Şəhidlər barədə şeirlər – ORXAN QASIMOV

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Qasımova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ORXAN RİZVAN OĞLU QASIMOV

(21.01.1996.-27.09.2020.)

 

Bakı şəhərində doğulmuş, əslən Füzuli rayonunun Qacar kəndindən olan, Bakı şəhər Sabunçu rayon 296 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Füzuli rayonu.

Dəfn yeri:  Ramana qəsəbəsi,  Şəhidlər Xiyabanı.

 

İGİD ORXAN

 

Kişi kişi olanda övladı  da mərd olar,

Xain elə xaindir, balası namərd olar.

Rizvan torpaq uğrunda döyüşdü igid kimi,

Qismətə bax, oğlu da ucaldı şəhid kimi.

 

 

Erməni nankorları fitnələr törədəndə,

Rizvan döyüşə getdi, durub baxmadı gendə.

Nə bacardı elədi  o, əsgər libasında,

Bəzən uğur alınmır, vaxtı var qisasın da.

 

Doğma eldən-obadan qaçqın düşmək ağırdı,

Həyat bəzən bayatı, bəzən qorxunc nağıldı.

Rizvanın ailəsi də bu acını dadmışdı,

Tale onları sanki, od-alova atmışdı.

 

Orxan doğulan günü ana necə xoşbəxtdi,

Oğlunu görən zaman ata necə xoşbəxtdi.

Yavaş-yavaş böyüdü, məktəbə getdi Orxan,

Hər dərsdə birinciydi, biliyi ona qalxan.

 

Tələbə biletini fərəhləndi, alanda,

Orxan hörmətli idi, xətirliydi hər yanda.

Oxudu səy edərək neftçi-mühəndis oldu,

Diplomunu alan gün sevincdən gözü doldu.

 

Hərbi xidmət vaxtında gedib xidmətin çəkdi,

Dostları söyləyirdi, “Əhsən, Orxan ürəkdi.”

Qəlblərdə nisgilimiz, var idi- qübarımız,

Hər il Novruz gəlirdi, gəlmirdi baharımız.

 

Nəhayət o gün gəldi, səfərbərlik başladı,

Bütün qoçaqlar kimi qoçaq Orxan başdadı.

Topların, mərmilərin qulaq batırır səsi,

Düşməni çaşbaş salıb Orxangilin dəstəsi.

 

Orxan bir an xəyalən anasıyla görüşdü,

Söylədi: - Gözün aydın, bu sonuncu döyüşdü.

Təmizləyirik bir-bir kəndləri, şəhərləri,

Tezliklə qeyd edərik, inşallah, biz zəfəri.

 

Birdən düşmən gülləsi uçub dəydi Orxana,

Ürəyində söylədi, qəm yemə, əziz ana.

Mən doğma Füzulinin uğrunda şəhid oldum,

Tanıyanlar bilir ki, qorxaq yox, igid oldum.

 

Mütləq xilas olacaq doğma Qarabağımız,

Yenə də nur saçacaq, yanacaq çırağmız.

Biz qalib gələcəyik,- deyərək son sözünü,

Çöhrəsi işıqlandı, yumdu qara gözünü.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)