“İndi qaranlıqdan keçir bütün xəyallar…” - Təranə Dəmirin şeirləri Featured

Rate this item
(2 votes)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin şeirlırini təqdim edir. 

 

I

Gecə yenə qaşqabağını töküb durub,

Kim bilir nə acığı var dünyaya.

Buludlar bir  tərəfdə bardaş qurub oturub .

Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .

Külək qudurub,

Gör necə ulayır gecənin başı üstündə ac yalquzaq tək.

Torpaq bir qat qabıqdan,

Ağaclar yarpaqdan çıxır.

Dəniz yaxasını açıb qaçır sahilə ,

Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.

Bir şair tənhalığın acığını varaqdan çıxır .

Təzə abzasdan köhnə yaralar boylanır,

Hamısının da üstü açıq.

"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.

Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...

Nağıl kimi....

 

II

İndi  qaranlıqdan keçir

 bütün xəyallar, 

"Ulduz"lar bir gecəlik qonaqdı.

Köhnə havanı oynayır təzə arzular,

Əl çalmaq yasaqdı.

...Torpaq yağışı arzulamır,

Əslində buludlar torpağa acdı.

...Pəncərəsi açıq evlərin 

sirrini  küləklər yayır,

 Bağlı qapılar qeybətə möhtacdı.

..İndi sevgilər bu gündən yox, 

sabahdan asılır.

Ona görə də çox vaxt

"Azadlıq" sözü dırnaq arasında yazılır.

 

III

Bu çiçək xəzan görməyib,

Bu çiçəyin yaz vaxtıdı.

Bu çiçəyin işvə satan,

Bu çiçəyin naz vaxtıdı.

 

Məhəbbətlə dillənib bu,

Sığallanıb, tellənib bu,

Gör nə gözəl güllənib bu ,

Bu çiçəyin qız vaxtıdı.

 

Ətrindən vüsal tökülür,

Qoynundan bahar tökülür, 

Ləçəyindən bal tökülür,

Bu çiçəyin söz vaxtıdı.

 

Baxırsan, çölə yaraşır,

Taxırsan, telə yaraşır,

Dərirsən, ələ yaraşır,

Bu çiçəyin göz vaxtıdı.

 

Hamıdan gözəl bu çiçək,

Günəşdə süzər bu çiçək,

Yaxın gəl, küsər bu çiçək,

Bu çiçəyin küs vaxtıdı.

 

Bu çiçək xəzan görməyib,

Bu çiçəyin yaz vaxtıdı.

Bu çiçəyin işvə satan,

Bu çiçəyin naz vaxtıdı.

 

IV

Qaçaqaçla bir günü də bitirdik,

Alımıza, verimizə min şükür.

Boş ümidlə nəfsimizi öldürdük, 

Dərdimizə, sərimizə min şükür.

 

Kim yubandı, kim tələsdi vaxtına?

Kim sevindi, kim ağladı baxtına?

Kim yıxıldı, kim oturdu taxtına?

Göyümüzə, Yerimizə min şükür.

 

Gülə-gülə yola verdik şeytanı,

Pozammadıq oğru qoyan qaydanı,

Yenə qaçdıq, boş gördülər meydanı,

Xeyrimizə, şərimizə min şükür.

 

Qarnımızı doyurdular söz ilə,

Allatdılar başımızı "döz" ilə,

Belə getsə oyanmarıq yüz ilə,

Ölümüzə, dirimizə min şükür.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)