Beynəlxalq Buker Mükafatının qalibi niyə JENNY ERPENBECK oldu? Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Sirr deyil ki, ədəbiyyat üzrə ən ali mükafat Nobel mükafatıdır, ondan sonra isə ikinci sırada Beynəlxalq Buker Mükafatı (The International Booker Prize) dayanır. 

Və mən böyük maraqla bu gecə qalibin  adının açıqlanmasını gözləyirdim. 

 

Aprel ayında elan edilən şort list məni əsla təəccübləndirməmişdi. İlin əsas ədəbi hadisə müəllifləri orada təmsil olunurdu. 

Selva Almada (Argentina), ispancadan  tərcüməçisi Annie McDermott (İngiltərə);

Jenny Erpenbeck (Almaniya), almancadan tərcüməçisi Michael Hofmann (Almaniya).

Və sual olunurdu, kim qalib gələcək, Avropa, yoxsa Amerika? 

Düzü, məni Jenny Erpenbeck və onun “Kairos” romanı daha çox cəlb edirdi. 

İndi isə nəticə barədə:

Alman yazıçısı Jenny Erpenbeck “Kairos (Kayros)” romanına görə 2024-cü ilin Beynəlxalq Buker Mükafatına layiq görüldü. Londonda - Teyt Modern qalereyasında keçirilən mükafatlandırma mərasimi zamanı (biz mərasimi canlı olaraq mükafatın saytından izləyirdik) münsiflər heyətinin sədri, kanadalı yazıçı Eleanor Vaxtel qeyd etdi: “Sədr qadın, qalib qadın, amma bu o demək deyil ki, bu, feminizmin təntənəsidir”. Eleonor Vaxtel qeyd etdi ki, Jenny həqiqətən təkrarsız yazır. 

Qalib 50 min funt-sterlinq (təxminən 63 min dollar) məbləğində mükafat alacaq. Qaydalara uyğun olaraq, Erpenbeck pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi, alman şairi Michael Hofmann ilə bölüşməyə borcludur.

Qeyd edək ki, 2023-cü ildə Bukeri irlandiyalı yazıçı Pol Linç “Peyğəmbərin nəğməsi” romanına görə qazanmışdı.

 

Qalib gələn roman - yəni, “Kairos” 1980-ci illərdəki Şərqi Berlindən olan gənc bir qadın və yaşlı bir kişi arasındakı dağıdıcı əlaqədən bəhs edir. Bu aşiqlərin tarixi Şərqi Almaniyanın idealizminin iflasının təcəssümü kimi qəbul edilə bilər. "Kairos"da müəllif yalnız ümid və məyusluq haqqında deyil, həm də Azadlıq, sədaqət, sevgi və gücün mahiyyətini açmağa çalışır.

Qeyd edim ki, Jenny Erpenbeck həm də rejissordur. Uşaqlıqdan bəri dünyası ədəbiyyatla bağlı olub,  atası, filosof və yazıçı Jon Earpenbeck və anası, tərcüməçi Doris Kilias sayəsində qızcığaz ədəbiyyatı sevib. Yazıçı yaradıcılığına teatr tamaşalarına ssenari yazmaqla başlayıb. İlk ədəbi əsərlərini isə 1990-cı illərdən nəşr etdirməyə başlaylb. 

Erpenbeck Thomas Mann mükafatı da daxil olmaqla Almaniyada bir sıra prestijli mükafatların sahibidir. 2024-cü ildə Beynəlxalq Booker nominasiyası karyerasında ikinci oldu. Birincisi 2018-ci ildə "Get, Get, Gone" kitabı üçün baş tutmuşdu. 

Deməkmiş, insan hissləri robotlaşan dünyada diqqət cəlb edirmiş ki, hisslərdən yazan qadın ən prestijli mükafatı qazana bildi.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.