“ADAM QƏHƏTƏ ÇIXIBDIR” -Fikrət Sadığın doğum gününə Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Qan təzyiqi

Bəzi məmurlar kimi
Qalxdığı yerdən
düşmək istəmir,
a kişilər!
Belə-belə işlər!

 

Bu şeir Fikrət Sadığındır. Bir qədər baməzə, sözü üzə deyən, mərdimərdanə, köhnə kişilərdən idi Fikrət Sadıq. 

Bu da onun şeiridir:


Adam qəhətə çıxıbdı,
Özüm-özümlə dərdləşirəm.
Bu da, bir cür ömürdü, 
Mən də bir cür - bəşərəm.

 

Anlamaq dərdi ağır dərddir və ətrafda baş verənlərin mahiyyətini anladıqca, dünyanı olduğu kimi gördükcə insan təkləşir, məcbur qalır ki, özü özüylə dərdləşsin. 

 

Fikrət Sadıq 1930-cu ilin bu günündə - mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə isə orta təhsil aldıqdan sonra 1946-cı ildə Bakıda sənət məktəbini bitirmişdir. Və əmək fəaliyyətinə başlamışdır.

6 il (1946-1952) Naftalanda və Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir. Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü idi. 

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.

Fikrət Sadığın övladları - oğlu, tanınmış yazıçı və ssenarist, Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu və qızı, yazıçı və publisist, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrət indi onun yolunu davam etdirirlər. 

 

ŞÜŞƏ KİMİ

Şuşa yadıma düşəndə,

Qəlbim sınır şüşə kimi.

Görərsən görərmiyəm,

Şuşanı bu qışa kimi.

 

Alınmaz qalaydı, gərək,

Qala da qalaydı gərək!

Şuşa dağılaydı gərək,

Son yaralı daşa kimi.

 

Vaqifin məzarı ağlar,

Ağlar o dərələr, dağlar.

Solub doğma bağça, bağlar.

Bu başdan, o başa kimi.

 

Torpaq dözmür yad təpiyə,

Bax, bu dərəyə, təpəyə.

Çıxıbdı fəryadı göyə,

Kədərli tamaşa kimi.

 

Bu şeir böyük şairin Vətən sevgisinin təzahürüdür. Ömrünün sonuna yaxın xüsusən ürəyi düşmən tapdağında qalmış torpaqlar üçün qübar bağlamışdı. Çox təəssüf ki, o, Şuşanın və digər rayonlarımızın azadlığını görə bilmədi. 

 

ANA DİLİN

Sənin Ana dilin dövlət dilidir,

Sən Ana dilini aləmə bildir.

Yoxsa özgə dildə lövhələr asmaq,

Sənə görə hələ günah deyildir...

 

Kim icad elədi bu yaltaq dəbi?

Bu ikiüzlülüyün nədir mətləbi?!

Özün yaz, özün də oxuya bilmə,

Təki razı qalsın beş-üç əcnəbi.

 

Dünyanı gəz, axtar, gör yad elində,

Bir yazı varmola sənin dilində?

Sən sözdə azadsan, işdə mütisən,

Kiməsə tabesən hər əməlində. 

 

Bu şeirdə şair öz dilinə həqarətlə baxanları cəsarətlə tənqid atəşinə tutur. Çünki belələri ən yüksək mərtəbələrə ucaldıqca ana dilinə arxa çevirirlər. 

 

BİR DAHA KİTAB HAQQINDA

Bir yerdə soruşdum gəlib keçəndən,

Tanıyan olmadı kitabxananı.

Çörək hayındadı cümlə el-vətən

Kitab oxumağa indi vaxt hanı?

 

Lap şair şairin, alim alimin,

Kitabını açmır, dəyişib zaman.

Ən yaxın dostlar da biri-birini,

Ya qəsdən oxumur, ya paxıllıqdan.

 

Ara qarışıbdı, məzhəb itibdi,

Qardaşın qardaşa yanmayır canı,

Sənə nə düşüb ki, bu basabasda,

Düşüb axtarırsan kitabxananı.

 

Bu günlər heç kəsi bəyənmir heç kəs,

Hamı özəl olub, güdür özünü.

İndi mərifət bir qəpiyə dəyməz,

Kitab, kitabxana dedi sözünü.

 

İndi oyun gedir, sərvət oyunu,

Hər tində bank çıxır qarşına sənin.

Bir də kitabxana gəzib soruşma,

Yoxsa, söz qəhətdi başına sənin. 

 

Bu isə Fikrət Sadığın kitaba münasibətin dözülməz həddə çatması ilə bağlı keçirdiyi narahatçılığın təzahürüdür. Kitab mənəvi yüksəlişin təməlidirsə, ona ögey münasibət mənəviyyatsızlığa yuvarlanma deyilmi? 


BELƏ DÜNYANI NEYNİRƏM

Hər yerdə yol kəsir yolu,

Belə dünyanı neynirəm.

Yolu yolkəsənlə dolu,

Belə dünyanı neynirəm.

 

Adamları ikiüzlü,

Dili teyxa haça sözlü.

Üstü açıq, altı gizli,

Belə dünyanı neynirəm.

 

Otları var acı, şirin,

Məskənidir, xeyrin, şərin.

Adlatmasıdır bəşərin,

Belə dünyanı neynirəm.

 

Yolçu yolda - necə olar,

Günü - gündüz, gecə olar.

Yol qurtarar, o heç olar,

Belə dünyanı neynirəm.

 

Səfası çox, vəfası yox!

Cəfası çox, səfası yox!

Qadağa çox, rəvası yox!

Belə dünyanı neynirəm.

 

Haqdır, demir düz deyənə

İşıq vermir gözləyənə

Şərikdir şər söz deyənə,

Belə dünyanı neynirəm.

 

Bu gəraylı - yeddibənddi!

Birər dərddi hər bir bəndi.

Bu  - açılmaz qıfılbəndi,

Belə dünyanı neynirəm!

 

Və ən nəhayət, bu şeirində Fikrət Sadıq üzüdönük dünyadan, onun cılızlaşan insanlarından şikayətlənir. 

Şair düzü düz, əyrini əyri yazır, eynən yüz il öncə həmyerlisi Sabir yazan kimi. 

Ruhun şad olsun, böyük insan, böyük şair!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)