allah, məni nə gözləyir gör indi...

 

Ürək dinir duyğularla ləbələb,

Göz durulur, istəyini azdırır. 

Mən o gülə nəfəsi tək yaxınam,

Osa mənə həsrət şeiri yazdırır.

 

Bu otağa bir qapı da açaq biz,

O qapıdan pis adamlar girməsin.

Başdan-başa bizim olan bu yazı,

Paxıl gözü, xain gözü görməsin.

 

Belə yaxın olmamışdıq günəşə,

O şəfəqlər qanımızdan keçirmiş.

Yuxumuza girməyən o doğmalıq

Ruhumuzdan, qanımızdan keçirmiş.

 

Yəqin bir də bəndə düşməz dilindən

Ürəyində açan gülün dustağı.

Möhlət üçün an istəyər ömürdən

Mənim kimi ayın-ilin dustağı,

Bir istəyin, bir könülün dustağı.

 

Yaman yerdə qanı coşdu bu yazın,

Nə düşmüşük qəlbimizdən qaçaq biz.

Heç olmasa indən belə susmayaq,

Könlümüzün havasına uçaq biz

Zaman keçir, sözün varmı bu haqda?-

Ömür yoxdu duyğulardan qıraqda

Bu otağa bir qapı da açaq biz...

 

Ədəbiyyat və incəsənət”

(04.06.2024)