İntizar ədəbiyyatı - Söhrab Tahir, "Öləndə" Featured

Rate this item
(0 votes)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Öləndə kəfənim ikiqat olsun, 

Mən həm o tayınam, həm də bu tayın. 

Qoy bütün dünyaya belə yayılsın 

Öləndən sonra da birlik harayım. 

 

Öləndə kəfənim iki qat olsun, 

Ruhum o taydadır, qəbrim bu tayda. 

Dözümlü xalqıma heykəl qoyulsun. 

Ortadan qurumuş bir dəli çayda. 

 

Tabutum üstündə oynasın xəzan, 

Bölünsün bir xalqın şairi iki. 

Ayrı bacıların göz yaşlarından 

Mənə iki tayda bir qəbir tikin. 

 

İkili yaşadım həyatımı mən, 

İkili səsimdə birləşdi xalqım. 

Qovdum ikiliyi öz ürəyimdən, 

Böyük ürəyimdə birləşdi xalqım. 

 

Bir gün xalqım üçün şairləşəndə 

Şair torpağıma quylanacağam. 

Vətən birləşəndə, Xalq birləşəndə

Mən də öz qəbrimdən boylanacağam.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)