POETİK QİRAƏTdə Faiq Hüseynbəylinin “Birdir” şeiri

Rate this item
(1 Vote)

Poetik Qiraətdə bir neçə gün ardıcıl sizlərlə Faiq Hüseynbəyli görüşür. 

Ruh və hissiyyatın poeziyası, dərin lirika, irfanilik - şairin şeirlərinə xas olan səciyyəviliklərdir.

Xoş mütaliələr!

 

*

Kimsə kimsədən üstün deyildir,

Çoban da birdir, sultan da birdir.

Birgədir Onun adı eşq ilə,

Bu canda birdir, bu təndə birdir. 

 

Qoca dünyadı, ixtiyarlanıb,

Səsi karlaşıb, sözü korlanıb...

Alan aldanıb, satan varlanıb,

Alan da birdir, satan da birdir. 

 

Mələk solunda, fələk sağında,

Tikanlar bitir sevgi bağında.

Papaq altında, fil qulağında,

Oyaq olan da, yatan da birdir. 

 

Ömür şərbətin içən də insan,

Sirat körpüsü keçən də insan...

Öz qismətindən qaçan da insan,

Uduzan da bir, udan da birdir. 

 

Bütün aləmə axan işıqla,

Səmadan Yerə yağan işıqla,

Şəfəq yerindən doğan işıqla,

Qürub yerində batan da birdir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)