Şəhidlər barədə şeirlər – ORXAN RƏHİMLİ

Rate this item
(0 votes)

 “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Rəhimliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ORXAN RƏŞİD OĞLU RƏHİMLİ

(28.04.1994.-16.10.2020.)

 

Oğuz rayonunun Xaçmaz kəndindən olan, Mirzə Fətəli Axundov adına Xaçmaz kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Şuşa rayonu.

Dəfn yeri:  Oğuz rayonunun  Xaçmaz kəndinin  Şəhidlər Xiyabanı.

 

ÜRƏKLƏRDƏ SEVGİ GÜLÜTƏK BİTDİ

“Qarabağsız bu həyat hamımıza məhbəsdi,

Qarabağ arzulardı, yaşamağa həvəsdi,

Səbrin də bir həddi var, səbr etdik, daha bəsdi,

-Qarabağı özümüz azad eyləməliyik.

 

ADNSU-nu bitirib mühəndis olsam da mən,

Heç sevinə bilmirəm, axı dardadır  Vətən,

Vətən nədir?-anlamaz, hər nadan, yoldan ötən,

-Qarabağı özümüz azad eyləməliyik.

 

Bu yurdun oğlu deyil, qandan, ölümdən qorxan,

İstər dağ-dərə olsun, istərsə dərin yarğan,

Dostlarla söhbətində belə deyirdi Orxan,

-Qarabağı özümüz azad eyləməliyik.”

 

Orxan böyük inamla sarılaraq silaha,

“Ya Qarabağ, ya ölüm, başqa yol yoxdur daha”,

Döyüşdü qəhramantək, inam ilə Allaha,

-Qarabağı özümüz azad eyləməliyik.

 

Yağılara nifrəti  sel kimi aşıb daşdı,

Mərdliklə Füzulidə, Cəbrayılda savaşdı,

Şuşada uca ada-şəhidliyə qovuşdu,

Ürəklərdə solmayan sevgi gülütək bitdi,

Qarabağı bir yolluq Orxangil azad etdi.

 

Doğulmuşdu Oğuzun gözəl Xaçmaz kəndində,

Ayaq izləri qalıb bərəsində, bəndində,

Daim xatırlanacaq Vətənin hər yerində,     

Ürəklərdə təzə-tər sevgi gülütək bitdi,

Qarabağı bir yolluq Orxangil azad etdi.

 

 “Ədəbiyyat və incəsənət”

(03.06.2024)