“Bu yaz davalıdı…” - İnqilab İsaqın vəfatına Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.

 

İnqilab İsaq "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Bir çəmənin çiçəkləri", "Obaları gəzə-gəzə", "Ümidə borclu dünya", "İndi elə təkəm ki” və digər kitabların müəllifidir. 

Və istərdik onun ömrünün son dönəmində yazdığı iki şeirini sizlərə təqdim edək:

 

Səbrsiz oturmuşam...

 

Gülmə dərdimə, gülmə,

Gül-çiçək bağladıqca.

Göyün üzü nə çəkir,

Yer üzü ağladıqca...

 

Yollar yoluma ümid,

Yollar qəbrimə açıq. 

Buda belə ömürdü

Çəkmir hələ ki, aclıq...

 

Bu bəxt də qaragünlü,

Günahları ağ olmuş.

Ölə-ölə yerimə,

A dərdləri sağolmuş...

 

Görmürsən, göz-gözəyik

Tanışammı, yadammı?

Nədən, adam güzgülər

Göstərməyir adamı?...

 

Məndən xəbər-ətər yox,

Köhnə, təzə yaşımda.

Səbrsiz oturmuşam,

Yenə səbrin daşında...

 

Bu yaz davalıdı

 

Çiçəyi çırtlayan çiçək ədası,

Küləyə qoşulub qaçar bir azdan...

Puçurlar çırpınan ətcə quşdumu? 

Keçirər ehmalca köçünü yazdan...

 

Boy-boya barlanan pöhrələrə bax,

Süd daman torpaqda-ana döşündə.

Tövşəyən addımın niyyəti yanlış...

Könül atlandıqca yar görüşünə.

 

Çiçək havasında adam uçurmuş,

Bənövşə ətrinə salam verməyə.

Quzeydə təklənən qış sınaqları,

Güneydə yer tapmır təslimdi deyə...

 

Qəlbimdə közərər həsrət nisgili

Bu yaz buludunu çəkər haraya? 

Təntidir qanımı Şuşa nəfəsim,

Ayrılıq yolları düşən havaya.

 

Bu yaz davalıdı, hələ davada,

Tapmayır özünü pozulan səhman.

Qanını üstümə tökmək istəyir,

Lalə yanağında bitirdiyi qan.

 

Üzər sızıltılar istəklərimi,

Bu bahar beləcə açar çiçəyi...

Cığırlar fikirli, yollar fikirli

Boyum sarılar haçan çiçəyi?

 

“Bu yaz davalıdı” deyən şair elə yaz ayında dünyasını dəyişdi. 

Qeyd edək ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)