Ralf Ualdo Emersonun uşaq şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Ralf Ualdo Emersona aiddir. O, Amerika şairidir.

 

Ralf Ualdo Emerson

(1803-1882)

ABŞ

Dağ və dələ

 

Dağla dələ

Girib bəhsə

Söhbət açdı.

Dağ dələni

Görən kimi

Dedi: – Bu ki

Bapbalaca,

Xırdacadı.

Dələ dedi:

Sən nəhəngsən

Bu biçimdə!

Mən bilirəm,

Öz yeri var

Böyüyün də,

Kiçiyin də.

Havalar da

Cürbəcürdür –

İstisi var,

Sərini var.

Tamamlayır

Gələn ilin

Hər birini

Bu havalar.

Kim istəsə,

Peşkəş kimi

Mən verərəm

Öz yerimi.

Sənin təki

Nəhəng olmaq

Deyil asan.

Sən də dönüb

Mənim boyda

Olammazsan.

Gücüm çatmaz

Meşələri

Sənin təki

Saxlamağa.

Dələ dedi

Sonra dağa:

Bax, sənin də

Gücün çatmaz

Şam qozunu

Sındırmağa.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)